Ənvər Seyidəliyev Səlim Müslümova Əliyunus Mütəllimovun hərəkətinə görə cavab verməli olub
Ağsuda ailə-klan hakimiyyəti qurulduğu, bütün qohumların vəzifə başına gətirildiyi sirr deyil. Bunu təkcə biz yox, elə rayon camaatı da təsdiq edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevin Ağsunun icra başçısı olmasından sonra meydana çıxmış mənzərə isə mütəmadi olaraq mətbuatın da gündəminə gəlir.
Amma bu günlərdə rayonda aranın qarışmasına, daha doğrusu, icra başçısının ən yaxın adamlarından birinin atdığı addımın yaratdığı qalmaqal Seyidəliyevin başına bəla olub. Ağsu sakini, iinci qrup əlil Şənlik Hüseynov mətbuata müraciət edərək, üzləşdiyi problem barəsində danışmışdı. O vurğulamışdı ki, Ağsu Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunus Mütəllimov tərəfindən təhdid edilir. Hətta onu ölümlə hədələyirlər.
İlk baxışdan bunun bir qədər şişirdilmiş fikir olduğu qəbul edilsə də, Mütəllimovun BTV-yə verdiyi açıqlamasında işlətdiyi ifadə əlilin dediklərini təsdiqlədi. Çünki Ağsu SMM-in direktoru açıqlamasında bəyan etmişdi ki, həqiqətən də o, Şənlik Hüseynovu öldürmək üçün axtarır. Hərçənd sonradan fikirlərinin təhrif oldunduğunu deyən mərkəz direktoru bununla vəziyyətdən çıxmağa çalışsa da, alınmayıb. Ona görə ki, söz artıq rəsmi mövqe olaraq yayımlanıb və ortada səs yazısı da var.
Ə.Mütəllimov vəziyyətdən çıxmaq üçün daha bir addım atmaq qərarına gəlib. Bu dəfə o, haqqında yazan 6 saytı məhkəməyə verməyi planlaşdırır. Və bunu da belə əsaslandırır ki, onun fikirlərini konteksdən çıxarıblar. Üstəlik, o da deyilir ki, saytları məhkəməyə vermək ideyasını ona elə Ağsunun icra başçısı Ənvər Seyidəliyev məsləhət bilib. Çünki…
Əldə olunan məlumata görə, Əliyunus Mütəllimov Ənvər Seyidəliyevin ən etibarlı adamlarından biri olmaqla yanaşı, həm də qohumudur. Rayonda bəzi maliyyə, pul işlərini də bu şəxsin həyata keçirdiyi iddia olunur. Bəzi bilgilərdə isə onun icra başçısının «qara qutusu» olduğunu da vurğulanır. Məlumatda qeyd edilir ki, nazir Səlim Müslümova təqdimatında da icra başçısı Mütəllimovu yüksək səviyyədə xarakterizə edib və ona zamin dayanıb. Amma məlum məsələdən sonra nazir öz dayısından izahat tələb etməyə başlayıb. Çünki indiki məqamda yeni təyin olunduğu nazirliyin adını qaldırmaq istəyən Səlim Müslümov belə bir vəziyyətin öz rayonunda baş verməsinə görə, şübhəsiz, tənbeh olunacağının fərqindədir. Üstəlik, əgər, öz doğmaca rayonunda qayda-qanun yarada bilmirsə, ona yuxarıların da etimadı xeyli aşağı olacaq.
Elə bu səbəbdəndir ki, Müslümov dayısı da olsa, icra başçısı Ənvər Seyidəliyevi danlayaraq, onu tənbeh edib. Və bu cür halın sonuncu dəfə baş verməsinə dair iltizam alıb. (jam.az)
Məsələ ilə bağlı adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.