Prokuror Seymur Həziyə 6 il iş istədi VİDEO

23-01-2015, 19:03   
Prokuror Seymur Həziyə 6 il iş istədi VİDEO
«6 il az deyildi? Mənim İlham Əliyevə elədiklərimin yanında 6 il nədir ki?!»

İşi aparmış müstəntiq məhkəmədə acınacaqlı duruma düşdü; vəkillər iş materiallarındakı saxtakarlıqları ifşa etdilər

“Azadlıq” qəzetinin şöbə müdiri, eləcə də peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə Abşeron Rayon Məhkəməsində təxminən iki aydır davam edən proses başa çatmaq üzrədir. Dünən məhkəmə istintaqı başa çatdı, dövlət ittihamçısı çıxış edərək, Seymur Həzinin 6 il azadlıqdan məhrum edilməsini istədi.

Amma prokurorun çıxışından əvvəl iclasda maraqlı dindirmələr oldu. Iki şahid ifadə verdi ki, onlardan da biri bu iş üzrə istintaqı aparmış müstəntiq, Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev idi. Müdafiə tərəfi şöbənin başqa bir müstəntiqi Fuad Nəsirovun da məhkəməyə dindirilməsini istəmişdi. Çünki əvvəlki məhkəmə iclaslarında dindirilmiş şahidlərin dediklərindən belə aydın oldu ki, hadisə yerinə baxış protokolunu işi aparan müstəntiq yox, Fuad Nəsirov hazırlayıb. Amma protokolun özündə bu haqda heç bir qeyd yox idi. Bunun qanun pozuntusu olduğunu nəzərə alan vəkillər Fuad Nəsirovun məhkəməyə çağırılıb, məsələyə aydınlıq gətirilməsini istəmişdilər.




Hakim Şövkət Nəcəfova bildirdi ki, Abşeron Rayon Polis Şöbəsindən məhkəməyə arayış daxil olub. Göstərilib ki, Fuad Nəsirov ambulator qaydada müalicə olunduğundan məhkəməyə gəlməyəcək.
Dünənki məhkəmə iclasında Ceyranbatan qəsəbəsinin sakini olan Müşfiq Quliyev də şahid qismində dindirildi. O, ifadə verməyə başlamamışdan əvvəl məlum oldu ki, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Ona görə hakim məhkəmə binasında olan və dindirilmə növbəsini gözləyən müstəntiq Bilal Nəbiyevi çağırıb, həmin şəxsin həqiqətən Müşfiq Quliyev olub-olmadığını soruşdu. Məsələ burasındadır ki, Müşfiq Quliyevin adı ibtidai istintaq zamanı müstəntiqin dindirdiyi şahidlərin siyahısındadır. Bilal Nəbiyev həmin şəxsin Müşfiq Quliyev olduğunu təsdiqlədi.

Cəbrayıldan məcburi köçkün olan və Ceyranbatandakı bələdiyyə binasında məskunlaşmış Müşfiq Quliyev bildirdi ki, şəxsi maşını ilə taksi fəaliyyətilə məşğul olur. Həmin gün də maşınla evdən çıxıb Bakı istiqamətində gedərkən qəsəbədə Ceyran abidəsinin yaxınlığında iki nəfərin əlbəyaxa olduğunu görüb, təxminən iki dəqiqə baxandan sonra çıxıb gedib. Bakı-Sumqayıt və əks istiqamətdə sərnişin daşımaqla məşğul olan Müşfiq Quliyevin sözlərinə görə, qəsəbəyə bir də gecə saat 3 radələrində qayıdıb, bir tikə çörək yeyib, Qaxa müştəri aparıb. Orada da avtomobilində nasazlıq yarandığından, təmir üçün 4 gün orada qalmalı olub.

Müşfiq Quliyevin məhkəmədə dedikləri ilə cinayət işinin materiallarında yazılanlar arasında kəskin ziddiyyətlər yarandı. Məsələn, onun istintaqa ifadəsində göstərilib ki, təxminən 20 dəqiqə davaya tamaşa edib, Seymur Həzinin əlindəki butılkanı Məhərrəm Həsənovun başına vurduğunu, onun zərbədən yıxıldığını, Seymurun bundan sonra da onu yerdə təpiklədiyini görüb. Vəkillər bu ziddiyyəti aydınlaşdırarkən şahid bildirdi ki, o, ümumiyyətlə, istintaqa belə bir ifadə verməyib: “Mən heç nə yazmamışam. Nəyi görmüşəmsə də, burada danışdım. Mən 20 dəqiqə heç evdə otura bilmirəm, qalmışdı hansısa davaya baxmaq olsun. Uzağı iki dəqiqə dayandım, sonra sürüb çıxıb getdim işimin dalınca. Mənim bəxtim belə şeylərdə yaxşıdır deyə, dava-dalaşdan uzaq durmağa çalışıram. Xirtdəyə qədər borcun içindəyəm, gecə-gündüz borcu necə qaytarmaq haqqında düşünürəm. Ona görə işimin dalınca çıxıb getmişəm. Mən nə butılka görmüşəm, nə də təpikləmə. Üstəlik, bir şərəfsiz də adıma kredit götürüb deyə, borcun içində lap batıram. Borca görə biləyimi kəsdim, iki ay xəstəxanada yatdım”.

Şahid vəkillərin suallarını cavablandırarkən onu da qeyd etdi ki, Bilal Nəbiyevi ilk dəfə indi görür. Bu da vəkilləri təəccübləndirib. Cinayət işinin materiallarına görə, müstəntiq Bilal Nəbiyev istintaq zamanı Müşfiq Quliyevi şahid qismində dindirib. Amma Müşfiq Quliyev bildirir ki, onu ilk dəfə indi görür. Bu məsələyə aydınlıq gətirərkən şahid bir daha vurğuladı ki, o, Seymur Həzinin işi üzrə kiməsə ifadə verdiyini xatırlamır.

İşin istintaqını aparmış müstəntiq Bilal Nəbiyev dindirilərkən ona cinayət işinin materiallarındakı ziddiyyətlər haqda suallar verildi. Məsələn, məhkəmədə dindirilən polislər bildirmişdilər ki, onların dördü də birlikdə Abşeron Rayon Polis Şöbəsinə gedib, eyni gündə ifadə veriblər. Amma iş materiallarındakı protokollarda onların müxtəlif tarixlərdə dindirildiyi göstərilib. Bilal Nəbiyev bunu “mexaniki səhv” kimi qələmə verdi.

Və yaxud, onun istintaqını apardığı iş üzrə protokolu başqa bir müstəntiq Fuad Nəsirovun hansı səlahiyyətlə tərtib etdiyi soruşuldu. Polis Şöbəsinin ististaq bölməsinin rəisinin bu qanun pozuntusuna cavabı belə oldu: “Mən eynəksiz yazıb-oxuya bilmirəm, ona görə də diqtə elədim, Fuad yazdı”.
Vəkil Adil Ismayılovun Bilal Nəbiyevlə sual-cavabından sonra aydın oldu ki, müstəntiq cinayət işi başlamamışdan əvvəl atmalı olduğu addımların heç birini atmayıb. Məsələn, tərəflərin izahatı alınmayıb. Elə növbətçi hissənin raportu əsasında birbaşa cinayət işi başlanıb.

Başqa bir ziddiyyət isə saat məsələsində ortaya çıxdı. Elə Bilal Nəbiyevin özünün yazdığı sənədlərdə göstərilib ki, hadisə 29 avqust saat 12.30-da baş verib. Hadisə yerinə baxış protokolunda qeyd olunub ki, sənədin yazılması 29 avqust 13.10-da başlandı, 13.30-da başa çatdı. Belə çıxır ki, 12.30-dan 13.10-a qədər - cəmi 40 dəqiqə ərzində Seymur Həzi ilə Məhərrəm Həsənov dalaşıblar, polislər onları saxlayaraq, Ceyranbatandan Xırdalana - Abşeron Rayon Polis Şöbəsinə gətirib, burada raport yazılıb, müstəntiq özünün iki iş yoldaşı və Məhərrəm Həsənovu da götürüb yenidən Ceyranbatana - hadisə yerinə gedib. Heç nəzəri baxımdan da bu, mümkün olan iş deyil. Bu ziddiyyətə Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi olan Bilal Nəbiyevin özünəməxsus izahı oldu: “Tez-tez saata baxmaq qocalıq əlamətidir. Ona görə də mən saata baxmıram...”

Seymur Həzi bu yerdə məhkəməyə izahat verərək bildirdi ki, hadisə baş verən gün o, şöbəyə gətiriləndən sonra axşam müvəqqəti saxlama təcridxanasına aparılana qədər müstəntiq onunla birlikdə olub, heç yerə getməyib: “Amma iş materiallarına baxanda belə görünür ki, guya, siz həmin gün hadisə yerinə baxış keçirməyə getmisiz, şəkil çəkmisiz və s. Söz tapmıram deməyə...”

Hadisə yerinə baxış protokolu ilə bağlı daha bir ziddiyyət ortaya çıxdı. Vəkillərin suallarına cavab olaraq, müstəntiq bildirdi ki, orada şüşə qırıntıları götürüb qablaşdırıblar. Amma protokolda “şüşə qırıntısı”ndan söhbət gedir. Bilal Nəbiyev bunu da mexaniki səhv kimi izah etdi.

Bilal Nəbiyev ondan əvvəl ifadə vermiş şahid Müşfiq Quliyevlə də üzləşdirildi. Şahid bir daha bildirdi ki, bu adamı ilk dəfə məhkəmədə görür. Müstəntiq isə şahidin yalan danışdığını deməklə kifayətləndi.
Hadisə yerinə baxış protokolunda adı hal şahidi kimi qeyd olunan şahidlər də ötən məhkəmə iclasında bildirmişdilər ki, onlar şüşə qırığı, onun qablaşdırılmasını görməyiblər. Müstəntiq bu ziddiyyətə də eyni cür izah etdi: “Yalan deyirlər”.

Bilal Nəbiyevin dindirilməsindən sonra hakim iş materiallarındakı sənədləri, o cümlədən ekspert rəylərini elan etdi və bununla da məhkəmə istintaqı yekunlaşdı.

Daha sonra çıxış edən dövlət ittihamçısı Əhəd Ibrahimov Seymur Həzinin 6 il, Məhərrəm Həsənovun isə 9 ay azadlıqdan məhrum edilməsini təklif etdi. Prokuror çıxışında bildirdi ki, Məhərrəm Həsənov məhkəməyə ifadəsində təqsirini etiraf edib, bu da yüngülləşdirici haldır. Vəkil Adil Ismayılov isə dedi ki, Məhərrəm Həsənov belə bir ifadə verməyib. Əksinə, o, özünü təqsirli bilmədiyini deyib.

Dövlət ittihamçısı çıxışını başa çatdırandan sonra Seymur Həzinin özünəməxsus replikası oldu: “Müəllim, 6 il az deyildi? Mənim Ilham Əliyevə elədiklərimin yanında 6 il nədir ki?!”

Məhkəmə prosesi yanvarın 27-də vəkillərin çıxışı ilə davam edəcək.



AXCP sədri Əli Kərimli Seymur Həziyə dövlət ittihamçısının 6 il həbs cəzası istəməsinə münasibət bildirib. Əli Kərimli facebook səhifəsində yazır:

“Bu gün (22 yanvar - red.) dostlarla birlikdə Seymur Həzinin məhkəməsində iştirak etdik. Prokuror sifarişə uyğun olaraq Seymur Həzinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Cinayət işindən, onun necə quraşdırılmasından bəhs etməyəcəyəm. Aydın məsələdir ki, Seymur bəy sifarişlə həbs olunub. “Azərbaycan saatı”ndakı cəsarətli çıxışlarına, “Azadlıq” qəzetində rejimi ifşa edən tirajlı yazılarına görə ondan qisas alırlar. Seymur bəy həm də cəmiyyəti susdurmaq kampaniyası çərçivəsində həbs olunan dostlarımızdandır. 100 minlərlə insanın danışan dili olan yazarı, cəsarətli müxalifətçini həbs edirlər ki, digərlərini də qorxutsunlar. Əminliklə deyə bilərəm ki, rejim Seymur bəyi həbs etməklə qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyəcək. Seymur bəy çox mərd və cəsarətli mübarizə adamıdır.

Bu gün (22 yanvar- red.) gərək məhkəmədə olub, prokurorun 6 il həbs istəyini onun necə saymazyana qarşıladığını görərdiniz. Seymur bəylə məsələ aydındır. Onu tanıyanların başqa gözləntiləri yoxdur. İnanıram ki, o bütün bu sınaqlardan şərəflə, daha da möhkəmlənərək çıxacaq. Seymur bəyin valideynləri də çox cəsarətli, iradəli, mərd insanlardır. Onlar haqlı olaraq oğulları ilə, oğullarının mübarizə əzmi ilə fəxr edirlər. Onun doğru yolda olduğuna və sonda qalib olacağına inanırlar. Ürəklərində acı çəksələr də, övladlarına zülm edənlərin qarşısında sızıldamırlar. Seymur bəyin atası Qarabağ uğrunda döyüşlərin könüllü iştirakçısı olub. Vətən, millət sevgisinin nə demək olduğunu, insanı nələrə sövq etdiyini yalnız kitablardan oxumayıb, özü yaşayıb. Ona görə də oğlunu yaxşı başa düşür.

Ölkəmiz üzərindəki bu qara buludlar dağılacaq. Dövlətimiz və millətimiz aydınlığa çıxacaq. Amma təəssüf ki, bütün bunlar qurbanlarsız, məhrumiyyətlərsiz olmur. Bu ağır irtica illərində xalqın yolunu aydınlatmaq üçün özlərini şam kimi yandıran, xalqımızın bu mərd, mübariz övladlarını tanıyaq, onlara arxa, dəstək olaq!”.

Aytən[media=https://www.youtube.com/watch?v=ceD7L2-cpsU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.