Hikmət Hacızadə: «Corc Soros İlham Əliyevlə görüşdə insan haqları məsələsini qaldırmasaydı, bu barədə məlumat verməzdi»
Dövlət başçısı Ilham Əliyevin “Soros Fondu”nun təsisçisi Corc Sorosla görüşdən sonra yayılan təzadlı məlumatlar maraq doğurur. Əgər Azərbaycanın rəsmi təbliğat strukturları görüşdə əsas müzakirə predmetinin Azərbaycandakı inkişaf prosesinin olduğunu iddia etsə də, görüşdən sonra Sorosun verdiyi bəyanat tam əks-fikir yaradır.
Görüşdən dərhal sonra Soros Fondu Azərbaycandakı repressiyalarla bağlı bəyanat yayıb. Bu isə onu deməyə əsas verir ki, Sorosla Əliyev arasındakı görüş gərgin keçib, qaldırılan məsələlərlə bağlı razılıq əldə olunmayıb. Bəyanatda qeyd olunur ki, Soros Əliyevlə görüşdə onu rəhbərlik etdiyi ölkədə repressiyalara son qoymağa çağırıb.
Bu bəyanatdan dərhal sonra hakimiyyətin nəzarətində olan KIV-lərdə Soros əlyehinə kampaniya başlayıb. Bəzi KIV-lər iddia edir ki, Soros Əliyevdən müəyyən xahişlərdə bulunub və buna rədd cavabı aldığına görə Azərbaycanı hədəf seçib. Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov isə bəyan edib ki, Sorosun arxasında duran dövlətlər var: “Sorosun arxasında duran dövlətlər var və onu maliyyələşdirirlər. Sorosun marağı olmasa, hər hansı bir hərəkətlərə yol vermir. Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda olan məhbusların hər biri bu və ya digər cinayət törətmiş şəxslərdir. Onun tutduğu mövqe, üzvü olduğu partiya və yaxud peşə fəaliyyəti bu məsələdə önəm kəsb etmir. Söz azadlığı Azərbaycanda qorunan qədər heç yerdə qorunmur”.
Maraqlıdır ki, Sorosla bağlı ittihamlar bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qələmə aldığı məqalədə də yer almışdı.
Politoloq Hikmət Hacızadə bildirdi ki, hakimiyyətyönlü mətbuatın ziddiyyətli, həqiqətə uyğun olmayan məlumatlar yayması birinci dəfə deyil baş verir: “Hakimiyyət mətbuatı bu tip görüşlər barədə ya özləri məlumat uydururlar, ya da məlumatın bir hissəsini, ümumiyyətlə, vermirlər. Yəni bu yeni məlumat deyil. Corc Soros Ilham Əliyevlə görüşdə insan haqları məsələsini qaldırmasaydı, o, bu barədə məlumat verməzdi. Azərbaycan hakimiyyəti həmişə özünə sərf etməyən müzakirələri, məlumatları qabartmır”.
Xəyal