Cəbhədəki son gərginliyin ilginc pərdəarxası; Münaqişə zonasında hərbi əməliyyatların bərpası riski təzədən artıb; son hadisələrdə yenə “Kremlin barmağı” görünür; təmas xəttindəki, Ukraynadakı gərginlik və Ermənistanda güclənməkdə olan anti-Rusiya ovqatı arasında hansı bağlılıq var?; Xarici “beyin mərkəzləri” də müharibə anonsu verir...
Azərbaycan ordusu ilə işğalçı qüvvələrin təmas xəttində gərginlik son günlər xeyli dərəcədə güclənib. Söhbət Dağlıq Qarabağla yanaşı, həm də Azərbaycan-Ermənistan dövlət sərhədi boyu vəziyyətin gərginləşməsindən gedir. Diqqət çəkicidir ki, bu günlər cəbhə xəttində erməni tərəf ciddi itkilər verməkdədir. Təkcə yanvar ayında düşmən ölkənin 12-dən çox hərbçisi öldürülüb, onlarla yaralısı var.
Dünən düşmənin itkilərin sırasına daha ikisi əlavə olunub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. “Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib. Azərbaycan tərəfi heç bir itki verməyib” - məlumatda deyilir.
Maraqlıdır ki, istər Qarabağ zonası olsun, istərsə də Azərbaycanla sərhəd rayonları, öldürülən erməni hərbçilər arasında zabitlər, kontrakt əsasında xidmət edən muzdlu döyüşçülər kifayət qədərdir. Yəni düşmənin yetərincə peşəkar qüvvələri sarsıdıcı zərbələr almaqdadır və bu, ordumuz adına əlbəttə ki, qürurvericidir. Lakin bəzi təhlilçilərə görə, təmas xəttində müşahidə edilən və vaxtaşırı iri çaplı silahların da istifadə olunmaqla qanlı döyüşlərə keçdiyi son gərginlik hansısa qorxulu planın müjdəçisi də ola bilər.
Təcrübədən bəllidir ki, belə hallarında hamıdan çox Rusiya maraqlı olur. Ötən ilin avqustunda münaqişə zonasında baş vermiş “3 günlük müharibə” də əsas təşəbbüskar kimi Moskvanın “ayağına” yazılmışdı (O zaman - təxribatın ilk günü nə Azərbaycanın Ali Baş Komandanı, nə də müdafiə naziri ölkədə deyildi).
Eyni ehtimalı Almaniya kansleri Angela Merkel iki gün öncə Azərbaycan prezidenti İlham Əliyevlə Berlində keçirdiyi mətbuat konfransında ilk dəfə olaraq öz ölkəsi adından dilə gətirdi. Merkel cəbhədə atəşkəsin tez-tez pozulmasında Rusiyanın rolu olduğunu açıq şəkildə ifadə elədi. Təbii ki, belə bəyanatlar Moskvada qıcıq yaradır. Kanslerin açıqlamasının Moskvada dərhal neqativ reaksiya doğurması buna bariz sübutdur.
Ancaq reaksiyadan asılı olmayaraq erməni-Azərbaycan cəbhə xəttində situasiyanın növbəti dəfə kritik həddə çatdırılmasında yenə ən əvvəl şimal qonşumuz maraqlı görünür. Bu qənaət üçün indi ən azından, üç mühüm səbəb var ortada.
Birinci, Ukraynada (Donbasda) geniş miqyasda hərbi əməliyyatların təzədən bərpası Kremli Qərbin artan təzyiqlərindən yayındırmaq, ümumiyyətlə, beynəlxalq gendəmi başqa mövzularla məşğul eləmək üçün yeni hərbi gərginlik ocağı yaratmaqda maraqlı edə bilərdi. Unutmaq olmaz ki, Rusiya bu gün də imperiyadır və tarix boyu qəliz vəziyyətlərdə müharibə ssenariləri ilə “rahatlıq tapıb”, böhrandan çıxmağa çalışıb.
İkinci mühüm amil qismində axır zamanlar Qərbin, ələlxüsus da Almaniyanın Qarabağ nizamlanmasında daha fəal və təşəbbüskar olmaq, hətta Minsk Qrupu həmsədrliyinə gəlmək istəyi sərgilməsini qeyd oluna bilər. Qarabağ ixtilafının Moskvadan ötrü öncəliklə geosiyasi məsələ, Güney Qafqazda möhkəmlənmək üçün vazkeçilməz amil olduğunu ciddiyə alsaq, mümkündür ki, Rusiya yeni müharibə təhlükəsi imitasiyası yaratmaqla öz əhəmiyyətini, siyasi məzənnəsini qabartmaq, Moskvasız münaqişənin həllinin irreal olduğunu nümayiş etdirmək istəyir. Ayrı sözlə, Rusiya faktorunun məsələdə əsas və hesablaşılmalı güc amili olması barədə Qərbə xəbərdarlıq mesajı çatdırır.
Nəhayət, üçüncü - Ermənistan faktoru: bəllidir ki, Gümrü hərbi bazasının əsgəri Valeri Permyakovun 7 nəfərdən ibarət erməni ailəsini güllələməsindən sonra bu ölkədə ehtiraslar səngimək bilmir. Sadə insanlarda Rusiyaya, onun hərbi bazasına qarşı güclü qəzəb hissi formalaşıb, hətta bazanın ölkə ərazisindən çıxarılması tələbləri səslənir və güclənməkdədir. Yerli rəsmilərin səylərinə baxmayaraq vəziyyət kifayət qədər kritik hala gəlib və siyasiləşərək Moskva əleyhinə yönəlib.
Rusiya rəsmilərinin üzrxahlıqlarına və başsağlıqları da işə yaramayıb. Az qala hər gün Ermənistanda Rusiya bayrağı yandırılır. Etirazları həmçinin, cəbhə xəttindən hərbçi itkiləri barədə gələn xəbərlər də azalda bilmir. Hələ harasıdır, yanvarın 26-da, İrəvanın Azadlıq meydanında Rusiya əleyhinə böyük yürüş planlaşdırılır. Etirazçılar həm Ermənistan, həm də Rusiya rəhbərliklərindən Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edəcəklər.
Forpost Ermənistanda anti-Rusiya ovqatının Moskvadan ötrü belə xoşagəlməz səviyyəyə çatması sonuncuda “nankor erməniləri” cəzalandırmaq imperativi yarada bilərdi. Söz düşmüşkən, bir sıra rusiyalı siyasi və hərbi ekspertlər qızışmış erməniləri yerində oturtmaqdan üçün belə fikirlər səsləndirdilər ki, “Rusiya Ermənistandan əlini çəksə, Ermənistan dövləti yox olar”. İstisna edilmir ki, belə xəbərdarlıqların faydası olmadığından, Kreml müttəfiqini daha sərt şəkildə - cəbhə xəttində döyüş əməliyyatlarına stimul yaratmaqla dərs vermək qərarına gəlib. Belə şeyi isə kim bacarmasa da, ruslar yaxşı bacarır.
***
Bu arada xarici “beyin mərkəzlər” yeni müharibənin daha çox ehtimal edildiyi bölgələr sırasında Dağlıq Qarabağı da tez-tez nişan verməkdədirlər. Belə ki, Ukraynanın vesti.ua saytı 2015-ci ildə dünyada baş verə biləcək müharibələri araşdırarkən bu qənaətə gəlib ki, təzə münaqişə ocaqlarından biri məhz Dağlıq Qarabağ ola bilər (publika.az).
“Ermənistan 2-ci Qarabağ müharibəsindən qorxaraq başıaşağı şəkildə Avrasiya İttifaqına getdi. Bütün bunları heç kim istəmirdi. Lakin dünyada mənzərə dəyişib və 2015-ci il müharibələr ili ola bilər. Bu müharibələr sırasına Uzaq Şərqdə Çin-Myanma, Yaponiya-Rusiya, Avropada Rusiya-Ukrayna, Türkiyə-Yunanıstan, Qafqazda Ermənistan-Azərbaycan və dünyanı yerindən oynadacaq Qərb və Şərq münaqişələri daxildir” , - deyə sayt yazıb.
Əlavə edək ki, az öncə ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının ekspertləri də bu il üçün Qarabağ konflikti zonasında müharibə riskinin yetərincə yüksək olması barədə proqnoz vermiş, bu riski həm də Rusiya amili ilə əlaqələndirmişdilər.
Siyasət şöbəsi