"İlham Əliyev müasir sultanlıq yaradıb"

24-01-2015, 15:13   
"İlham Əliyev müasir sultanlıq yaradıb"

Amerikalı analitik Azərbaycan hakimiyyətinin iç üzünü açdı



Vaşinqton Azərbaycanla münasibətlər məsələsində hansı yolu seçəcək? Əməkdaşlıq üçün yeni yollar axtaracaq, yoxsa Bakıya qarşı sanksiyalar barədə çağırışları nəzərə almalı olacaq? Əgər birinci variant seçilərsə, bu, faktiki olaraq “Azadlıq” radiosunun bağlanması və Azərbaycanda qərb institutlarının təqib olunmasıi ilə barışmaq deməkdirmi?



"Turan"ın Vaşinqton müxbirinin amerikalı analitik Karl Raderlə müsahibəsində bu suallara cavab verilib.

- Dekabrın sonlarında Vaşinqton Post-da dərc olunan yazıda ABŞ administrasiyası “Azadlıq” radiosunun Bakı ofisinə basqını pisləməyə çağırılıb və qeyd olunub ki, bu, həm Azərbaycan, həm də region üçün həyəcanlı xəbərdir. Bəzi müşahidəçilər qeyd edirlər ki, Dövlət Departamenti “Azadlıq” radiosuna hücumla bağlı “narahatlıq” kimi yumşaq ifadələrdən istifadə edir. İnsan hüquqları və azadlıqların boğulması prosesinin davam etməsi fonunda Vaşinqtonun reaksiyasını yetərli hesab etmək olarmı?


- Uzun illərdir mən azərbaycanlı dostlarıma deyirəm ki, gec-tez İlham Əliyev bir səhər yuxudan oyanacaq və amerikalılara deyəcək: “Cəhənnəm olun, gedin”. Bax, indi həmin vaxt gəldi. Hazırda amerikalılar sanksiyalardan (Maqnitski tipli qanun) başqa daha hansı kozırlardan istifadə edirlər? ABŞ-ın özünün “strateji tərəfdaşını” tərpətmək və insan hüquqları məsələsinə münasibətini dəyişdirmək üçün edə biləcəyi az şey var. Mən istənilən halda belə sanksiyalara tərəfdar deyiləm. İlk növbədə, hakimiyyət orqanları ilə dialoqa xitam verildikdən sonra baş verəcək partlayıcı reaksiya səbəbindən.

Mən heç də optimist deyiləm. Lakin etiraf etmək lazımdır ki, Vaşinqtonun cavabı kifayət qədər soyuq olub. Belə ki, Dövlət Deparlamenti “Azadlıq” radiosu, Xədicə İsmayılova, Leyla Yunusun taleyindən narahat olduğunu bütün dünyaya bəyan etməkdə davam edir.

- Azərbaycan prezidenti ilə dövlət katibi Kerrinin söhbətindən bir neçə gün sonra “Azadlıq” radiosuna, vətəndaş cəmiyyəti və mediaya qarşı hücumlar oldu. Eyni zamanda Bakı Amerika ilə strateji tərəfdaşlıqdan danışır...

- Bu cür hallar ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də Amerika və Avropa aparıcı KİV-i Azərbaycan hökuməti haqqında kəskin tənqidi məqalələr dərc ediblər. Buna görə də Bakının reaksiyası əvvəlcədən məlum idi. Beləliklə, Bakıda deyirlər ki, qəzetlər sifarişi Ağ Evdən alıblar.

Azərbaycan hökumətində düşünürlər ki, Amerikada mətbuat ABŞ hökumətinin carçısıdır. Yəni, Azərbaycanda olduğu kimidir. Buna görə də hesab edirlər ki (və belə görüntü yaradırlar) əgər Amerikada böyük qəzetlər prezident İlham Əliyevi tənqid edirsə bu, hakimiyyətin sifarişidir. Məhz bu məqsədlə Konqres QHT-ləri maliyyəşləşdirir ki, Azərbaycan hökumətinə pislik etsin. Yəni, bu QHT-lər və “Azadlıq” radiosu Əliyev hökumətini gözdən salmaq üçün “məkrli beşinci kolon”dur.

Əliyev hökuməti sadəcə olaraq başa düşmür ki, ABŞ öz tərəfdaşını niyə tənqid edir. Bakıda düşünürlər ki, tərəfdaşlıq statusu onlara yüksək immunitet statusu verir və Amerika mətbuatı İlham Əliyevi tənqid edəndə bu, tərəfdaşlıq şərtlərinin pozulması kimi qəbul edilir.

- ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç son məqaləsində qeyd edib ki, Heydər Əliyevin dövrü başa çatıb və ABŞ-Azərbaycan sıx əməkdaşlığı da başa çatıb. Eyni zamanda Bakı Vaşinqtonu Moskva ilə yaxınlaşacağı ilə şantaj edir.

- Rusiya Bakı və Vaşinqton arasında münasibətlərin pozulmasından məmnun ola bilər. Lakin Moskvanın buna təşəbbüs göstərməsi, eyni zamanda Bakının Moskvanın “isti qucağı xumarlanması” barədə heç bir sübut yoxdur.

Biz əlbəttə ki, Putinin vəziyyətdən istifadə edərək Əliyevi öz tərəfinə çəkə biləcəyini gözləyə bilərik. Lakin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov uşaq deyillər və onlar Ramiz Mehdiyevin bunu istəməsinə baxmayaraq, Kreml ilə məsafə saxlamaqda çox maraqlıdırlar.

İkincisi, söhbət Qarabağdan getmir. Mən daim eşidirəm ki, ABŞ-ın Dağlıq Qarabağ problemini həll etməməsindən Azərbaycan məyusluq keçirir. Cəbhə boyunca gərgınliyin artması və Bakıdan digər siqnalların olması ondan xəbər verir ki, ATƏT-in Minsk Qrupunun iştirakı azalacaq.

Ancaq danışıqlar prosesində uğursuzluq özgəfikirliliyi boğmağa, Ramiz Mehdiyevin və rəhbərlikdə digər onun kimilərinin qəzəbinin artmasına əsas vermir.

Bütün bunlara səbəb kimi aşağıdakıları görürəm: İlham Əliyevin uzunmüddətli səylərinə baxmayaraq, hökumətin üst eşelonunda qorxu hissinin olması. Məhz real qorxu Azərbaycan hökumətini irrasional addımlara sövq edir.

Müasir Azərbaycanın böyük faciəsi odur ki, siyasi dialoqun və Azərbaycanın inkişafına böyük töhfə verə biləcək istedadlı kadr potensialı həbsdədir. Suriya tipli qiyam və ya Maydan hadisələrinin təkrarlanması qorxusu qarşısında bu adamlar cinayətkar elan olunublar. Buna görə də, son vaxtlar müşahidə etdiklərimiz, “Azadlıq” radiosunun bağlanması və fəalların həbsi uzunmüddətli proqramın təzahürüdür.

2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev yavaş-yavaş, lakin metodik olaraq ədalətsiz seçkilər, məhkəmə sistemində dəyişikliklər, azad mətbuatın susdurulması daxil olmaqlamüasir sultanlıq yaradıb.

O güman edirdi ki, ABŞ və Avropa ilə yaxşı münasibətləri saxlaya biləcək, eyni zamanda da öz layihəsini həyata keçirəcək.

Etiraf etmək lazımdır ki, günahın bir hissəsi də Vaşinqtonun üzərinə düşür. Çünki Obama administrasiyası Bakıya qarşı münasibətdə ikili mövqe tutub. Nəticədə bir uzun boşluq yaranıb, səfir olmayıb, sonra isə dalana dirənmiş insan hüquqları problemini həll etmək üçün yarımçıq səylər göstərilib.

Daha bir maraqlı aspekt odur ki, Ramiz Mehdiyevin qərb əleyhinə qalmaqallı məqaləsindən sonra prezident İlham Əliyev və xarici işlər naziri susdular. Onlar “Azadlıq” radiosunun bağlanmasına da reaksiya vermədilər.

Düşünürəm ki, Xarici İşlər Nazirliyində bir çoxları baş verənlərin fonunda özlərini rahat hiss edirlər. Və düşünmürəm ki, Azərbaycan rəhbərliyində qəbul olunan qərarlar haqda monolit rəy var.

Tamamilə mümkündür ki, Ramiz Mehdiyevin bu məqaləni yazmaqda məqsədlərindən biri karyerasının tənəzzülü dövründə öz nüfuzunu bərpa etmək arzusu olub. O 76 yaşındadır və belə fikirlər var ki, prezident Əliyevlə müttəfiqliyi təsir sahələrinin bölünməsi - maliyyə, siyasi, və bir çox başqa – üzərində qurulub.

İcazə verin, Donald Lu tərəfindən yazılmış 2009-cu il Wikileaks hesabatından sitat gətirim.

“Biz jurnalistlərin həbsində, müxalifətin susdurulmasında, məscidlərin bağlanmasında, KİV-in, ümumilikdə qanunvericiliyin məhdudlaşdırılmasında, idarəetmə məsələsində Ramiz Mehdiyevin barmaq izlərini görürük".

O, marionetka, yoxsa kukla ustasıdır? Bax, maraqlı olan budur və bu, onun səhhəti ilə bağlı məsələdən də vacibdir..azadliq.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.