Böyük Britaniyanın Azərbaycanda və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycanda Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun birgə layihələri əsasında sayt da fəaliyyət göstərir.
1 ildən artıqdır həyata keçirilən layihə çərçivəsində fəaliyyət göstərən saytla bağlı müxtəlif ittihamlar səslənir. Hafta.az xəbər verir ki, layihə tərəfdaşları İrəvan və Bakıda Polşa səfirliyi və Britaniya səfirliyidir. Saytın əməkdaşları həm erməni, həm də azərbaycanlı jurnalistlərdir.
Onlar Təranə Kazımova, Gagik Baghdasaryan, Rəşad Rüstəmov, Natiq Cavadlı, Sona Kyurkchyan, Azər Nəzərov, Aydın Kərimov, Davit Stepanyan, Marine Martirosyan, Lena Nazaryan, Armen Minasyan, Anar Məmmədli və Artak Barseghyandır.
Eyni zamanda, saytda politoloq Ərəstun Orucludan, Rasim Musəbəyovdan, “Real“ hərəkatının sədri İlqar Məmmədovdan alınan müsahibələr də yerləşdirilib. Müsahibələrin mövzusu Qarabağ münaqişəsinin həlli yolları və beynəlxalq məsələlərlə bağlıdır.
Saytın siyasi ekspertləri arasında yuxarıda adlarını çəkdirdiklərimizdən başqa, Hikmət Hacızadənin, Rauf Mirqədirovun, Turan agentliyinin rəhbəri Mehman Əliyevin, Natiq Cəfərli, Mirvari Qəhrəmanlının da adları var.
Araşdırmamız nəticəsində məlum oldu ki, sayt “xalq diplomatiyası”na xidmət edir. Burada müəlliflərin daha çox beynəlxalq məsələlərlə bağlı müsahibələri və məqalələri yayımlanıb.
Son olaraq aprel ayının 25-də yayımlanan yazıda isə “Region” araşdırma mərkəzinin rəhbəri Laura Bağdasaryan və Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus birgə bəyanatından bəhs edilib. Xarici dildə yayımlanan bəyanatdan bir hissəni Azərbaycan dilində təqdim edirik:
“Biz iki qadın - insan hüquqları müdafiəçisi və jurnalist, Azərbaycan və Ermənistanın anaları, çiyin-çiyinə demək olar ki, 10 ildir xalqlar arasında ictimai dialoq uğrunda çalışırıq.
Biz birgə məqalələr, kitablar və nəhayət ilk və hələ də unikal hesab edilən www.publicdialogues.info saytı vasitəsilə ümumi məqsədimizə xidmət edirik.
Bu saytda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Moldova, Ukrayna, ABŞ və Avropa Birliyi ölkələrinin vətəndaşlarının problemləri müzakirə edilir.
Biz gələcək müharibələrə qarşıyıq. Biz uşaqlarla böyüklərin bir-birilərinə nifrət etməsinə, bir-birilərini öldürmələrini istəmirik.
19 aprel 2014-cü, Azərbaycanda jurnalist Rauf Mirqədirov həbs olundu. O, Ermənistana (AR Cinayət Məcəlləsinin 274 cü maddəsi ilə) casusluqda ittiham edilərək həbs olunub. R.Mirqədirov bizim vebsaytın və eləcə də Ermənistanda keçirilən beynəlxalq internet - konfransların fəal iştirakçısı olub”.
Bəyanatda həmçinin Leyla və Arif Yunusların saxlanılmasından da danışılaraq bildirilir ki, onlar Qarabağ münaqişəsinin həlli istiqamətində çox saylı məqalə müəllifləridirlər.
Bəyanatın sonunda insanlara çağırış edilərək bildirilir ki, “Dəstək” sözünü və məktubunuzu Azərbaycanın güc strukturlarının elektron poçtlarına göndərin. Elektron ünvanlar arasında baş prokuror Zakir Qaralovun və Prezident Administrasiyasının da ünvanları qeyd olunub.