İmişli sakini Lalə Orucova İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
Hadisə yanvarın 23-də olub. Olayı görənlər adlarının açıqlanmasını istəməsələr də, məlumat verməkdən çəkinmədilər.
Şahidlər deyir ki, Lalə Orucova özüylə gətirdiyi yorğan-döşəyi RİH-in binası qarşısında yerə döşəyib və ev və iş təminatı məsələsi həll olunmayana qədər burada yatacağını bildirib.
Polis əməkdaşları və icra məmurları müdaxilə etmək istəyəndə qadın onlara benzinlə dolu şüşə qab göstərib və kimsə yaxınına gələrsə özünü yandıracağını deyib. İcra başçısı ilə görüşdürüləcəyinə və tələbinin təmin olunacağına inandırıldıqdan sonra qadın aksiyasını dayandırıb.
Şahidlər bildirir ki, Lalə Orucova əvvəlcə RİH-in növbətçi otağında polis nəzarəti altında saxlanılıb. Dərhal icra başçısının, polis, MTN rəislərinin, prokurorun və məhkəmə sədrinin iştirakı ilə məşvərət keçirilib.
Lalə Orucova RİH-in inzibati binasından birbaşa İmişli Rayon Məhkəməsinə aparılıb və barəsində 15 sutkalıq inzibati həbs hökmü çıxarılıb.
İcra Hakimiyyəti aksiyanın baş verməyini təkzib edir
Bu barədə ilkin məlumat yayılandan dərhal sonra lent.az İmişli RİH-dən mövqe öyrənib:
“İcra hakimiyyətinin binası qarşısında belə bir hadisə baş verməyib. İmişli rayonunda Meliorator adlı nə qəsəbə, nə kənd , nə də küçə var. Bilmirəm onlar hansı əsasla bu cür xəbər yazırlar. İmişli rayonunda olmayan qəsəbənin adını yazmaqlarından hər şey məlum olur”.
"Olmayan qəsəbə"nin adı dövlət orqanlarının saytlarında da keçir
Lalə Orucova və onun ailə üzvləri uzun müddət İmişlinin “Meliorator” (el arasında “Trest” də deyilir) adlanan yaşayış massivində yaşayıb (hazırda şəhərin “Neftçilər beşmərtəbəsi” adlanan binasında qalırlar). Meliorator “qəsəbə” statusuna malik olmasa da, həm əhali arasında, həm də bəzi dövlət orqanlarının sənədlərində “qəsəbə” kimi işlənir. Məsələn, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində 79 saylı İmişli seçki dairəsinin 1 saylı məntəqəsinin Meliorator qəsəbəsi, A. Şadlinski küçəsi, 22 ünvanında yerləşdiyi göstərilib.
Yaxud, Daxili İşlər Nazirliyinin internet səhifəsində İmişli RPŞ-nin 4 saylı sahə məntəqəsinin ünvanı kimi “İmişli şəhəri, Meliorator qəsəbəsi” nişan verilib (azadliq.org).