Hakimiyyət ABŞ-a qarşı təhqirə keçdi

27-01-2015, 09:50   
Hakimiyyət ABŞ-a qarşı təhqirə keçdi

AMEA-nın müxbir üzvü diplomatik qalmaqala səbəb olacaq münasibət sərgilədi

Azərbaycan hakimiyyətinin ABŞ-la münasibətləri geridönməz xarakter alıb və ABŞ-a qarşı kampaniya küçə səviyyəsinə keçib. Belə ki, hökumət cidd-cəhdlə 20 Yanvar faciəsini də ABŞ-ın üzərinə yükləməyə çalışdı və həmin dövrdə ABŞ senatorlarının Qarbaçova müraciətini gündəmə gətirdi. ABŞ səfirliyi isə ittihamların əsassız olduğunu və ABŞ-ın Azərbaycanda törədilən bu faciə ilə heç bir əlaqəsinin olmadığını bildirdi. Bu açıqlamadan sonra bu haqda müzakirələri dayandırmaq, diplomatik etikanı qorumaq olardı.

Amma növbəti dəfə bu məsələ canlandırıldı və qarşı tərəf təhqirlərlə üzləşdi. Belə ki, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Arif Quliyev “Moderator.az” vasitəsilə amerikalı senatorlara “üzünü tutub” deyir: “Siz doğrudanmı demokratsınız? Separatçıları, terrorçuları dəstəkləyənlər demokrat ola bilərlərmi? Sizlər sadəcə erməni maliyyəsi ilə ulayan yalquzaqlarsınız. Sizlər ermənilərdən də ağır cinayətkarsınız. Siz vəhşiləşmiş erməni cinayətkarlarına havadarlıq etdiyinizə və onların cinayət əməllərini dəstəklədiyinizə görə mənim xalqımdan üzr istəməlisiniz”.

Təbii ki, bir tarixçi alimin tarixlə bağlı fikir bildirmək, faktları təqdim etmək, ortaya mövqe qoymaq haqqı var. Amma açıq şəkildə təhqir etmək, belə ritorika sərgiləmək ayıbdır. Maraqlıdır, tarixçi alim bu məqamları 25 il ərzində niyə üzə çıxarmayıb? Niyə ABŞ-la münasibətlər korlanandan sonra bu qədər canfəşanlıq edir? Əgər doğurdan da ABŞ 20 Yanvar faciəsində hansısa mənada rol oynayıbsa, bunu vaxtında gündəmə gətirmək hər bir tarixçinin borcudur. Tarixə münasibət hakimiyyətin real vəziyyətinə uyğun olaraq sərgilənməməlidir. Belə çıxır ki, ABŞ Azərbaycan hakimiyyətindən demokratiya tələb etməsəydi, tarixçi alimimiz bu alovlu məktubu heç vaxt yazmayacadqı.


Amma isbata ehtiyacı olmayan bir reallıq da var ki, Ermənistanı 25 ildir himayə edən də, bu faciələri törədən də, Qarabağı işğalda saxlayan da və bu münaqişənin həllinə imkan verməyən də Rusiyadır. Amma nə hikmətdirsə, bu alov saçan alimlər məlum həqiqətə alovlu münasibət bildirməyə cəsarət etmirlər.

Vəziyyət o həddə çatıb ki, müxalifətə qarşı istifadə edilən ifadələr indi ABŞ-a qarşı işlədilir. Yəni ortada hansısa təkzibedilməz faktlar, güclü arqumentlər yoxdur. Yalnız ənənəvi ritorika və təhqir var.

Arif Quliyevin “Sizlər sadəcə erməni maliyyəsi ilə ulayan yalquzaqlarsınız” ifadəsi arqumentsizliyin və absurdun pik nöqtəsidir. Belə çıxır ki, ÜDM-i 18 tirlyon olan, ərazisi və əhalisi Ermənistandan 100-lərlə dəfə böyük olan, dünya nəhəngi Amerika, Ermənistanın ianəsi ilə dolanır. Axı, bu qədər cılız arqument ola bilməz. Gecə-gündüz AzTV-nin acından öldürdüyü Ermənistan ABŞ-ı necə maliyyələşdirir? Yəqin, Rusiyaya qarşı sanksiyaları da Ermənistanın diktəsi ilə həyata keçirirlər. Azərbaycan hakimiyyətinin qənaətinə görə, bəşəriyyəti ermənilər idarə edir.

Demokratiya və insan haqlarına nifrət o həddə çatıb ki, absurd ittihamların məsuliyyəti də unudulub. Indi ölkə rəhbərliyindən tutmuş, sıravi alimə qədər hamı ABŞşünas olub. Faciələrin baiskarları isə, ən hörmətli qonaq kimi başda oturdulub.

Hakimiyyətin ABŞ-la münasibətləri bu səviyyəyə çatdırması Azərbaycan üçün heç bir perspektiv vəd etmir. Əksinə, Azərbaycanda hansı zehniyyətin iş başında olduğunu dünyaya bəyan edir. Bu təhqir tendensiyası diplomatiyanın növbəti məğlubiyyətidir.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.