Səfər Əbiyevin ən yaxın adamının həbsinin səbəbi bilindi

7-05-2014, 10:43   
Səfər Əbiyevin ən yaxın adamının həbsinin səbəbi bilindi
Elçin Xəlilovu mənimsədiyi 3 milyonu qaytarmadığına görə tutublar
Səfər Əbiyev tutduğu vəzifədən çıxarılandan sonra ətrafı “krışa”sız qaldı. Nəticə də özünü çox gözlətmədi. Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluğun apardığı araşdırmalar nəticəsində vitse-admiralı Şahin Sultanov da daxil olmaqda 8 yüksək vəzifəli hərbçi həbsə alınıb.

Ötən saylarımızdan birində “N” saylı məxfi hərbi hissənin komandiri Elçin Xəlilovun həbsi barədə məlumat vermişdik. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi E.Xəlilovu Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Redaksiyamıza E.Xəlilovun həbsinin detalları haqda məlumat daxil olub. Aldığımız məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması bildirilib. E.Xəlilovdan həmin vəsaitin geri qaytarılması istənilib. Sabiq nazirin köməkçisi 2-3 gün ərzində həmin vəsaiti geri qaytaracağına söz verib. Lakin 2 ay ərzində vəsait dövlət büdcəsinə qaytarılmayıb. Bundan sonra məsələ ilə bağlı Hərbi Prokurorluğa yeyinti haqda məlumatlar göndərilib.

Məsələ Hərbi Prokurorluqda araşdırılıb və istintaqa dəvət olunan Elçin Xəlilov orada qandallanıb. Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.