Ərəstun Oruclu: “Avropalıların xarici siyasət kursu həmişə bir qədər daha yumşaq olub, nəinki amerikalıların”; Zahid Oruc: “Seçimi Qərb tərəfi edib, siyasi savaşın, informasiya müharibəsinin startını onlar verib”
Azərbaycan prezidentinin Avropaya səfəri və Almaniya baş naziri ilə görüşündən sonra rəsmi Bakının Avropa ilə münasibətlərində yumşalmanın yaranması ilə bağlı rəylər formalaşıb. Bir sıra ekspertlərə görə, Azərbaycan hökuməti hazırda yalnız ABŞ hökuməti ilə anlaşa bilmir. Yeri gəlmişkən, ötən gün deputatlar Səməd Seyidov və Asim Mollazadənin ABŞ-a səfər edəcəyi haqda xəbərlərin yayılması göstərir ki, Bakı Vaşinqtonla dil tapmağa çalışır.
Azərbaycan-ABŞ münasibətləri uzun müddət enerji və təhlükəsizlik sahəsində genişmiqyaslı əməkdaşlıq üzərində qurulub. Lakin son illərdə, xüsusən də son aylarda münasibətlərdə kəskin soyuqluq müşahidə olunmağa başlayıb. Burada nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun da yarıtmaz lobbi fəaliyyəti qeyd olunmalıdır.
Politoloq Ərəstun Oruclu deyir ki, hazırda Avropa və Amerikanın Azərbaycana münasibətində ciddi fərq yoxdur, sadəcə Avropada xarici siyasət kursu nisbətən yumşaq olduğu üçün yanaşmada fərq hiss olunur: “Güman etmirəm ki, digər təşkilat və ya dövlətlərlə hansısa anlaşma əldə olunub. Yekun anlaşmadan hələ söhbət gedə bilməz. Mən hesab edirəm ki, İlham Əliyevin Almaniya səfəri ətrafında bir az həddindən artıq hay-küylü təbliğat aparıldı. Əslində orda hansı uğurun olması haqda məlumat yoxdur. Kansler Angela Merkelin Dağlıq Qarabağın işğal faktı və Ermənistanın Rusiya ilə əməkdaşlığı haqda danışmasından başqa.
İstisna etmirəm ki, Amerika rəsmilərindən kiminləsə görüş olacaq. Ancaq baxır o görüşdə nələr müzakirə olunur.
Mən əminəm ki, Avropa dövlətləri və institutları Azərbaycandakı insan haqları məsələsini gündəmdən çıxarmayacaqlar. Ona görə ki, bu tələblər Avropa qurumları tərəfindən irəli sürülüb, Avropa Parlamentinin qətnaməsində öz əksini tapıb. Bu baxımdan güman eləmirəm ki, bunun üstündən belə asanlıqla keçəcəklər. Sadəcə olaraq avropalıların xarici siyasət kursu həmişə bir qədər daha yumşaq olub, nəinki amerikalıların”.
Politoloq bildirdi ki, ABŞ uzun illər Azərbaycan hökuməti ilə enerji və təhlükəsizlik sahəsində yaxından əməkdaşlıq edib, lakin indi situasiya dəyişib və Vaşinqtonun gündəminə insan haqları, demokratiya mövzular gəlib: “Baxmayaraq ki, ABŞ uzun illər Azərbaycanda baş verənlərə göz yumub və demək olar ki, bütün əməkdaşlığı enerji sahəsində, təhlükəsizlik və terrora qarşı mübarizə sahəsində əməkdaşlıq blokları üzərində qurub, prioritet istiqamət kimi. Ancaq indi bu bəndlər mən deyərdim ki, gündəmdən çıxıb və artıq dünyada neft və qazla kimisə təəccübləndirmək mümkün deyil. Hələ yaxın bir neçə ildə nələrin olacağı, neftin taleyinin necə olacağı bəlli deyil. Digər tərəfdən, Azərbaycan və ABŞ arasında Əfqanıstandan çıxarılan NATO və ABŞ qoşunlarının daşınması ilə bağlı əməkdaşlıq vardı. Azərbaycan tərəfi bundan da sui-istifadə elədi. Nəinki ölkədəki vətəndaş cəmiyyəti institutlarını, medianı dağıtdı, hətta ABŞ-ın müxtəlif institutlarını ölkədən qovub çıxardı. İndi artıq hərbi əməkdaşlıq sahəsində də qarşıya qoyulmuş vəzifələr başa çatıb. Şübhəsiz ki, bu gün üçün prioritet məsələ insan haqları, demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının durumudur”.
Ə.Oruclu deyir ki, ABŞ-ın Azərbaycana yönəlik siyasətində təzyiq elementi olsa da, istənilən halda daxili ictimai rəyin təsiri var və mərkəzi hakimiyyət istər-istəməz hökumətə məsafəli yanaşır: “Bir çox hallarda bunu bir siyasi təzyiq vasitəsi kimi təqdim edirlər. Düzdür, bu da var və heç kim bunu inkar eləmir. Amma sadəcə olaraq Azərbaycandakı vəziyyət elə bir kritik həddə çatıbdır ki, Qərb siyasətçilərinin özləri bunu görməyə bilmirlər. Eyni zamanda cəmiyyət, media imkan vermir. Məsələn, dünən (sırağa gün) “Vaşinqton Post” qəzetində prezident Obamanın diktatorlarla əməkdaşlığı və yumşaq münasibət göstərməsi çox kəskin şəkildə tənqid olunub. Və aydın məsələdir ki, ABŞ prezidenti “Vaşinqton Post”un yazdığına reaksiya verməyə bilməz. Çünki ABŞ demokratik ölkədir, orda prezidenti Mərkəzi Seçki Komissiyası təyin eləmir, seçicilər seçir. Eyni zamanda o, təkcə özünə görə deyil, partiyasına görə də məsuliyyət daşıyır. Belə məqamlar var. Şübhəsiz ki, bu məsələ gündəmdədir və gündəmdə qalmaqda davam edəcək. Düşünmürəm ki, Azərbaycana münasibətdə ABŞ və Avropa Birliyi fərqli siyasət yürüdəcək. Mən əminəm ki, belə olmayacaq və bu mümkün də deyil”.
Milli Məclisin deputatı Zahid Oruc isə deyir ki, ötən illərdə soyuqlaşan Azərbaycan-Almaniya münasibətləri məhz indi, Avropanın maraqları tələb etdiyi üçün düzəlir: “İndi situasiya dəyişib və gərginlik dönəmi arxada qalıb. Ən azı Almaniya kanslerinə beynəlxalq səviyyəli qurumların rəyləri təsir etmədi. Eyni zamanda Almaniya açıq şəkildə Azərbaycanı öz tərəfinə çəkmək cəhdlərində bulundu. Açıq görünür ki, Ukrayna böhranı ilə bağlı Qərbin maraqlarının əsas daşıyıcısı kimi çıxış edən Almaniya sanki Ukrayna üzərindən daha çox patronajlıq edir və əsas himayədarlıq funksiyasını yerinə yetirir. Bu baxımdan Almaniyanın Rusiya ilə “savaşda” müttəfiqlərə, xüsusən də Qafqazdan olan müttəfiqlərə ehtiyacı var. Bunu məlum mesajlarla göstərən qarşı tərəf hiss elətdirdi ki, Azərbaycanla mövcud olan problemləri tam şəkildə aradan qaldırmaqda maraqlıdır. Təbii ki, bu, bir çoxlarına sərfəli deyil. Münasibətlərin pozulması və tamamilə qarşılıqlı tanımazlıq mövqeyi bir sıra dairələrin mənafeyinə işləyir”.
ABŞ-la da münasibətlərin vəziyyətini tam itirilmiş, hətta diplomatik tanımazlıq halına gəlib çatmadığını düşündüyünü deyən həmsöhbətimizin fikrincə, iki ölkə arasında bir sıra məsələlərdə prinsipial anlaşma yoxdur: “Bunlar özünü media və ictimaiyyətə çıxan səviyyədəki kimi göstərir. Amma əsl həqiqət bu cür deyil. Şübhəsiz ki, regionun geopolitikası tam razılaşdırılmayıb, təhlükəsizlik məsələlərində problemlər qalır. Azərbaycandan strateji seçim tələb olunur. Həmçinin Avropa Birliyi, NATO ilə münasibətlərdə bizdən gözləntilər var. O cümlədən Azərbaycanın İranla əlaqələri həzm olunmur və ABŞ buna yönəlik sərtliyini artırır. Və bu isə QHT sektorunun müdafiəsi, insan haqları və söz azadlığı kimi məsələlərdə özünü biruzə verir. Bu, necə deyərlər məsələnin görünən tərəfidir. Amma arxa planda olan məsələlərin mahiyyəti qeyd etdiyimiz kimidir. Ona görə də “Azərbaycan Amerikadan maliyyələşən fondları ölkədən qovdu, buna görə də münasibətlər belə bir kritik duruma gəlib çatıb” və yaxud da ki, guya “səfirlik binasının tikintisinə ölkə hakimiyyəti tərəfindən maneçiliklər var” kimi rəyləri mən o qəbul eləmirəm”.
Azərbaycanda antiamerikanizm olmadığını və rəsmi Bakının ABŞ əleyhinə siyasət yürütmədiyini xatırladan deputat deyir ki, münasibətlərin bu şəklə gəlib çatmasının arxasında Vaşinqtonun tələbləri dayanır: “Azərbaycanda ABŞ-a qarşı davakar siyasi hərəkatlar hakimiyyət tərəfindən stimullaşdırılmır. Əksinə, bir sıra məsələlərdə anlaşma tapılması üçün normal mövqelər ortalığa qoyulur. Və hesab edirəm ki, bu cəhdlər qarşılıq tapmır. Ona görə də münasibətlər media vasitəsi ilə aydınlaşdırılır. Halbuki bu, ən pis yoldur. Amerika mətbuatında Azərbaycan prezidenti əleyhinə məqalələr dərc etdirmək və tezisləri Departamentdən vermək o qədər də yaxşı praktika deyil. Eləcə də buna qarşılıq verəndə Azərbaycan tərəfi də savaşda maraqlı tərəf kimi görünür. Azərbaycan Amerikadan qopub Rusiya və ya İranın təsir dairəsinə daxil olmaq istəyirsə, o zaman nədən Avropa dövlətləri ilə münaqişəyə girir? Bunun faydasını kimsə əsaslandıra bilər? Ona görə də düşünürəm ki, “biz Avropa cinahı ilə yaxşıyıq, Amerika ilə münasibətlərimiz pisdir” kimi nəticəyə gələndə deməliyik ki, o pisin səbəbi bizim maraqlarımıza bağlı deyil. Seçimi Qərb tərəfi edib, siyasi savaşın, informasiya müharibəsinin startını onlar verib. Mənə elə gəlir ki, özlərinə bəlli olan səbəblərdə də dayanacaqlar”.
//musavat.com/