ABŞ prezidenti öz ölkəsinin vətəndaşları arasında etibarını itirdikdə, bu, bir qayda olaraq, yeni prezidentin gəlişi ilə bərpa olunur. Lakin beynəlxalq miqyasda itirilmiş nüfuz və etibarın bərpası on illərlə zaman tələb edə bilər.
Pentaqonun Yaxın Şərq üzrə sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin belə hesab edir. Rubin çərşənbə axşamı “Trend”ə deyib:
“Təəssüf ki, məhz Obamanın Rusiyaya laqeyd münasibəti öz növbəsində bu ölkəni cəsarətləndirdi və ABŞ-ın Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə başladılar”.
Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının bərpası olacaq:
“ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi “müvəkkil şəxsləri”nin təhdid və təcavüzlərindən müdafiə edirik”.