Lal-dinməz parlamentdən qurtulmağın tək yolu

29-01-2015, 10:38   
Lal-dinməz parlamentdən qurtulmağın tək yolu

Hakimiyyət 4 seçkinin nəticələrindən çıxış edib də cəmiyyətin və beynəlxalq birliyin istəklərini, nəhayət, ciddiyə alacaqmı? Növbəti seçkilərin ssenarisinə pozitiv korrektələr zamanı çatıb...

Azərbaycan parlament seçkiləri ilinə daxil olub. Lakin hələ ki, ölkədə heç bir şey növbəti seçki kampaniyasının yaxınlaşdığının müjdəçisi deyil. Qarşıdakı seçkilərə nəinki cəmiyyət, hətta siyasi elita da (iqtidar və müxalifət) yetərli önəm vermir. Müvafiq surətdə ölkə KİV-ləri mövzuya zəruri maraq ayırmır.

Prinsipcə, seçkilərə belə münasibət təəccüblü deyil. Nədən ki, hakimiyyətin məqsədyönlü səyləri nəticəsində normal seçki prosesi xeyli zamandır öz mahiyyətindən uzaqlaşdırılıb.

Bizdəki seçkilər özündə artıq heç bir mübarizə, yarış, plüralizm, alternativlik, çəkişmə və gözlənilməzlik elementi daşımır və öncədən icraçıları məlum, müəyyənləşmiş rolları və nəticələri bəlli formal prosedura çevrilib. Belə formal seçkilərdə təşkilati və təbliğati səylərin səfərbər edilməsinə, auditoriyaya ünvanlı fəal apelyasiyaya, opponentlərlə intellektual polemikaya və ya seçici səsi uğrunda aktiv mübarizəyə xüsusi ehtiyac qalmır.

Bu formal prosesin iştirakçıları və tamaşaçılarının hamısı yaxşı başa düşür ki, KİM seçir, KİMİ seçirlər və NECƏ seçirlər. Seçkilərin bir zəif intriqalılığı yalnız ondadır ki, demək olar, oyunun bütün iştirakçıları istənilən üsulla seçənin şəninə xoş gəlməyə və parlament tərkibinin formalaşacağı siyahının tərkibindəki şans “qəfəsində” möhkəmlənməyə çalışırlar. Seçki oyunu iştirakçıları üçün bütün stimul da elə bundan ibarətdir.

Qarşıdakı parlament seçkiləri ölkə müstəqillik əldə edəndən sonra beşincidir. İlk iki seçki (1995 və 2000) mərhum prezident Heydər Əliyevin dönəminə təsadüf edir. Onlarla bağlı iddialar budur ki, hər iki seçki beynəlxalq standartlardan uzaq, sovet dönəmi üçün xarakterik olmuş parlamentin “siyahılı” formalaşdırılması rejimində keçib. Bununla belə, hər iki seçki kifayət qədər intriqalı olub, fəal mübarizə şəraitində keçib və özündə demokratik seçki yarışının elementlərini daşıyıb.

2005-ci il seçkiləri də istisna olmayıb, hərçənd həmin seçkilər bir qədər fərqli siyasi şəraitdə - beynəlxalq birliyin güclü nəzarəti altında, toplumda inqilabi gözləntilərin artması fonunda və ölkədəki formal yeni hakimiyyət sisteminin “patronajlığı” ilə keçib. Bununla belə, seçki prosesi intriqalı aktiv mübarizə fonunda da olsa, yenə dəfələrlə sınaqdan çıxarılmış imitasiya sxemi üzrə getdi və parlamentin “siyahı” əsasında formalaşması ilə yekunlaşıb.
Hər üç halda, hakim qüvvə seçki prosesinin bütün mərhələlərini sıx şəkildə kontrolda saxlayıb və yekun etibarilə öz istəyinə nail olub. Lakin demokratiyanın imitasiyası kursuna sadiq qaldığından hakimiyyət seçki prosesinə və “arzu olunan” nəticələrə müəyyən plüralistik konturlar daxil eləməyə məcbur idi. Üstəlik, bu seçkilərdə cəmiyyət və müxalifətin aktiv mübarizə resursları, seçki prosesinə inam limiti və nikbin gözləntilər potensialı sanki hələ tükənməmişdi.

O sırada xüsusi görkəmsiz yeri 2010 seçkiləri tutur. Bu xüsusda son parlament seçkiləri bir qədər fərqli tendensiyanın təzahürü oldu. Səsvermənin nəticələrinin ənənəvi saxtalaşdırılmasına, parlamentin “siyahı” əsasında ənənəvi formalaşdırma praktikasına rəğmən, hakimiyyət bu dəfə açıq şəkildə lap əvvəlki sovet təcrübəsinin reanimasiyası və hər hansı plüralizm imitasiyasından imtina yolu ilə getdi. Nəticədə ölkənin ən yeni tarixində ilk dəfə olaraq real müxalifətin yerli-dibli təmsil olunmadığı lal-dinməz parlament yaradıldı.
Formal sovet seçki təcrübəsinə yeni səviyyədə qayıtmaq - Azərbaycanda saxtalaşdırma texnologiyalarının təkmilləşdirilməsi prosesinin məntiqi yekunu sayıla bilər.

Əlbəttə ki, hakimiyyət əvvəlki imitasiyalı seçkilərdə də öz istəyinə çatırdı. Amma özü və cəmiyyət üçün nəyin bahasına? O seçkilərdə nəhəng inzibati və maliyyə resurslarından istifadə eləmək, nəhəng vaxt və sinir enerjisi xərcləmək, repressiv addımlara və qara piara əl atmaq lazım gəlirdi ki, müxalifətin, KİV-lərin, QHT-lərin, elektoratın, beynəlxalq təşkilatların bezdirici fəallığı neytrallaşdırılsın və sonucda arzu olunan nəticəyə çatılsın.

Əvvəlki seçkilər hamını - həm iqtidarı və müxalifəti, həm də cəmiyyəti əldən salırdı, illüziyaları dağıdır, stress gətirir, kolliziyalara səbəb olurdu və mahiyyət etibarilə heç nəyi dəyişmədən hamıya problemlər yaradırdı. Nəticələri qabacadan müəyyən edilən əvvəlki imitasiyalı seçkiləri Qərb mütləq “demokratiya yolunda növbəti addım” kimi qiymətləndirirdi. Beləcə, ardıcıl addımlarla hakim qüvvə nəhayət ki, məntiqi şəkildə formal “sovet seçkiləri”nin ən qənaətcil, ən realist və ən sakit variantına gəlib çatdı, hansı variantda ki, artıq nə qara piara, nə əlavə resurslara, nə aktiv monitorinqə, nə də elektoratın iştirakına ehtiyac qalır.

Əgər qarşıdakı parlament seçkiləri 2010-cu ilin nümunəsi əsasında, formal “sovet seçkiləri”nin stilində keçiriləcəksə, o zaman həmin seçkilərdə rəqabətliliyin və mübarizənin, habelə cəmiyyət tərəfdən ona hər hansı marağın olmayacağını əminliklə söyləmək olar. Yalnız ümid eləmək qalır ki, ölkə rəhbərliyi bu cür sözəbaxan və təşəbbüskarsız parlament təcrübəsindən düzgün nəticə çıxaracaq, cəmiyyətin və beynəlxalq birliyin istəklərini nəzərə alacaq, ölkənin bütün həyati vacib sahələrində real və mərhələli islahatların təxirəsalınmaz zəruriliyi haqda düşünəcək, habelə bu zərurətdən dolayı qarşıdakı parlament seçkiləri ssenarisinə pozitiv korrektələr edəcək. Ancaq hələ ki, bu hiss edilmir.

*****

Arayış üçün:

1995-ci ilin parlament seçkiləri: qarışıq sistem üzrə keçirilib -100 majoritar, 25 proporsional mandat. Sənəd verən 12 partiyadan seçkilərə 8-i buraxılıb. Demokratik müxalifət düşərgəsi yalnız iki partiya ilə - AXCP və AMİP-lə (Müsavat və digər müxalifət partiyaları seçkilərə buraxılmayıb) təmsil olunub. Parlamentdəki 100 majoritar mandata 1040 nəfər iddiaçı olub, lakin MSK onlardan yalnız 387-ni seçkiyə buraxıb. Namizədlərdən yalnız 10%-i müxalifəti təmsil edib, yerdə qalanlar - formal bitərəflər də daxil - iqtidarın nümayəndələri və tərəfdarları olub.

Bütün seçki komissiyaları hakim partiyanın inhisarçı nəzarəti altında olub. Seçkinin nəticələri əsasən saxtalaşdırılıb. Parlament faktiki, qabaqcadan Prezident Aparatında hazırlanmış siyahılar əsasında “seçilib”. Müxalifət üst-üstə 10 mandat alıb. Qərb çəkingən tənqidlə kifayətlənib və seçkiləri demokratiya yolunda növbəti addım sayıb.

2000-ci ilin parlament seçkiləri: majoritar və proporsional deputat mandatlarının nisbəti eyni olub. 20-dən çox partiya seçkidə iştiraka can atıb, onlardan yalnız 13-ü MSK-yə imza vərəqələrini vaxtında çatdıra bilib. MSK öncə seçkiyə cəmi 5 partiyanı (Müsavatı, ALP və ADP-ni yenə kənarda saxlamaqla) buraxıb. Az sonra ABŞ və Avropa Şurasının təkidi ilə bütün 13 partiya seçici səsləri uğrunda mübarizəyə buraxılıb.

100 majoritar yerə 1040 iddialı olub, MSK onlardan 409-nu seçkiyə buraxıb. 1995-ci ildə olduğu kimi, majoritar namizədlərin əksəriyyəti - 320 namizəd hakimiyyətin nümayəndələri və ya tərəfdarı olub. Seçki komissiyaları Avropa Şurasının təzyiq ilə şərti paritet əsasında formalaşdırılsa da, seçkiyə az qalmış komissiyaların tərkibinə hakimiyyətin mövqeyinin güclənməsinin xeyrinə dəyişikliklər edilib.

Seçkilər yenə də ciddi saxtalaşdırma rejimində (iqtidar siyahıları üzrə) keçib. Seçkidə qələbəyə iddialı olan, fəqət 15 mandat alan demokratik müxalifət nəticələri tanımamaq barədə qərar verib. Müxalif deputatların bir hissəsi mandatlardan imtina eləsə də, başqa bir hissəsi parlamentin fəaliyyətinə qatılıb. Nəticə etibarilə düşərgə Milli Məclisdə yenə 10 mandatla təmsil olunub.

Qərb bu dəfə də hakimiyyətin ünvanına növbətçi tənqidlə yetərlənib və seçkiləri demokratiya yolunda növbəti addım kimi qiymətləndirib. Qalmaqallı seçkilərin nəticələri ilə Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına qəbul edilib.

2005-ci ilin parlament seçkiləri: ilk dəfə olaraq sırf majoritar sistem üzrə keçirilib. MSK demək olar, bütün iddialıları qeydə alıb və seçkiyə rekord sayda - 2060 nəfəri buraxıb (səsvermə gününədək onların sayı 1544 nəfərə düşüb). Əsas siyasi qüvvələr seçkilərə vahid siyahı ilə gedib. Hakim partiyadan seçkidə 430 namizəd iştirak edib. Bütövlükdə isə qeydə alınan namizədlərin təxminən 2/3-i hakim elitanın aşkar və gizli tərəfdarları olub, yerdə qalan 1/3 isə təqribən bərabər nisbətdə müxalifət nümayəndələri və müstəqillərdən ibarət olub.

Bütün seçki komissiyalarına hakim partiyanın təmsilçiləri başçılıq edib, üstəlik, komissiyalarda say üstünlüyü aşkar şəkildə hakim partiyanın tərəfində olub. İlk dəfə olaraq səsvermə zamanı barmaqların işarələnməsi və “exit-poll”dan istifadə edilib. Seçkilərin gedişini 1586 beynəlxalq və 57 min yerli müşahidəçi izləyib. Seçkilər yenə də açıq-aşkar qeyri-demokratik şəraitdə baş tutub və nəticələri əsasən saxtalaşdırılıb.

Demokratik düşərgə yekuna görə, cəmi 7 mandat qazanıb. Müxalifətin əsas qüvvələri nəticələri tanımamaq haqda qərar qəbul edib. Seçkilərin yekunu ilə bağlı Qərbin ilkin dəyərləndirməsi ikili xarakterdə olub. Belə ki, Avropa strukturları və ABŞ öncə seçkiləri beynəlxalq standartlardan uzaq sayıblar, sonra isə, əvvəllərdə olduğu kimi, demokratiyaya doğru növbəti addım hesab ediblər.

2010-cu ilin parlament seçkiləri: majoritar sistemdə keçib. 1412 iddiaçıdan yalnız 690-u qeydə alınıb, onların da mütləq əksəriyyəti hakim partiyanın təmsilçiləri və ya iqtidar maraqlarının lobbiçiliyini edənlər olub. Bütün seçki komissiyalarına əvvəlki kimi, hakim partiyanın üzvləri rəhbərlik edib, üstəlik, komissiyalarda bu partiya aşkar say üstünlüyündə olub.

Seçki kampaniyası 23 günədək azaldılıb. Namizədlərə televiziyada cəmi 4 dəqiqəlik pulsuz efir vaxtı ayrılıb. Seçkilər söz azadlığının məhdudlaşdırılması və toplaşma azadlığına moratorium şəraitində keçirilib. Seçkilərin gedişini 1024 beynəlxalq və 46 mindən çox yerli müşahidəçi izləyib.

Yekun nəticələrə görə, hakim partiya 74 mandat alıb, daha 13 nəfər hakimiyyətə loyal partiyalardan parlamentə düşüb. 38 nəfər isə “müstəqil” namizədlər olub. İlk dəfə olaraq, real müxalifət bircə mandat da almayıb. Seçkinin nəticələrinə beynəlxalq qiymət yenə ikili olub: ABŞ onu beynəlxalq standartlara uyğun saymayıb. Avropa Şurası strukturları isə prosesdəki neqativ və pozitivlərin formal icmalı ilə kifayətlənərək, seçkiləri demokratiyaya doğru addım kimi dəyərləndirib.

Zəfər QULİYEV, politoloq
http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.