Dildə deyilənlər əməldə icra olunmayıb
Ölkə başçısı Ilham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrmının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak etdi və geniş nitq söylədi. Ölkə başçısı həmişəki kimi ölkədəki inkişafdan, valyuta ehtiyatlarımızın artmasından, investisiya layihələrindən, uğurlu daxili və xarixi siyasətdən, dünyanın Azərbaycana qarşı ikilistandartlarından geniş danışıb.
Ilham Əliyev eyni zamanda qeyd edib ki, qarşıda bizi ağır sınaqlar gözləyir və buna görə də dövlət strukturları israfçılıqdan uzaq olmalıdır: “Artıq xərclərə yol verilməməlidir. Israfçılığa, ümumiyyətlə, yol vermək olmaz. Nə siyasətdə, nə də iqtisadiyyatda. Buna nəzarət olunmalıdır və hər bir vəsaitdən böyük səmərə ilə istifadə olunmalıdır”-deyə Ilham Əliyev bildirib.
Bugünə qədər məlum olan faktlar, jurnalist araşdırmalarının nəticəsi, beynəlxalq təşkilatların yazdıqları onu göstərib ki, israfçılıq da, vəsaitlərin talan edilməsi də ölkə rəhbərliyinin adı ilə bağlıdı. Yəni ofşor zonalardakı milyardlar da, iri holdinqlər də hakim elitanın aktivindədir. Belə olan halda ölkə başçısı kimə nəsihət verir, kimləri haqq yoluna çağırır? Israfçılıqla mübarizə PA-dan başlamalı deyilmi?
Heç kimə sirr deyil ki, bu ölkədə iri miqyaslı korrupsiya-israfçılıq faktları nəzarət altındadır. Bütün sahələr inhisara alınıb və sıravi vətəndaşların heç bir formada fəaliyyət göstərmək imkanı yoxdur.
Daha sonra ölkə başçısı məmur-vətəndaş münasibətlərindən danışıb və kobud məmurların cəzalanmasından söhbət açıb: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.
Diqqətli oxucular da xatırlayar ki, məmurların hədələnməsi, cəzalanması ilə bağlı fikirlər əvvəllər də səslənib. Ilham Əliyev ilk dəfə 2 il əvvəl bu haqda çıxış etmişdi və məmurların cəzalancağını söyləmişdi. Amma bu müddət ərzində xeyli hadisələr baş verib və hansısa məmurun cəzalandırılmasına rast gəlinməyib. Əksinə, mənfi reputasiyalı adamların vəzifəsi artırılıb.
Ona görə də sual edirik. Cənab prezident, bu illər ərzində hansı iri məmuru cəzalandırmısınız?
Ötən müddətdə Qarabağ qazisi özünü yandırdı, digər Qarabağ qazisi dəlixanaya salındı, “Koroğlu” stansiyasının yanındakı körpü “Intihar körpüsü” adını aldı və bu körpüyə pənah gətirənlərin hamısı məmur özbaşınalığından şikayətçi idi. Hesablama Palatasının hesabatından da aydın oldu ki, bütün nazirliklərdə iri miqyaslı korrupsiya faktları var, 14 saylı cəzaçəkmə müəssisəsində məhbus vəhşicəsinə döyülüb öldürüldü və onlarla digər belə faktlar baş verdi. Amma bu hadisələrə görə heç kim cəzalandırılmadı. Təkcə Elşad Abdullayevin yaydığı videolar Azərbaycanda xeyli vəzifəli şəxsin həbs edilməsini, istefasını zəruri edirdi. Hər gün sadə vətəndaşlar mülkiyyət hüquqlarının pozulması, məmurların sahib olduqları əraziləri zəbt etməsi ilə bağlı şikayət məktubları göndərirlər. Amma heç bir şikayət öz ədalətli həllini tapmır. Məmur qohumlarının polisi döyməsi, vətəndaşı təhqir etməsi kimi hallar da az olmayıb. Hakimlərin ədalətsiz hökm çıxarması, insanların şərlənərək həbs olunması da səlahiyyətli şəxslərin “xidmət”idir.
Amma Ilham Əliyevin baş verənlərə adekvat mövqeyini görən olmayıb. Ölkə başçısı bütün neqativ tendensiyalara “harın məmurlar cəzalandırılacaq” deməklə münasibət bildirib. Nəticədə isə harın məmurlar daha da harınlaşıb. Bugün aylarla məmurun qəbuluna düşə bilməyən vətəndaşlar var. Məmur isə bu ölkədə xalqın çəkisinin olmadığını bildiyi üçün istədiyi kimi hərəkət edir.
Çünki, bütün məmurlar hakimiyyətin xalqa münasibətindən “ibrət” götürür. Onlar bilirlər ki, bu hədələr daxili auditoriyaya hesablanmış addımdır. Əks halda yüzlərlə məmur vəzifəsindən azad edilməli və ya həbsdə olmalıydı.
Yəni Ilham Əliyevin cəza siyasəti cəzasızlıqdan ibarətdir.