AŞ PA-da Azərbaycanla bağlı gərgin müzakirələr

30-01-2015, 10:09   
AŞ PA-da Azərbaycanla bağlı gərgin müzakirələr

Strasburqda Rusiyanın səsini yenə “batırdılar”; AŞ-nin insan haqları üzrə komissarı Nils Muijnieksin sərt çıxışına Rəfael Hüseynov nə cavab verib?; Azərbaycan üzrə yeni həmməruzəçi polşalı oldu; Rusiya Avropanı bu qurumdan çıxmaqla hədələdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yeni qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzadıb. Xatırladaq ki, AŞ PA-da Rusiyaya qarşı sanksiyalar onun ötən il Krımı ilhaq etməsindən sonra qoyulmuşdu.

AŞ PA hətta Rusiya nümayəndə heyətinin səs hüququnu da qaytarmayıb. Halbuki qətnamənin ilkin layihəsində səlahiyyətlər tam bərpa edilməsə də, xoşməramlı addım kimi səs hüququnun bərpası nəzərdə tutulmuşdu. Beləliklə, Rusiyanın Ukraynada sülh planının həyata keçirilməsi ilə bağlı verdiyi vədlərə nə dərəcədə əməl etməsi və nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsinə bir də apreldə baxılacaq.

Xəbərlərə görə, Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı səsvermədə 40 nəfər qərarın əleyhinə, 160 nəfər isə lehinə səs verib. AŞ PA həmçinin ukraynalı qadın Nadejda Savçenkonun dərhal azad edilməsi ilə bağlı Rusiya qarşısında şərt qoyub. Savçenko iki rusiyalı jurnalistin Donbasda qətlində günahlandırılır.

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov isə bəyan edib ki, nümayəndə heyətinin səlahiyyətləri bərpa edilmədiyi üçün ilin sonuna kimi bu qurumdan çıxırlar.

Azərbaycanın bu səsvermədə hansı mövqe tutacağı da maraqla gözlənilirdi. AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qərara münasibət bildirərək deyib ki, Rusiyanı təcrid etmək cəhdləri Avropa Şurası üçün sonun başlanğıcı ola bilər. “Bugünkü Avropa Şurası məhz Rusiya bu beynəlxalq təşkilatın üzvü olduğu üçün mövcuddur. Rusiyanın təcrid etmək cəhdləri böyük ziyan vuracaq və bəlkə də bu beynəlxalq təşkilata son qoyacaq. Ona görə də bu cəhdlər əvvəldən iflasa məhkumdur” deyə, S.Seyidov bildirib. Rusiyaya dəstək verən ölkələrin adları açıqlanıb. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Ermənistan, Serbiya və Kiprin bütün deputatları da var. Avstriya, İsveçrə, Hollandiya və Xorvatiyanın da bir çox deputatları bu qərara qarşı çıxıblar.



Azərbaycan üzrə təyin edilən yeni məruzəçi kimdir?



Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. Komitə üzvləri polşalı deputat Tadeuş İvinskinin Azərbaycan üzrə həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəkləyiblər. Yeni həmməruzəçi T.İvinski 1994-cü ildən Polşanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, Monitorinq Komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədridir. İvinski AŞ PA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir. Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib. Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb. Yeni həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.

Azərbaycanla bağlı müzakirələr: kim nə deyib?



Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braser Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatdır. Bu barədə o, özünün twitter səhifəsində qeyd edib. “Mən Azərbaycanda insan haqlarının pisləşməsindən ciddi narahatam və Azərbaycan hakimiyyətini bir daha öhdəliklərinə hörmət etməyə çağırıram” deyə, o yazıb.
AŞ PA prezidenti hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla görüşündən də yazıb.



Yanvarın 27-də Avropa Şurasında “Azərbaycanda mətbuata basqılar” adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnieks çıxış edib. AzadlıqRadiosunun məlumatına görə, komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb olduğunu deyib. O bildirib ki, Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Mujnieks bunu qisas adlandırıb.
“Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara hücumlar arasında əlaqə açıq- aydın görünür. Məhz bu səbəbdən bu, birbaşa olaraq Avropa Şurasının problemidir”, - o vurğulayıb.(“Turan”)



AzərTAc.ın xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müasir mətbuatın üzləşdiyi bəzi problemlərə toxunub: “Tam azad mətbuat varmı? Mən bu sualı dilə gətirərkən Azərbaycan və yeni müstəqillik əldə etmiş, azad mətbuatı son on illərdə formalaşan ölkələrdən daha əvvəl Amerika Birləşmiş Ştatlarının, Avropanın köhnə ənənəli mətbuatını nəzərdə tuturam. Mətbuata yaxından bələd olan bir insan kimi tam qətiyyətlə bildirirəm ki, dünyanın heç bir yerində heç vaxt 100 faiz azad mətbuat olmayıb. Sadəcə, sərbəstliyin özünün də hər mətbuat orqanında müəyyən çərçivələri var. Avropa Şurası Parlament Assambleyası və Azərbaycan Milli Məclisinə üzv olmaqdan qabaq 10 il müddətində mən ”Amerikanın səsi" radiosunun Azərbaycan üzrə xüsusi müxbiri işləmişəm. Orada da həm mən, həm də həmkarlarım həmişə məhdudiyyətlərin uzun bir siyahısı ilə üz-üzə olmuşuq. Bugünlərdə “The Boston Globe” qəzetində AzadlıqRadiosunun sabiq direktoru Cefri Gedmin “Mərkəzi Kəşfiyyat İdarəsi bəyan etməlidir ki, jurnalistləri ələ almır” sərlövhəli məqalə ilə çıxış etmişdi. O bəyan edir ki, MKİ dünyanın müxtəlif ölkələrində jurnalistlərdən təsir agenti kimi istifadə təcrübəsinə malikdir və bir zamanlar hətta AzadlıqRadiosunu birbaşa bu qurum maliyyələşdirib.

Sonra isə həmin radiostansiyanın maliyyələşmə qaynağı dəyişib. Təbii ki, zahiri dəyişikliklər mahiyyəti dəyişmir. Lakin qəribəsi budur ki, bütün bunları yazandan sonra AzadlıqRadiosunun sabiq şefi iddia edir ki, guya MKİ daha bu işlərlə məşğul olmur və ona görə də bəyanat verməlidir ki, misal üçün, Azərbaycanda həbs edilən jurnalist Xədicə İsmayılova onların casusu olmayıb.

Aydın məsələdir ki, MKİ Cefri Gedmindən daha ağıllı və əsl həqiqətlərə daha yaxşı bələd olduğundan təxminən etirafa bərabər belə bəyanatı qətiyyən verməz. Son illərdə MKİ-nin bilavasitə özünün və eləcə də ayrı-ayrı beynəlxalq təşkilatlardakı agentlərinin vasitəsilə müəyyən jurnalistləri, hüquq müdafiəçilərini, ictimai fəalları təsir dairəsinə salmasını, onlardan kəşfiyyat məqsədləri ilə istifadə etməsini təsdiqləyən çoxlu faktlar var. Həmin şəbəkəyə daxil olan jurnalist, hüquq müdafiəçisi agentlər müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ifşa edilərək həbs olunanda isə MKİ beynəlxalq təşkilatlardakı agentura şəbəkəsinin dili ilə bütün bunları demokratiya, söz, mətbuat azadlığına qarşı hücumlar kimi qələmə vermək üçün hay-küylü kampaniyalar başladır".

Deputat deyib ki, Azərbaycanın mətbuatı azad olmayan ölkə kimi təqdim edilməsi qəbuledilməzdir. Dövlət agentliyi xəbər verir ki, komitə iclasında Rafael Hüseynovun təklifləri əsasında məruzəyə müəyyən dəyişikliklər edilib.

AŞ PA-nın qış sessiyası yanvarın 30-dək davam edəcək.

Xəbər Xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.