Ilham Hüseyn
Əsrimizin Siyavuşu, millətimizin vəkili Siyavuş Novruzov yenə də maraqlı fikirlərə imza atıb. Dəfələrlə yazmışam ki, Siyavuş müəllimsiz YAP çox maraqsız görünərdi. Adam həftədə bir dəfə də olsa bizi təəccübləndirir, qəfil reaksiyalar verir, müxalifətin bostanına daş atır və yeni fikirlər istehsal edir.
Bu dəfə də ənənəyə sadiq qalıb və jurnalistin Milli Şura haqqında sualını belə cavablanıdırb: “Ölkədə Milli Şura adlı bir qurum varmı? Onun mövcudluğu özünü nədə göstərir? Inanın, belə bir qurumun mövcudluğunu nə bilir, nə də xatırlayıram. Belə bir qurum yoxdur. Olmayan bir qurum hansısa seçkidə necə iştirak edə, necə uğur qazana bilər? Bunu anlamıram”.
Çox təsirli fikirlərdi. Görünür, YAP-da işlər xeyli çoxalıb, deputat seçildiyi ərazinin sakinləri ilə xeyli vaxt keçirir, hüquq sahəsindəki biliklərini artırmağa çalışır və nəticədə bəzi məsələlər yadından çıxır. Zarafat deyil, adam bu qədər işin içində “Səfillər” əsərini oxumağa da vaxt tapıb.
Bizim də borcumuzdur ki, amneziyadan əziyyət çəkən deputatımıza xatırlatma edək, yaddaşını geri qaytaraq.
Ey müdrik deputatımız, bu həmin Milli Şuradır ki, bir vaxtlar “Rusiyanın proyekti” adlandırıb ölkəyə səs salmışdınız. Bu həmin Milli Şuradır ki, cənabınız onu “ölü doğulmuş uşaq” adlandırırdı.
Cənab Novruzov, yaddaşınızı qurcalasanız xatırlayacaqsınız ki, bu qurumu çox yaxşı tanıyırsınız. O qədər yaxşı ki, iclas keçirmək üçün məkanı, mitinq keçirmək üçün meydanı bu quruma çox görürsünüz. Təmsil olunduğunuz hökumət Milli Şuranın xeyli üzvünü şərləyərək həbs edib.
Cənab Novruzov, bu həmin Milli Şuradır ki, prezident seçkilərində bu qurumun vahid namizədinin qarşısına 9 namizədlə çıxmışdınız. Bu həmin namizəddir ki, kütləvi karusellərdən, saxtalaşdırmalardan sonra da qutudan qalib çıxmışdı.
Siyavuş müəllim, yavaş-yavaş yadınıza düşürmü?
Əgər yenə də Milli Şura adlanan qurum yadınıza düşmədisə, deməli, vəziyyət çox ağırdır. Bu o deməkdir ki, təmsil olunduğunuz hakimiyyətin sözçüsü olan qəzetləri də unutmusunuz. Çünki, “Səs”, “Yeni Azərbaycan”, “Azərbaycan” kimi hökumət qəzetləri gecə-gündüz Milli Şuranın, bu qurumda təmsil olunan adamların əleyhinə döşəyir. Yəni hörmətli deputatımız öz qəzetlərini də oxumur? Bəlkə, möhtərəm deputatımız hərfləri də unudub.
Biz bacardığımız qədər çalışacağıq ki, Siyavuş müəllimin iri həcmli yaddaşı geri qayıtsın.
Məsələn, Siyavuş müəllim özünə sual verə bilər ki, seçkilər niyə saxtalaşdırılır, azad mətbuat niyə susdurulur və s. Bundan sonra məlum olacaq ki, bütün bunlar real alternativə imkan yaratmamaq üçündür. O zaman “real alternativ kimdir” sualı meydana çıxacaq və Siyavuş müəllim Milli Şuranı xatırlayacaq.
Bütün bunlardan sonra da yaddaşsızlıq qüvvəsində qalacaqsa, möhtərəm deputatımıza Allahdan şəfa diləməkdən başqa əlimizdən heç nə gəlmir.
Ümumiyyətlə, bu itirilmiş yaddaşla parlamentdə təmsil olunmaq da təhlükəlidir. Ola bilər ki, yaddaşını itirmiş deputat qəfil hakimiyyəti korrupsiyada, siyasi məhbus məsələsində ittiham edər. Hökumət də məcbur olub onu hansısa ittihamla həbs edər.
Adam fikirləşəndə tükləri biz-biz olur. Qəfildən bu kişinin halı niyə dəyişdi. Bəlkə, neftin qiymətdən düşməsi, dünya ilə münasibətlərin gərginləşməsi deputatımızı stressə salıb və nəticədə yaddaşı itib?
Milli Şura növbəti toplantısında bu məsələni müzakirəyə çıxarmalı və əsrimizin Siyavuşunu xilas etməyin yollarını axtarmalıdır.