Avropalı komissar Əliyevdən qəti cavab almağa gəlir

30-01-2015, 10:31   
Avropalı komissar Əliyevdən qəti cavab almağa gəlir
Neftin qiymətinin kəskin aşağı düşməsi hakimiyyəti AB ilə əməkdaşlıqda müəyyən addımlar atmağa vadar edə bilər

Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri zamanı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəyini deyib. Komissarın sözlərinə görə, o, Avropa Birliyinin növbəti sessiyasına qədər Azərbaycana səfər etmək niyyətindədir.

Maraqlıdır ki, Azərbaycanla AB arasında münasibətlərin gələcək perspektivləri I.Əliyevin Almaniyaya səfəri zamanı ciddi müzakirə olundu. Məhz bu müzakirələrin nəticəsi olaraq Almaniya kansleri Merkel bəyan etdi ki, I.Əliyevlə aralarında ciddi fikir ayrılığı var. Hakimiyyət təmsilçiləri dəfələrlə bəyan ediblər ki, onlar AB ilə Assosiasiya Sazişinin imzalanmasının tərəfdarı olmasalar da, təşkilatla münasibətləri “strateji tərəfdaşlıq və modernləşdirmə” layihəsi çərçivəsində davam etdirməyə hazırdırlar. Hakimiyyətin təşəbbüsü olan bu layihə isə Assosiasiya Sazişindən fərqli olaraq Azərbaycan hakimiyyətinin üzərinə heç bir öhdəlik qoymur.

Siyasi ekspertlərin fikrincə, uzun illərdən bəri Azərbaycanın Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” çərçivəsində formal da olsa əməkdaşlığı mövcuddur. Ötən illərdə bu prosesdə müəyyən dinamizm olsa da, son bir il ərzində proses faktiki olaraq donub. Azərbaycan hakimiyyətini narahat edən başlıca məsələ Avropa Birliyinin müəyyənləşdirdiyi tələblərdən geri çəkilməməsidir. Qeyd etmək yerinə düşər ki, 2014-cü ilin sentyabrın 18-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunurdu ki, Azərbaycanla münasibətlərdə Avropa Birliyi insan hüquqları məsələsini prioritet kimi diqqətdə saxlamalıdır. Məsələnin məhz bu cür qoyulması Azərbaycan hökumətini ən çox narahat edən problemə çevrilib. Bütün bunlara baxmayaraq güman edirik ki, neftin qiymətinin ucuzlaşması nəticəsində ciddi iqtisadi böhrana doğru gedən Azərbaycan Avropa Birliyi ilə münasibətlərə önəm verməyə məcbur olacaq. Avropa Birliyi Riqa sammitinə müsbət nəticə ilə getmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iştirak edən altı ölkədən 3-ü artıq Assosiasiya Sazişini imzalayıb. Ermənistan Rusiyanın tam nəzarətindədir. Belarus yalnız indi Qərbə reveranslar etməyə başlayıb. Obyektiv gerçəklik ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycan məsələsində müəyyən uğura ümid edə bilər. Baxmayaraq ki, Azərbaycan hökumətinin ölkədə apardığı repressiya siyasəti bu yolda ciddi əngəldir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Azərbaycan hökumətinin ciddi ümid bəslədiyi Avropa Olimpiya oyunlarının qismən boykotu belə ciddi qan-qaraçılıqla nəticələnə bilər. Ona görə bundan ehtiyat edən hakimiyyətin AB ilə münasibətlərdə müəyyən irəliləyişlərə getməsi mümkündür. Unutmaq olmaz ki, neftin qiymətinin kəskin aşağı düşdüyü və ölkənin gəlirlərinin ciddi azaldığı şəraitdə Azərbaycan neftinin ən çox satıldığı Avropa Birliyi ölkələrindən hakimiyyət böyük asılılığını unuda bilməz.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.