Təhlükə yaxınlaşır - ARAŞDIRMA

30-01-2015, 15:32   
Təhlükə yaxınlaşır - ARAŞDIRMA
İŞİD Yaxın Şərqin islam dövlətləri üçün barışdırıcı amilə çevrilə bilərmi?
Yanvarın 18-də Holand yüksəkliyinin Suriya tərəfindən (Əl-Kuneytra rayonu yaxınlığında) hərəkət edən avtomobil konvoyunun, böyük ehtimalla, İsrail İİQ-yə məxsus vertolyotdan buraxılan raketlə vurulması ciddi səs-küyə səbəb oldu və bununla, Yaxın Şərqdəki qüvvələr nisbətində çox maraqlı mənzərə yarandı. Məsələ ondadır ki, raket zərbəsi nəticəsində həlak olanlar arasında Livanın "Hizbullah" təşkilatının 5 tanınmış nümayəndəsi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Məhəmməd Əli Allah Dadi və daha bir neçə iranlı yüksəkrütbəli zabit də vardı. Bundan başqa, hadisə nəticəsində 25 yaşlı səhra komandiri Cihad Muqniyanın də həlak olduğu bildirilir. O, bir çox terror aktlarına görə məsuliyyət daşıyan və 2008-ci ildə Dəməşqdə, ehtimallara görə, İsrail xüsusi xidmət orqanları tərəfindən məhv edilmiş "Kaftar" ləqəbli İmad Muqniyanın oğludur. 3 ay əvvəl Cihad "Hizbullah"ın Holand yüksəkliyi və Suriyadakı qüvvələrinin komandanı təyin edilmişdi. Ekspertlər baş verənlərin regionda ciddi qarşıdurmaya səbəb ola biləcəyindən ehtiyatlanırlar. Bəs, əslində, bu ehtimal, həqiqətən, yüksəkdirmi?

İsrailin budəfəki hava zərbəsinin hədəfi kim olub - "Hizbullah", yoxsa iranlı zabitlər? Bu, hələ ki, məlum deyil. Bəzi məlumatlara görə, israillilərin özləri belə hədəfdə bu qədər yüksək rütbəli hərbçilərin olduğunu bilməyiblər. Onlar yaraqlılardan ibarət adi qrupu zərərsizləşdirdiklərini düşünüblər. Bu cür vəziyyətlərdə olduğu kimi, İran və "Hizbullah" artıq baş verənlərə görə qisas alacaqlarını bəyan ediblər. Nəticədə, İsrail-Livan sərhədinə qoşun yeridilib, yaşayış məntəqələrinin mühafizəsi gücləndirilib, "Dəmir günbəz" sistemi və artilleriya hazır vəziyyətə gətirilib. İİKK-nin lideri Məhəmməd Əli Cəfəri Suriyadakı komandirlərinin öldürüldüyünə görə İsraildən qisas alacaqlarını rəsmən dilə gətirib. "Qoy, indi onlar dağıdıcı ildırımı gözləməkdə olsunlar", - deyə Cəfəri bildirib. Livanın "As-Safir" qəzeti də "Hizbullah"ın da israillilərə cavab verməyə hazırlaşdıqlarını yazır. Məlumata görə, Həsən Nəsrullaha yaxın mənbələr İsrailə cavabın "ağrılı və gözlənilməz" olacağını, amma onun müharibəyə aparıb çıxaracaq həddə çatmayacağını bildirirlər.

Şeyx Nəsrullah üçün çətin seçim

Bəs, niyə davakar "Hizbullah" tammiqyaslı hərbi qarşıdurmadan qaçmağa çalışır? Problem ondadır ki, qruplaşma Suriya münaqişəsində çox dərin bataqlığa batıb. İsrail KİV-də yer alan məlumatlara görə, "Hizbullah" son zamanlar Holand yüksəkliklərinə nəzarəti ələ almağa çalışır. Bu yaxınlarda orada hərəkatın yaraqlılarına məxsus silah anbarları da aşkarlanıb. İsrail indi qruplaşmanın əvvəllər düşünüldüyündən daha çox raketə malik olduğunu da ehtimal edir. Hərbi ekspert, Livan parlamentinin "Hizbullah"dan olan deputatı Valid Sukkari hesab edir ki, Nəsrullah Suriya və İranla birlikdə Holand yüksəkliyində mücahid qoşunu yaratmaqla məşğuldur. Məqsəd İsrailin yerli əhali ilə münasibətlərini normallaşdırmasına imkan verməməkdir. Sukkarinin sözlərinə görə, İsrail öz növbəsində, hətta "Ən-Nusra cəbhəsi" ilə də münasibət qurmağa çalışır. Yeri gəlmişkən, "Hizbullah" liderinin özü məsələni qismən etiraf edib. O, Suriya müxalifətilə vuruşan qüvvələrə yardım və silah göndərdiyini boynuna alsa da, Holand yüksəkliyində - Suriyada "Hizbullah" döyüşçülərinin olmadığını bildirir.

"Hizbullah"ın Suriya münaqişəsində iştirakı Livanın özündə də narazılıqla qarşılanıb. Livanda düşünürlər ki, Nəsrullah Təl-Əvivin əməllərinə cavab olaraq bütünlükdə ölkə İsraillə müharibəyə sürüklənə bilər. "Hizbullah"ın artıq Livandan daha çox İranın maraqlarını dəstəklədiyinə dair fikirlər dolaşır. Yeri gəlmişkən, bəzi müşahidəçilər Livan ordusunun Ər-Riyad tərəfindən dəstəkləndiyini düşünür və bu məqamı nəzərdən qaçırmaq olmaz. Beləliklə, görünən odur ki, Suriya livanlılar üçün ciddi təhlükəyə çevrilib - İŞİD "epidemiya"sı oradan Livana da keçə bilər. Məhz bu üzdən 2014-cü ilin dekabrında "Hizbullah" ilə "Al-Mustakbal" hərəkatı arasında radikal islamçılıqla mübarizə məqsədilə ümumxalq cəbhəsinin yaradılmasına dair danışıqlar aparılıb. Yeri gəlmişkən, sonuncuya 2005-ci ildə qətlə yetirilmiş Livan prezidenti Rafiq əl-Həririnin oğlu Saad Həriri rəhbərlik edir. Beləliklə, İŞİD az qala Livan daxilində barışığa səbəb olacaqdı. Amma gənc Muqniya öldürülməsə idi...

İndi Nəsrullah çətin vəziyyətdə qalıb. O, bu yaxınlarda ərəb telekanallarından birinə müsahibəsində İrandan aldıqları silahlarla öyünür, İsrailin Suriyadakı obyektlərə hücum edəcəyi təqdirdə, "Hizbullah"ın buna cavabının sərt olacağını deyirdi. Deyəsən, indi həmin an yetişib. Amma o da var ki, "Hizbullah"ın bu addımının İsraillə Livan arasında yeni müharibəyə yol açma ehtimalı yüksəkdir. Yeri gəlmişkən, İsraillə "Hizbullah" arasında müharibə, bu üzdən Livanda daxili ziddiyyətlərin dərinləşməsi İŞİD-dən olan radikal islamçılar üçün həyatı xeyli asanlaşdıra, Bəşər Əsədin durumunu isə ağırlaşdıra bilər.

Maraqlıdır ki, bütün bunlar ABŞ-ın dövlət katibi Con Kerri səviyyəsində gözlənilmədən BMT-nin Suriya planını dəstəklədiyi bir vaxtda baş verir. Söhbət Staffan de Misturanın yerlərdə (ilk olaraq Aleppoda) hərbi əməliyyatların "dondurulması"nı nəzərdə tutan planından gedir. Üstəlik, artıq Moskvanın Suriya hökumətilə müxalifəti arasında danışıqlar təşkil etmək cəhdləri də müsbət qiymətləndirilir. Əksər müşahidəçilər Vaşinqtonun bu mövqeyini Ağ Evin Bəşər Əsədin istefası tələbindən əl çəkməyə hazırlaşması kimi şərh edir.

İrana nə sərf edir?

Bəzi müşahidəçilər isə hesab edirlər ki, Livanı İsraillə müharibəyə İran sürükləyir. Bəs, indiki mərhələdə bu müharibə İrana sərf edirmi? Axı, qonşu İraqdan gələn İŞİD təhlükəsi artıq çox yaxındadır və beynəlxalq vasitəçilərdən ibarət "altılıq"la Tehran arasında aparılan Cenevrə danışıqlarının növbəti mərhələsi yenicə başa çatıb. Məlumata görə, tərəflər danışıqlarda ciddi irəliləyişə nail ola bilməyiblər. Amma əksər iştirakçılar görüşün faydalı keçdiyini bildirirlər. Tərəflər danışıqların müddətini iyunun sonunadək uzadıblar. Çünki siyasi razılığa gəlinməsi üçün məsələnin texniki tərəfi də həll olunmalıdır. IRNA agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin müavini Abbas Arakçı ölkəsinin nüvə proqramına dair ümumi razılaşmanın imzalanmasının ABŞ-ın xoş məramı ilə əlaqəli olduğunu bildirib. Vaşinqtonda isə prezident Barak Obamanın xalqa bu yaxınlarda etdiyi müraciətindən də məlum olduğu kimi, Tehrana yeni sanksiyaların tətbiqinə tərəfdar olanlarla, olmayanlar arasında ciddi mübarizə gedir. Məlumata görə, Obamanı yeni sanksiyaların tətbiqinə razılaşdırmaq məqsədilə fevralda İsrailin baş naziri Binyamin Netanyahu şəxsən Vaşinqtona yollanmağı düşünür.

İranın istəklərilə imkanlarını təhlil edən zaman ilin əvvəlində aydın şəkildə ortaya çıxmış iki amil mütləq qeyd olunmalıdır - birincisi, Tehranla Moskva arasında razılaşma, ikincisi Tehran - Ər-Riyad münasibətlərində mümkün yaxınlaşma.

FARS agentliyinin məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehrana bu yaxınlarda etdiyi səfər zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılaşma imzalanıb. Tərəflər İrana ZRK C-300 qurğularının satışı məsələsinə də qayıdıblar. Söhbət ümumi dəyəri, təxminən, 800 milyon dollar olan razılaşmadan gedir. 2010-cu ilin iyununda BMT TŞ-nin qəbul etdiyi 1929 saylı qətnamə İrana raket və raket sistemləri də daxil olmaqla, adi silahların satışını qadağan edir. Bununla əlaqədar olaraq, Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev sentyabrın 22-də İrana sözügedən sistemlərin satışını qadağan edən sərəncam imzalamışdı. Deyəsən, artıq Moskva bu mövqeyinə yenidən baxıb, iranlılar isə Rusiyaya qarşı qəzəbini unudub. Daha bir vacib məqam İranın müdafiə naziri Hüseyn Dehqaninin açıqladığı razılaşmadır. Onun sözlərinə görə, Moskva ilə Tehran xarici qüvvələrin regiona ehtimal müdaxiləsinə qarşı mübarizə haqda da razılığa gəliblər. Nazirin sözlərinə görə, Şoyqu ilə görüşdə terrorla, regionda gərginliyin yaranma səbəblərilə birgə mübarizə məsələlərinə də xüsusi diqqət ayrılıb. Dehqani bu səbəblərdən biri kimi "başqalarının daxili işlərinə qarışan ABŞ-ın destruktiv mövqeyini" göstərib. "Regionda biz ümumi təhlükələrlə, hədələrlə qarşı-qarşıyayıq. Onlara qarşı yalnız birgə mübarizə aparmaq mümkündür", - deyə S. Şoyqu Tehranda verdiyi açıqlamasında bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə İranın ŞƏT-ə üzvlüyünün tamamilə real olduğunu deyib - bunun üçün Tehranın nüvə proqramına dair danışıqlarda irəliləyişə nail olunmalıdır.

İranın 1979-cu il inqilabından sonra münasibət qurmadığı Səudiyyə Ərəbistanına gəlincə, Tehran qəflətən onunla da birbaşa danışıqlara hazır olduğunu bəyan edib. İranlılar bu danışıqların "İran və Səudiyyə Ərəbistanının maraqlarının kəsişdiyi bütün mövzularda aparıla biləcəyini" bildirirlər. "Dinlərarası münaqişə üzündən görünməmiş insan və maliyyə itkilərinin yaşandığı bir vaxtda (biz) qan tökülməsinin qarşısını almalı, İŞİD-in simasında ekstremizmlə və terrorçuluqla səmimi mübarizə aparmalıyıq", - deyə ayətolla Əli Xameneinin təhlükəsizlik xidmətinin rəhbəri və məsləhətçisi admiral Əli Şahmani bildirib.

Yeri gəlmişkən, Şahmaninin sözlərindən belə məlum olur ki, radikal İŞİD özü də istəmədən hətta çoxdankı düşmənləri bir araya gətirə biləcək barışdırıcı qüvvə kimi çıxış edir. Bəs, Ər-Riyadla Tehranın sülhsevər bəyanatları fonunda Yəməndə qəflətən Husi şiələrinin görünməmiş uğuru və faktiki olaraq dövlət çevrilişi törətmələri təsadüfdürmü? Qeyd edək ki, Yəmənin Husi şiələri hər zaman İranın nəzarətində olan qüvvə kimi tanınıb.

"Region Plyus"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.