1977-ci ildə Süleyman Dəmirəl hökumətində Türkiyənin Xarici İşlər Naziri olan Sabri Çağlayangil məxfi şəkildə erməni lobbisinin nümayəndələri ilə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzetinə geniş məqalə dərc olunub. Məqalə müəllifi məxfi görüşlər barədə britaniyalı jurnalist, ABŞ-ın Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas de Vallın “Böyük Fəlakət: Soyqırımın Kölgəsində Türklər və Ermənilər” kitabına istinad edir.
Maraqlı olacağını nəzərə alıb həmin yazını bəzi ixtisarlarla təqdim edirik.
Müəllif yazır ki, Türkiyə XİN-in rəhbəri ilə erməni lobbisinin nümayəndələri arasında ilk görüş Nyu-Yorkda baş tutub. Qeyd edilir ki, illərdi gizlədilmiş bu həqiqəti britaniyalı ekspertə həmin dövr S.Çağlayangilin müşaviri vəzifəsində çalışmış Oktay Aksoy nəql edir. 1976-cı il oktyabrında Nyu-Yorkun “Hilton” otelində baş tutan görüşdə Türkiyə nümayəndə heyəti 3 nəfərlə təmsil olunurdu. Uzun masa arxasında onlarla erməni lobbisinin nümayəndəsi yer alsa da, Türkiyəni yalnız XİN rəhbəri və onun müşaviri təmsil edirdi, üçüncü şəxs isə otelin foyesində keşik çəkən mühafizəçi idi. Amerikada baş tutan gizli danışıqlardan Ağ Ev rəsmilərinin də xəbəri var idi.
Oktay Aksoy bildirir ki, Sabri Çağlayangilin erməni lobbisinin nümayəndələri ilə birbaşa təmasa keçmək üçün özü təşəbbüs göstərmişdi. Nazirin bu canfəşanlığına xüsusi səbəb də var idi. Həmin illər erməni terror təşkilatı olan ASALA üzvləri xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı ard-arda terror aktı həyata keçirirdilər. Bu görüş ermənilərin şərtləri ilə tanış olmaq və onlarla müəyyən barışıq əldə etmək üçün vacib idi.
“Mənim babamın bağ evində ermənilər işləyirdi. Bizim onlarla çox gözəl münasibətimiz var idi. Mənim özümün də uşaqlıqda erməni dostum olub. Bu ASALA hardan çıxdı? Bunun necə qarşısını almaq olardı?”
O.Aksoy deyir ki, bu sualları Çağlayangil erməni lobbisinin nümayəndələrinə unvanlayır. Amma bu suallara cavab tapılmır və tərəflər arasında ikinci görüş barədə razılıq əldə olunur.
1977-ci il noyabr ayının 27-də İsveçrənin Sürix şəhərinin “Dolder Qrand” otelinin yaşıl otağında Daşnaksütun Partiyasının lideri Savaraş Torigyan, Hınçak Partiyasinin lideri Avedis Dəmirçan və Ramaqvar Partiyasının lideri Parounaq Tovmassiyan Türkiyənin Xarici İşlər Naziri Sabri Çağlayangillə gələcək münasibətləri aydınlaşdırmaq üçün bir masa arxasında əyləşmişdilər. Türkiyənin o dönəm baş naziri olmuş Süleyman Dəmirəl və Oktay Aksoydan başqa hökumətdə bu görüşlər barədə heç kim məlumatlı deyildi. Erməni tərəfinə görə gərgin, türklərə görə isə həyəcanlı məcrada keçən danışıqların sonu nəticəsiz qaldı. Tərəflər arasında görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunsa da, 5 həftə sonra Dəmirəl hökumətinin hakimiyyəti təhvil verməsi nəticəsində Türk – erməni dialoqunu tarixin arxivinə qovuşdurdu.
Bu arada, gizli görüşlər barəsində erməni qaynaqlarında da bəzi məlumatlar var. Erməni mənbələri iddia edir ki, Sürix danışıqlarında Sabri Çağlayan çox sərt bir şəkildə bildirib ki, ermənilərə maddi təminat verə bilərik, Türkiyədəki yurd-yuvalarına qayıda da bilərlər, amma onların torpaq iddiası heç vaxt həyata keçməyəcək: “Bu heç bir türk tərəfindən, hətta vətən xaini belə olsa, qəbul edilməyəcək”.