Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda 2 otaqlı mənzildə 7000 tələbəyə «ali təhsil» verilib

7-05-2014, 14:25   

Deputat Bəxtiyar Əliyevin «tələbə ötürdüyü» əsas təhsil ocaqları Xarici Dillər, İqtisad, Bakı Dövlət universitetləri olub

Ötən günlərdə Azərbaycanda 2000-dən artıq şəxsin saxta diploma malik olduğu və onların hamısının yüksək vəzifələrdə əyləşdikləri barədə məlumat vermişdik. Bildirmişdik ki, bu məsələ ilə bağlı araşdırmamızı da sizlərə təqdim edəcəyik.

Bəxtiyar Əliyev "fenomeni"

Deputat, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, BDU-nun aparıcı müəllimlərindən biri olan Bəxtiyar Əliyev həqiqətən də fenomendir. Çünki bu şəxs Bakıda yaratdığı iki otaqdan ibarət «universitet»də heç kimin ağlına gələ bilməyəcək sayda tələbəyə «dərs» verib, onların «ali təhsil» almasını təmin edib.

JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradan Bəxtiyar Əliyev 2007-ci ilə qədər cəmi iki otaqdan ibarət olan «universitet»də 7 min tələbəyə təhsil verib. Etiraf edək ki, bu məsələ dərindən araşdırılarsa, adıçəkilən filial və onu yaradan Bəxtiyar Əliyev «Ginnesin Rekordlar Kitabına» düşə bilər. Çünki bunu etmək həm cəsarət, həm də fenomenal səviyyədə bacarıq tələb edir.

Təbii ki, bu 7 min tələbədən 2000 nəfərini xüsusi olaraq «hazırlayıb» başqa universitetlərə köçürüb. İmkanlı ailələrin uşaqları sayılan və bu gün vəzifə başında olan həmin adamlar əsasən Xarici Dillər, İqtisad, Bakı Dövlət universitetlərinə “ötürülüb”.

«Tələbə köçürmələri» məsələsinə görə, 2007-ci ildə ABU ilə birlikdə bağlanan Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yenidən bərpa etmək mümkün olmur. Amma Bəxtiyar Əliyevin fəaliyyəti bununla yekunlaşmır və o yenə də «tələbə perevodları» ilə məşğtul olmağa başlayır. Təbii ki, bu dəfə fərqli şəkildə.

Karxana olayı və 3 milyon manat məsələsi

JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, Bəxtiyar Əliyev təkcə təhsil sahəsi ilə deyil, həm də başqa işlərlə məşğul imiş. Məsələn, hələ 3 il öncə - 2011-ci ildə Qaradağda “Gülbaxt” karxanası ətrafında baş qaldırmış oyunlardan məhz deputatın əli çıxıb. Məlum olub ki, karxana saxta sənədlərlə 10-dan çox iş adamına satılıb və bu biznesdən 3 milyon pul əldə edilib.

Məlumatlarda deyilir ki, hadisələrin episentrində Cavanşir adlı şəxs dururdu. Onun aldadılan iş adamlarıyla mübahisəsi zamanı çəkdiyi ad əsas səbəbkarı üzə çıxarıb və məlum olub ki, bu deputat Bəxtiyar Əliyevdir.

Qeyd edək ki, Cavanşir onun arxasında dayananın keçmiş deputat Xəlilbəy Günəşov olduğunu deyib. X.Günəşov burda daha çox görünən birinci divar imiş. Ondan sonra isə B.Əliyev gəlirmiş. Onların hər ikisinin adını çəkən Cavanşir adlı “vasitəçi” ondan pul tələb edənlərə “gedin Milli Məclisə, Bəxtiyar Əliyevdən istəyin” deyirmiş.

Daha sonra qeyd edək ki, bu hadisələrdə həbs edilənlərin başçısı Əlövsət Orucov Bəxtiyar Əliyevlə həmyerlidir. Əlövsət Orucovun dəstə üzvləri arasında sabiq spiker Rəsul Quliyevin qohumları ilə yanaşı, əvvəllər də məhkum edilmiş Əlizamin Niyazov da olub. Sonradan məlum olub ki, “vasitəçi” Cavanşir də Əlövsət Orucovla yaxın qohumdur. Eyni zamanda Cavanşir Bəxtiyar Əliyevin də yaxın qohumu olduğu anlaşılır.

BDU-da niyə narahat olublar?

Qeyd edək ki, bu məsələ ilə bağlı yazdıqlarımız artıq BDU rəhbərliyinin ciddi şəkildə narahat etməyə başlayıb. Hətta universitetin rektoru Abel Məhərrəmov səviyyəsində ayrı-ayrı şəxslərlə görüş keçirilərək, «mənbə» axtarışlarına başlanılıb.

Universitet rəhbərliyinin narahat olması üçün təbii ki, yetərli qədər əsas var. İndiyə qədər 2 otaqlı bir mənzildə iki ilə 7000 gəncə «təhsil» verməyin hansı məsuliyyət olduğunu bilmək üçün alim olmaq lazım deyil. Bəxtiyar Əliyevin inanılmaz səviyyədə düşündüyü planın içində BDU rəhbərliyinin də mövcudluğu istisna deyil. Ona görə ki, tələbə köçürmələrinin bir xeylisi BDU-ya edilib. Və bu məsələdən də rektorun xəbərsiz olması mümkünsüzdür.

P.S. Bəxtiyar Əliyevin Gömrük Komitəsinə qarşı apardığı «mübarizə», bununla bağlı səsləndirdiyi fikirlər və həmin tapşırığın kimlər tərəfindən verildiyi, habelə saxta diplom məsələsi ilə bağlı ilginc ayrıntıları yaxın günlərdə JAM.AZ-da oxuya biləcəksiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar