Rusiya-Qərb savaşı yeni mərhələdə: Sanksiyalar sərtləşir, Putin isə geri çəkilmir - FOTOLAR

30-01-2015, 20:58   
Rusiya-Qərb savaşı yeni mərhələdə: Sanksiyalar sərtləşir, Putin isə geri çəkilmir - FOTOLAR
Elxan Şahinoğlu: “Rusiyada indiki hakimiyyət mövcud olduqca, Kreml geri addım atmayacaq”

Ərəstun Oruclu: “Prezident V.Putin güzəştə getməyi məğlubiyyət kimi qəbul edir”

Yanvarın 29-da Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib.

Rusiya rəsmiləri isə Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu açıqlayıblar.

Bəs görəsən, Avropanın daha sərt sanksiyalar tətbiq etməsi nəticəsində Rusiyaya daha hansı siyasi-iqtisadi zərbələr dəyə bilər? Bu sanksiyalar Rusiya prezidenti Vladimir Putini geri addım atmağa vadar edə biləcəkmi?



Musavat.com-a açıqlamasında məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya iddialarından geri çəkilmədikcə, Qərbin sanksiyaları daha da sərtləşə bilər: “Fikrimcə, hansısa sanksiyalar V.Putini mövqeyindən yayındırmayacaq. Qərbin Rusiyadan üç əsas tələbi var. Ukraynanın ərazi bütövlüyünü əməldə tanımaq, separatçılara canlı və texniki dəstək verməmək və Krımın işğalına son qoymaq... V.Putin isə bunlarla bağlı siyasətini dəyişdirmir. Hətta Rusiya Ukraynadakı separatçılara dəstək verməkdən əl çəksə belə, Qərbin digər önəmli tələbi də Krımla bağlıdır. Putin isə nəinki Krımdan, Ukraynanın şərqindəki separatçılara dəstək verməkdən də imtina etmir. Bu isə Qərbi sanksiyaları daha da sərtləşdirməyə vadar edir. Qərb geri addım atmayacaq.

Ola bilsin, Rusiyada kimlərsə, düşünürdülər ki, Krımı işğal etsələr də, bu, onlara elə də baha başa gəlməyəcək. Çünki vaxtilə Rusiya Abxaziya və Asetiyanı da işğal edib, onların müstəqilliklərini tanıdı və bunun qarşılığında Qərb sanksiya tətbiq etmədi. Ancaq Krım başqa məsələdir, burada Rusiya qırmızı cizgiləri aşıb. Fikrimcə, Qərbin sanksiyaları getdikcə sərtləşəcək. Qərb görür ki, sanksiyalar işə yarayır, bu səbəbdən də sanksiyalardan geri çəkilməyəcək. Rusiyada isə nə qədər ki, indiki hakimiyyət mövcuddur, Kreml geri addım atmayacaq. Çünki geriyə atılmış addım V.Putinin mövqeyinə zərbə vura bilər. İnsanlar soruşacaqlar ki, əgər, sona qədər dəstək verməyəcəkdinizsə, niyə bu addımı atdınız? Ona görə də, hər iki tərəfin öz mövqeyində qalacağını əminliklə demək olar. Rusiya elitası da təsdiqləyir ki, orada vəziyyət ağırlaşıb, iqtisadi böhran pik həddə çatıb, qiymətlər qalxıb, ictimaiyyətdə bir narazılıq var.

Ancaq onu da deyək ki, bu narazılıq hələ ki, hakimiyyətə qarşı yönəlməyib. Hələ də Putinin reytinqi yüksəkdir. Buna baxmayaraq, sosial gərginlik davam edərsə, maaş və pensiyalar inflyasiyaya uğrayarsa, bu insanların həyatına mənfi əsir edəcək və onların hakimiyyətə münasibəti də dəyişəcək. Ancaq bu bir qədər zaman alacaq. Çünki yaxın iki ildə Rusiya iqtisadiyyatında irəliləyişin baş verməsi inandırıcı deyil. Hətta neftin qiyməti bir qədər qalxsa belə, Rusiyada vəziyyət dəyişməyəcək. Bunu Rusiya rəsmiləri də etiraf edirlər”.

Elxan Şahinoğlunun sözlərinə görə, Qərb bu münaqişənin uzanmasında və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində maraqlı deyil: “Heç kim Rusiyanın təcrid edilməsində maraqlı deyildi. Əksinə, Avropa Rusiya ilə əməkdaşlıqda maraqlı idi. Rusiyanın atdığı bu düşünülməmiş addımlar ona gətirib, çıxartdı ki, biz soyuq müharibə illərindən də gərgin bir dövrə gəlib, düşdük. B.Obama da ABŞ Konqresindəki çıxışında açıq şəkildə söylədi ki, məqsədləri Rusiya iqtisadiyyatını çökdürmək və Putini hakimiyyətdən salmağa nail olmaqdır. Bu baxımdan, gərginlik davam edəcək. Ancaq Rusiya geri addım atsa, Qərb də sanksiyaları ləğv edəcək. Avropanın özünün çoxlu sayda problemləri var və Rusiya ilə gərginlikdə maraqlı deyil”.

Politoloq bu qarşıdurmanın daha çox ABŞ-ın dünyada rəqibsiz lider dövlətə çevrilmək maraqlarına xidmət etdiyini bildirdi: “Rusiya nüvə dövlətidir. Amerika isə dünyanı ikinci bir güclü dövlətlə birləşdirmək istəmir və fövqəldövlət statusunu qorumaq istəyir. Putinin Amerika ilə rəqabət aparmaq istəyi varsa, Amerika da Rusiyanı zəiflətməklə bu rəqabəti aradan qaldırmağa çalışır və Putin hakimiyyətini yıxmağa can atır. İndiki halda Amerika bunu bacarır. Sanksiyalar və neftin ucuzlaşması Rusiyanı çökdürür. Rusiyanın ümumi itkiləri 200 milyard dollardır. Amerika Rusiyanı cəzalandırmaqda davam edir, Rusiya isə o gücdə deyil ki, Amerikanı cəzalandıra bilsin. Amerikanı çökdürə biləcək bir faktor yoxdur və bu superdövlət neftdən və qazdan asılılı deyil. Amerika istənilən dövlətlə yarışda birincidir”.



Bu mövzuda musavat.com-a danışan Ərəstun Oruclu da Rusiyanın bu sanksiyalar səbəbindən daha böyük itkilər verəcəyini vurğuladı: “Qərbin sanksiyaların müddətini uzatması Rusiya üçün çox ağır nəticələrə səbəb ola bilər. Rusiyaya tətbiq edilən sanksiyaların nəticələrinə diqqət etsək, görərik ki, bu, kifayət qədər effekt verib.

Sanksiyaların uzadılmasının səbəbi Rusiyanın Qərbin tələblərinə nəinki məhəl qoymaması, hətta Ukrayna siyasətini bir qədər də sərtləşdirməsi oldu. Rusiyanın bu davranışı Qərbi sanksiyaları uzatmağa vadar edir. Şübhəsiz ki, bu, Rusiya iqtisadiyyatında daha ciddi əngəllərə səbəb olacaq və belə perspektiv qaçılmazdır.

Ancaq Rusiyanın yaxın zamanlarda Ukrayna iddialarından əl çəkməsi də gözlənilən deyil. Çünki Ukrayna problemi Rusiyanın daxilində artıq hakimiyyət məsələsinə çevrilib. Putin güzəştə getməyi məğlubiyyət kimi qəbul edir və düşünür ki, güzəştə getsə, ölkə daxilində mövqelərini sürətlə itirəcək. Bu səbəbdən də, güzəştə getmir”.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.