Sabiq rəis “kim nə yazır yazsın, məni qətiyyən maraqlandırmır” dedi
Bakı Metropolitenində yoxlamalar aparılması barədə yeni xəbərlər yayılıb. “Azadlıq” qəzeti yazıb ki, metrodakı ticarət və reklamdan gələn gəlirlərin araşdırılması zamanı keçmiş rəis Tağı Əhmədovun maxinasiyalara yol verdiyi üzə çıxıb. İddiaya görə, Tağı Əhmədovun məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.
Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən çıxarılıb.
Bu iddialara aydınlıq gətirmək üçün T.Əhmədovla əlaqə saxladıq. Keçmiş rəis “Yeni Müsavat”a qısa şəkildə “Məni heç nə eşitmək istəmirəm, kim nə yazır yazsın. Məni qətiyyən maraqlandırmır. Bu barədə heç nə bilmək də istəmirəm, vəssalam” deyərək telefonu qapatdı.
“Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı”. Bunu isə axar.az-a Metropolitenin sözçüsü Nəsimi Paşayev T.Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib. N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib: “Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın?
Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur".
Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, 1000-dən çox “ölü can”a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğrudan da həyatını itirmiş şəxslər var.
Daha bir maralı xəbər isə T.Əhmədovun oğlu barədədir.
Məlumata görə, Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
“Azerfax”a bu barədə Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki, onları bu aksiyanı keçirməyə vadar edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun oğlu Rauf Əhmədovdur.
Təşkilat sədrinin sözlərinə görə, Xətai Rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəyib: “Bəxtiyar Kazımov bizim təşkilata müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, "İnşaatçılar" metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar. Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir. Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini davam etdirəcək. Bəxtiyar da 4 bankdan kredit götürüb, tələb olunan məbləği ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da verib".
F.Məmmədov deyib ki, döyüş yoldaşı acınacaqlı durumdadır. Banklar kreditin faizini hesablamağa başlayıb. B.Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq.