Şok: bu kənddə insanlar əriyirlər

7-05-2014, 14:32   
Şok: bu kənddə insanlar əriyirlər
800 sakini olan Araras kəndi dünyanın ən qorxulu, təhlükəli və eyni zamanda, səhiyyə üçün maraqlı məkanı sayıla bilər. Çünki bu məkan misli-bərabəri olmayan problemlər məngənəsində çarpışan insanların yaşadığı yerdir.

Araraslıların istisnasız olaraq hamısı nadir xəstəliyə düçardır. 20 araraslı isə, özləri demişkən, "əriyir".
Braziliyanın mərkəzində, sıx meşəliklər arasında yerləşən kəndin sakinləri ağır və müalicəsi praktiki olaraq mümkünsüz xəstəliyə tutulublar. Mərəz genetikdir.

Araras sakinləri piqmentli kseroderma (xeroderma pigmentosum, XP) sindromunun daşıyıcılarıdır.
Genetik, irsi xəstəlik olan XP-yə tutulan insanların orqanizmində ultrabənövşəyi şüalara müqavimət səviyyəsi aşağı düşür və nəticədə dəridə əvvəlcə piqmentlər, ləkələr yaranır, sonra yaralar əmələ gəlir. Xəstəliyin şiddətləndiyi dövrdə insanın burnu, qulaqları, yanaqları "əriyir", tökülür və orqanizm zahirən eybəcər hala düşür.

XP xəstələrində daha sonra dəri xərçəngi yaranır.
Onkoloq Sulamita Çaybubun dediyinə görə, Araras kəndi beynəlxalq ekspertlərdən ibarət qrup tərəfindən araşdırılmalı, yerli sakinlərin tutulduqları və daşıyıcısı olduqları sindrom təfərrüatlı şəkildə araşdırılmalıdır.

Qoyaniya şəhərindəki "Hospital Geral de Goias" xəstəxanasında aparılan müayinələr də Araras kənd sakinlərinin istisnasız olaraq hamısında piqmentli kseroderma və ya XP sindromunun olduğunu göstərib.
Belə biçarələrdən biri də Araras sakini Calma Antonio Jardimdir.

XP sindromu onun simasını eybəcərləşdirib, gözlərini kor edib.
"İllərdir ki, müayinə olunurdum. Həkimlər mənə deyirdilər ki, qan xəstəliyim var. Pis xəstəliyə tutulduğumu 9 yaşım olanda hiss etdim. Tarlada işləyəndə sanki dərimi sobada yandırırdılar. Günəşin altında qala bilmirdim. Sonra anam dedi ki, onun da qulaqlarının və burnunun çürüməsinin, atamın gözlərinin kor olmasının da səbəbi Günəş şüaları imiş. İndi dərdimə çarə axtarıram. Həkimlər vəd edirlər ki, yaxşı olacaq. Görək də..." - 38 yaşlı Jardim söyləyib.

Onun sözlərinə görə, artıq tarlada və bağda işləyə bilmədiyi üçün aldığı kiçik təqaüdlə, bir də balaca dondurma kafesindən əldə etdiyi pul hesabına dolanır.
Jardim daha sonra bildirib ki, dərisindəki yaralar və şişlərin kəsilib götürülməsi ilə bağlı indiyədək 50-dən artıq cərrahiyyə əməliyyatına məruz qalıb.
Həkimlər isə deyirlər ki, onun bədənində artıq çox ağır formalı dəri xərçəngi var.

Rafael Freyre de Andradenin 8 yaşı olsa da, o, artıq XP xəstəsidir.
Həkimlərin dediklərinə görə, bu bəla ona atasından, 44 yaşlı Deydes Ferreyra de Andradedən keçib.

Kənd məktəbinin müəllimi Qleys Fransiska Maçado və onun 11 yaşlı oğlu Elisonda isə dəri xərçəngi artıq çox ağır formadadır.
56 yaşlı Lasaro Santos da Silvanın dediyinə görə, onlar nə edəcəklərini bilmirlər.

"Küçəyə çıxanda çətirlə çıxırıq. Belə yaşamaq olar?! Axı niyə bizi müalicə etmirlər?! Göz görə-görə əriyirik", - da Silva söyləyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.