“İkinci Qarabağ müharibəsi hər an başlaya bilər”

31-01-2015, 13:09   

Ermənistan hakimiyyəti diqqəti daxildən yayındırmaq üçün hər cür avantüraya gedə bilər; hərbi vertolyotun ardınca pilotsuz təyyarənin qurban verilməsi də bunu isbatlayır
Cəbhədəki gərginlik davam edir. Son sutka ərzində atəşkəs rejimi ümumilikdə 79 dəfə pozulub. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq zamanı isə erməni tərəfi yenə də təxribata cəhd göstərib.

Həmçinin yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilməsinə həmsədrlərdən də reaksiya gəlib. “Dağlıq Qarabağda, qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə edilməsi təxribatdır”. APA-nın məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb. “Tərəflər gərginliyi azaltmalıdır”, - deyə amerikalı diplomat vurğulayıb. Göründüyü kimi, amerikalı diplomat da ermənilərin həyasızlığına etiraz ifadə edib. Ermənistan hakimiyyəti diqqəti daxildəki vəziyyətdən yayındırmaq üçün çeşidli təxribatlara əl atır.

“Son günlər Qarabağda və Ermənistan-Azərbaycan sərhədində gərginlik çətin ki, irimiqyaslı hərbi əməliyyatlara keçsin”. Bunu isə deputat Rasim Musabəyov “Turan”a müsahibəsində deyib: “Vaxtaşırı gərginliyin artması və azalması baş verir. Bu mənada fövqəladə heç nə yoxdur. Lakin düşünmürəm ki, yaxın vaxtlarda bu, ağır texnikanın tətbiqilə müharibənin yenidən başlanmasına gətirib çıxarsın. Ən azı bu səbəbdən ki, Ermənistan ”erməni soyqırımı"nın “yubileyi”nə, Azərbaycan isə Avropa Oyunlarına hazırlaşır. Lakin bəllidir ki, müharibə sadəcə dayandırılıb, başa çatdırılmayıb. O həmçinin istisna etmir ki, ağlını itirmiş hansısa komandir ağır texnikadan istifadə edərək qanlı toqquşmalara səbəb olsun".
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatını şərh edən R.Musabəyov deyib: “Prinsipial qiymətləndirmə olmadan bu bəyanatlar ona yönəlib ki, tərəflər atəşkəs rejiminə əməl etsinlər və danışıqları davam etdirsinlər. Əslində bu, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.



R.Musabəyovun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Bunda kimin qalib olacağı məsələsinə gəlincə, ilk növbədə Rusiyanın hərbi əməliyyatlarda maraqlı olması istisna deyil. Dünya qiymətləri enir və Rusiya bundan narahatlıq keçirir. Neft bazarında təklif tələbi 1 mln. barel üstələyir. Elə Bakı-Ceyhan neft kəməri ilə bazara bu həcmdə neft daxil olur. Əgər müharibə başlayarsa, neft-qaz nəqli pozulacaq və Rusiyanın karbohidrogen ehtiyatlarına tələbat artacaq. Digər tərəfdən, istisna olunmur ki, Rusiya regiona ayırıcı qüvvələr qismində daxil olmaq üçün müharibədən istifadə etməyə çalışır.

“Güman edirəm ki, Azərbaycan rəhbərliyi və qərb tərəfdaşları bunu yaxşı bilirlər. Azərbaycan süni şəkildə bura hər hansı qüvvəni ayırıcı qüvvə kimi gətirmək niyyətində deyil. Lakin Azərbaycan öz ərazisini də heç kimə vermək niyyətində deyil”, - R.Musabəyov vurğulayıb.
“Cəmi bir neçə gün əvvəl Serj Sərkisyan Azərbaycanı hədələdi. Bundan sonra isə Ermənistanın pilotsuz təyyarəsi Azərbaycanın hava məkanına daxil olduğu üçün dərhal məhv edildi. İndi qarşı tərəf o ritorikasına uyğun hansısa addımlar atmalıdır”. Bunu isə Şərq-Qərb araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ağdam səmasında erməni pilotsuz təyyarəsinin vurulması və bunun Ermənistan Müdafiə Nazirliyi tərəfindən çaşqın açıqlamalarla izahlanmasına münasibət bildirərkən deyib. Ə.Oruclu Sərkisyanın hazırda ən ağlasığmaz addımlara gedə biləcəyini də istisna etməyib: “Ermənistanın daxilində vəziyyət son dərəcə gərgindir və demək olar ki, sosial-iqtisadi tələblərlə bağlı ölkənin bütün şəhərlərində etiraz aksiyaları keçirilir. Bu gün Ermənistanda Rusiya tərəfindən mərkəzləşmiş vahid müxalifət var. Bu da faktiki olaraq indiki hakimiyyəti götürməyə hazırdır. Belə olan halda Sərkisyan hakimiyyəti ən ağlasığmaz addımlara belə getməyə hazırdır. Mənə elə gəlir ki, bu gün baş verənlərin əsl səbəbi budur. Yəni Sərkisyan hökuməti xarici düşmən faktorunu aktivləşdirməklə ölkədə öz mövqeyini gücləndirmək istəyir”.



Politoloq Vəfa Quluzadə də “Yeni Müsavat”a savaş təhlükəsinin real olduğunu deyərək Azərbaycanı öz müttəfqiləri - Amerika, Avropa, Türkiyə ilə təmaslara başlamağa, cəbhədəki vəziyyəti onlarla birgə təhlil etməyə çağırıb. O hesab edir ki, müttəfiq ölkələr müharibəni gözləmədən Azərbaycana ciddi yardımlar göstərilməlidir.

Son günlər cəbhə xəttinin Gədəbəy istiqamətində yaranmış gərginlik nəticəsində ordumuz 3 şəhid verib. Gədəbəyin deputatı Rafiq Məmmədhəsənov rayonun hazırki vəziyyətindən haqda danışıb. O, Modern.az-a açıqlamasında cəbhənin Gədəbəy istiqamətində vəziyyətin sabitləşdiyini deyib: “Əhalidə və orduda ruh yüksəkliyi var. Erməni hiyləgər siyasətindən əl çəkmir, çalışırlar ki, vəziyyəti həmişə gərginlikdə saxlasın. Onlar hansı təxribata əl atsa da, ordumuz hər şeyə hazırdır. Nə orduda, nə də əhalidə qorxu var, vəziyyət normaldır, əhval-ruhiyyə çox yüksəkdir”.

Ekspertlərin ümumi fikri budur ki, Ermənistan hakimiyyəti diqqəti daxildən yayındırmaq üçün hər cür avantüraya gedə bilər. Hesab olunur ki, ötən ilin 12 noyabrında Ağdamda vurulan hərbi vertolyotun ardınca 29 yanvarda pilotsuz təyyarənin qurban verilməsi də bunu isbatlayır.

Cavid TURAN
http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.