Killer “Vaxa” ləqəbli Baxış Əliyevi vurmazdan əvvəl Bakıda kimi arayıb

7-05-2014, 14:36   
Killer “Vaxa” ləqəbli Baxış Əliyevi vurmazdan əvvəl Bakıda kimi arayıb
Bu yaxınlarda Odessada öldürülən “Vaxa” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Baxış Əliyevin ölümündən az əvvəl Dubay həbsxanasında çeçen “vor zakon” Kazbek Dukuzovla görüşdüyü üzə çıxıb.

K.Dukuzov “Forbes” jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikovun qətlinə görə Rusiyada axtarışdadır.

Bu barədə “Rosbal” agentliyinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatda deyilir.

Qeyd olunur ki, “Vaxa” və Kazbek yaxın dost olublar və 90-cı illərin əvvəllərindən bəri bir çox kriminal müharibələrdə iştirak ediblər. Məlumatda deyilir ki, “Vaxa”nın ölümünə görə qisas almaq üçün Çeçenistandan bir qrup qanqster artıq Ukraynaya gedib. Yerli “kriminal generallar” da onlara hər cür kömək göstərməyi vəd ediblər.

90-cı illərdən başlayan dostluq

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Baxış Əliyev və Kazbek Dukuzov hələ 90-cı illərin əvvəllərində Moskvada öz kriminal karyeralarını qurarkən tanış olublar. Əliyev Gürcüstanda anadan olub, ona görə də Moskvada əslən Gürcüstandan olan kriminal elementlərlə ünsiyyət qurub. Badri Koquaşvili (“Badri”) və Malxaz Kitiya (“Maxoniya”) kimi məşhur gürcü kriminal avtoritetlərin ona simpatiyası olub.

Kazbek Dukuzov isə Çeçenistandakı müharibədən dərhal sonra Moskvaya gedib və çeçen “vor zakon”ların dəstəsinə qoşulub.

Maraqlıdır ki, Kazbek ildə iki-üç dəfə özünə başqa familiya ilə pasport düzəldir və yaxalanmaqdan bu yolla qaçırmış.

2003-cü ilin yazında Dukuzov və Əliyev azərbaycanlı “vor zakon” Mirseymur Abdullayev (“Mirseymur Nardaranski”) və “Otar” ləqəbli Otar Batalov arasında başlayan kriminal müharibənin iştirakçısı olublar. Bu müharibə çoxsaylı qətllərlə müşaiyət olunub.

“Vaxa” və Kazbekin daxil olduğu qruplaşma bu müharibədə Otarın tərəfində idi. Əliyev və Dukuzov tez-tez kriminal “razborkalar”da iştirak ediblər. Dukuzov belə “razborka”ların birində ölümdən dönüb.

Kazbekin qisası, Mirseymura 12 güllə...

2003-cü ilin yazında Moskvadakı “Take” barında Dukuzov da daxil olmaqla 4 kriminal avtoritet söhbətə əyləşirlər. Gözlənilmədən içəri daxil olan şəxs avtomatdan onlara atəş açır, üç nəfər yerindəcə ölür, Dukuzov isə yaralanır.

Onun yarası ciddi olmadığından bir neçə gün sonra xəstəxanadan qaçır. Cəmi bir ay sonra Dukuzov qisas alır. Həmin ilin aprelində Şelkovsk şossesində yerləşən “Peşera” restoranına iki nəfər maskalı şəxs daxil olur. Onlar “vor zakon” Mirseymur Abdullayevin və tanışı Babayevin oturduğu stola tərəf gedirlər.

Killerlərdən biri “Steçkin” tapançasını çıxararaq Mirseymura 12 güllə vurur, üç dəfə isə Babayevə atəş açır. Mirseymur ölür, tanışı isə sağ qalır. Əməliyyatçıların versiyasına görə, atəş açan şəxs məhz Dukuzov olmuşdu.

Baş redaktorun qətli

Bu hadisədən sonra Əliyevə və Dukuzova “vor zakon” titulu təklif edilir. Kazbek bundan imtina etsə də “Vaxa” “oğru hərəkatına” qoşulur.

2004-cü ildə məşhur kriminal avtoritet, hazırda İspaniya həbsxanasında cəzasını başa vurmaq üzrə olan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun rəhbərliyi ilə Lujnikidə (Moskva) keçirilən böyük “sxodka”da Baxış Əliyevə “vor zakon” titulu verilir.

Kazbek Dukuzov isə səs-küylü sifarişli qətl törədir. O, həmin il məşhur jurnalist, “Forbes” jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikovu və Çeçenistanın baş nazirinin müavini Yana Serquninanı öldürür (Rusiya İstintaq Komitəsinin versiyasına görə).

Bu qətllərdən sonra Kazbek həbs olunur, ancaq 2006-cı ildə Moskva məhkəməsi onu təqsirsiz hesab edərək azadlığa buraxır. Bir neçə ay sonra Ali Məhkəmə qərarı ləğv etsə də Dukuzov artıq gizlənmişdi.

Əməliyyatçılar müəyyən ediblər ki, Dukuzov başqa familiya ilə özünə yeni pasport düzəldərək Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

“Vaxa” ilə “Lənkəranski” arasında müharibə

Elə həmin 2006-cı ildə “Vaxa” da həbs olunur və fırıldaqçılıq maddəsi ilə 5 il həbs cəzası alır. Ancaq “vor zakon” 3 il sonra - 2009-cu ilin aprelində azadlığa çıxır və o vaxt üçün ən nüfuzlu “kriminal general” olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın dəstəsinə qoşulur.

Eyni zamanda “Vaxa” vaxtilə Mirseymur Abdullayev tərəfindən “koronavat” olunmuş “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevlə kriminal müharibəyə başlayır. Bu qarşıdurmada Kazbek da ona kömək edir.

Əməliyyatçıların məlumatlarına görə, 2009-2011-ci illərdə Dukuzov və Əliyev tez-tez Birləşmiş Ərəb Əmirliklərində görüşür və cinayətkar aləmdə baş verənləri müzakirə edirdilər. Həmçinin həmin vaxtlar Dukuzov Birləşmiş Ərəb Əmirliklərində yaşayan “Rövşən Lənkəranski” ilə “tərbiyəvi” söhbətlər də aparırdı.

Hüquq-mühafizə orqanlarındakı mənbələr deyirlər ki, bir dəfə Kazbek Rövşənlə Dubay restoranlarının birində qarşılaşıb və onu gözlərini çıxarmaqla hədələyib. “Lənkəranski”ni onun mühafizəçisi Hacıbaba Talıbxanlı (hazırda “Hacı” ləqəbli “vor zakon”dur) müdafiə etməyə çalışıb. Ancaq Dukuzov onu restorandan çölə atıb, Canıyev isə çeçen qanqsterlə münaqişəni dərinləşdirmək istəməyib.

2009-cu ildə Baxış Əliyev Ukraynaya gedib və orada məskunlaşaraq “Lənkəranski”nin yerli aktivlərini bir-bir ələ keçirməyə başlayıb. Bu işdə ona Odessada məskunlaşmış çeçen avtoritetlər kömək edirdi. Söhbət Dukuzovun adamlarından gedir.

2011-ci ildə isə Kazbek iki biznesmenə silahlı hücuma və onların 5,8 milyon dollarının ələ keçirilməsinə görə Dubayda həbs olunur. Ona 10 il həbs cəzası verilir.

Bu vaxtlar “Vaxa” Ukraynada öz mövqelərini möhkəmləndirib və yerli “vor zakon”lar Andrey Nedzelski (“Nedelya”), Polikarp Canelidze (“Poli”), Ramaz Tsikaridze (“Ramaz”) ilə yaxşı münasibətlər qurub. Eyni zamanda “Lotu Quli” ləqəbli məşhur avtoritet Nadir Səlifovun (hazırda Azərbaycanda həbsdədir) briqadasının köməyi ilə Canıyevin Rusiyadakı aktivlərini, ilk növbədə tərəvəz bazarlarını ələ keçirib.

Dubay türməsində son görüş və ya 12 qanqster “Vaxa”nı necə öldürdü...

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 2011-ci ildən başlayaraq “Vaxa” Dubay həbsxanasında Kazbekə tez-tez baş çəkib.

Onlar sonrakı fəaliyyət planını birlikdə müzakirə ediblər. Sonuncu dəfə “Vaxa” 2014-cü ilin martında dostunun yanına gedib. Onlar Dukuzovun həsbxanadan tezliklə buraxılması barədə müzakirə aparıblar. Belə ki, Dukuzov Quranı əzbər bilir və Birləşmiş Ərəb Əmirliklərinin qanunvericiliyinə görə, bu qabiliyyətini nəzərə alaraq onu vaxtından əvvəl azad etmək olardı.

Ukraynaya geri dönəndən sonra “Vaxa” Kazbekin tanışları ilə tez-tez toplantılar keçirir. 2014-cü il, aprelin 7-də onlardan bir neçəsi restoranların birində Əliyevlə görüşə yollanır. “Vaxa” qonaqlarla görüşə mühafizəçilərsiz gedir.

Çeçenlərlə söhbətdən sonra o, Odessadakı “Veçerniy Baku” restoranında tanışı, avtoritet Mişa Qaqauzski ilə görüşür. Bu görüşdə Mişanın “koronovat” olunması barədə söhbət gedib. Gözlənilmədən restorana bir neçə maşında 12 silahlı şəxs gəlir. Onlardan avtomatla silahlanmış 8 nəfəri restoranın girişini nəzarətə götürür, 4 nəfər isə içəri daxil olaraq tapançalarını çəkir.

Qanqsterlər “Vaxa” və Mişanı güllələyirlər, onların hər ikisi aldıqları yaralardan yerindəcə ölür. Bildirilir ki, Əliyevin tanışı olan “vor zakon”ların əksəriyyəti onunla Odessada vidalaşıb, ancaq “Vaxa” Azərbaycanda dəfn olunub.

Kazbekin qisas əmri və killerin Bakıya zəngi

Məlumata görə, “Vaxa”nın ölümünü eşidən kimi Dukuzov Dubay həbsxanasından dərhal bu qətlin icraçılarını və sifarişçilərini tapıb məhv etmək barədə “ksiva” göndərib.

Əslində qətlin baş verdiyi gün “Vaxa” ilə görüşən çeçen avtoritetlər bu əmrdən əvvəl də qisas qərarı veriblər. Qafqaz ənənələrinə görə, əgər çeçen kimisə qonaq dəvət edirsə, onun təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır. Məhz buna görə “Vaxa” həmin gün çeçenlərlə görüşə mühafizəçilərsiz getmişdi.

“Qətli icra edənlərin adları artıq məlumdur - onlar Azərbaycan vətəndaşlarıdır. Ancaq Ukraynadakı indiki vəziyyəti nəzərə alsaq, onları milisdən daha tez çeçenlər tapacaq. Xüsusən də ona görə ki, “Nedelya”, “Poli” və “Ramaz” qatillərin cəzalandırılması üçün tam dəstək vəd ediblər” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qətlin sifarişçisinə gəldikdə isə bir neçə versiya nəzərdən keçirilir. Onlardan birinə görə, son vaxtlar “Vaxa”nın müttəfiqi “Lotu Quli” ilə münasibətləri kəskin pisləşmişdi. Onlar Rövşən Canıyevin Rusiyadakı aktivlərini öz aralarında bölə bilmirdilər. Məlumdur ki, “Vaxa”ya atəş açan killerlərdən biri “Lotu Quli” ilə tanışdır və qətldən az əvvəl onunla telefonla danışıb.

İkinci versiya ondan ibarətdir ki, qətli Rövşən Canıyev sifariş verə bilərdi. Bu yaxınlarda onun adı İnterpolun siyahısından çıxarılıb və Canıyev itirdiyi mövqeləri bərpa etməyə çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.