Adil Əliyevdən jurnalisti döyən idmançı ilə bağlı açıqlama

7-05-2014, 14:46   
Adil Əliyevdən jurnalisti döyən idmançı ilə bağlı açıqlama
Deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı xəbərlərdə adının hallandırılmasına münasibət bildirib.

Adil Əliyev açıqlamasında bildirib ki, "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlunun döyülməsini sifariş vermiş Tural Bayramovu tanımır: "Federasiyaya on minlərlə adam gəlib-gedir. Hamısının nə işlə məşğul olmasına mən cavabdeh deyiləm".

Qeyd edək ki, məlumatlarda T.Bayramovun bir müddət Adil Əliyevin ətrafında olması və daha sonra ondan uzaqlaşması qeyd edilib.

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsində iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb.

Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.

Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.



Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.

Aprelin 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb.

Virtualaz.org bildirir ki, bu barədə musavat.com-a polis orqanlarından xəbər verilib. Onlardan biri - Feyruz Pişşari adlı şəxs idmançıdır, digəri isə ona dəstək verənlərdən biridir.

Polis orqanları yaxalanan şəxslər barədə hələlik məlumat yaymayıblar, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə də bilərlər.

Saytın qeyri-rəsmi olaraq əldə etdiyi xəbərə görə isə F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, jurnalisti aldığı sifariş əsasında döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F.İlqaroğlunu nəyə görə döyüb. Jurnalisti döyməyi sifariş verənin kimliyi musavat.com-a məlumdur, hazırda onun yaxalanaması üçün əməliyyat aparılır. Bu səbədən də sayt təfsilatlı məlumat yaya bilmir.

Onu da qeyd edək ki, jurnalist həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi.

Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşdüyündən, ortada aydın görünən videoçəkiliş var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.