Moskvanın Şeremetyevo aeroportunda 3,3 milyon ABŞ dolları oğurlanan Azərbaycan vətəndaşının kimliyi müəyyən olunub.
Bu barədə APA-ya Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, pulu oğurlanan şəxs 1972-ci il təvəllüdlü Abidinli Əli Zeynal oğludur.
Qeyd edək ki, mayın 5-də 08:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abidinli Əli Zeynal oğluna məxsus 3,3 milyon ABŞ dolları qarət olunub.
Hadisənin təfərrüatları barədə APA-ya məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Əli Abidinli özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3,3 milyon dolları aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
Yada salaq ki, bu xəbəri Azərbaycan mediasında ilk dəfə virtualaz.org saytı yayıb. Saytın 6 may tarixli buraxılışında "Dubay reysi, iki çemodan dolu 3,3 milyon dollar və naməlum Azərbaycan vətəndaşı" başlıqlı yazı dərc olunub. Həmin yazı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.