Bakı-Qərb münasibətlərində “daşları yığmaq” zamanı; Vaşinqtonla “soyuq savaş” dövrü bitir; Sekutanın gəlişi ərəfəsi hakimiyyətin Rusiyaya növbəti reveransı ilə yadda qalsa da, iqtidar Amerikanı da “unutmur”; Azərbaycanın Qərblə əlaqələrinin gələcəyi indi həm də Ukraynada həll olunur...
ABŞ-ın yeni səfiri Robert Sekutanın Bakıya gələcəyi tarix dəqiqləşdi - 12 fevral. İndi bir çox təhlilçilər Azərbaycan hakimiyyəti ilə Qərbin favorit dövləti kimi ABŞ arasında münasibətlərə növbəti böyükelçinin öz missiyasına başlamasının hansı təsirləri göstərəcəyini təxmin etməyə çalışırlar. Əsas sual da budur ki, Sekuta öz sələfi Riçard Morninqstarın erkən gedişi ilə yaranmış siyasi boşluğu və aradakı (etiraf olunmayan) soyuqluğu qısa zamanda aradan götürə biləcəkmi?
Qeyd edək ki, az öncə Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya uğurlu və məhsuldar sayıla biləcək səfər edib və bir sıra müşahidəçilər bunu Bakının Qərblə münasibətlərində, nəhayət, ilıqlaşma dövrünün başlanması kimi qiymətləndirib.
Ardınca cənab Sekutanın ölkəmizə varid olacağı tarixin açıqlanması, diplomatın gəlişi ərəfəsində isə ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan “The Washington Times”da Azərbaycan haqda pozitiv yazının getməsi iddia eləməyə əsas verir ki, Amerika üçün “qırmızı xətt”i gözləmək hər halda, daha böyük önəm kəsb edir, nəinki Azərbaycan iqtidarından ötrü.
Rusiya rəsmilərinin özlərinin də yüksək dəyərləndirdiyi Bakının Moskvaya son reveransına (adekvat olaraq Qərbə anti-reveransına) da məhz bu məntiq çərçivəsində izah tapmaq mümkündür. Söhbət Avropa Şurası Parlament Assambleyasının təzəcə başa çatan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin tam Rusiyayönlü mövqe sərgiləməsi, Ukraynaya görə Kreml əleyhinə sanksiya sənədinin əleyhinə səs verməsindən gedir. Halbuki, hətta satellit Ermənistan da belə mövqe sərgiləməyib.
***
Şübhə yox ki, Bakının Kremlə son reveransı da, Vaşinqtonun Bakıya ünvanlı son pozitiv jestləri də Ukraynadakı böhranın dərinləşməsi ilə birbaşa bağlıdır. Məsələ ondadır ki, əgər Azərbaycan rəhbərliyi həmin böhran fonunda Kremlin qəzəbindən maksimum dərəcədə sığortalanmağa çalışırsa, Qərb, öncəliklə də ABŞ isə Bakıya qarşı ritorikanı yumşaltmaqla sonuncunun Rusiyanın ağuşuna geridönməz şəkildə yuvarlanmasını önləməyə səy edir.
Çünki Azərbaycan Qərb üçün hər şeydən öncə energetik və geosiyasi maraqlar baxımından mühüm tranzit ölkədir və onun bütünlüklə Rusiyanın təsir zonasına keçməsi Qərbin Güney Qafqazdakı dayaqlarına, köklü maraqlarına sarsıdıcı zərbə olar. Eyni zamanda qonşu Gürcüstanın təklənməsinə gətirər, habelə Ermənistanı Azərbaycan və Türkiyənin köməyi ilə Rusiyadan qoparmaq ümidlərini həmişəlik basdırar.
Şəksiz, Vaşinqtonda ciddiyə alırlar ki, Bakı Dağlıq Qarabağ məsələsində Kremldən möhkəm zəmanət almayınca onun yanında yer almaz. Burası dəqiqdir. Moskvanı isə hələ ki, Qarabağ məsələsi bir elə maraqlandırmır. Tanınmış rusiyalı ekspert Sergey Markedonovun təbirincə desək, Qarabağ Kreml üçün hazırda ikinci plandadır.
Sitat: “Biz hələlik bilmirik ki, Ukrayna böhranı necə inkişaf edəcək. Kremldən ötrü Ukrayna indi ən əsas meydandır, Dağlıq Qarabağ isə ikinci dərəcəli önəm kəsb edir. Qarabağ haqda heç kim ciddi düşünmür. Əlbəttə ki, düşünürlər, amma ikinci planda. Rusiyanın bu məsələyə hərbi müdaxiləsi Ukrayna hadisələrinin inkişafından asılı olacaq”.
***
Beləliklə, Ukraynada əslində nəinki Qarabağ probleminin, eləcə də Bakı-Qərb münasibətlərinin perspektivinin müəyyənləşməsi prosesi gedir yazsaq, yanılmarıq. Məhz bölgəmiz və ətrafındakı mürəkkəb geosiyasi proseslərin dərinləşdiyi dönəmdə amerikalı yeni səfir Azərbaycanda öz missiyasına başlamalıdır. Sual da elə yuxarıdakının davamıdır: səfir hansı mesajlarla gələcək və ilk açıqlamasında öz ölkəsi adına hansı prioritetləri önə çəkəcək?..
Bir şey aydındır ki, Qərb-Rusiya münasibətlərinin Ukraynaya görə gündən-günə kəskinləşdiyi dönəmdə diplomatın dilindən səslənəcək mesajlarda Azərbaycanın ABŞ üçün əhəmiyyəti qırmızı xətt kimi keçəcək. Nədən ki, Vaşinqtondan ötrü Azərbaycan obyektiv səbəblərdən hakimiyyətində kimin olmasından asılı olmayaraq xüsusi dəyər verilən, yaxın və orta perspektiv üçün vazkeçilməz strateji ölkədir.
Ukrayna böhranının dərinləşməsi fonunda Azərbaycanın ABŞ üçün önəmi daha da artıb. Bu, xüsusda cənab Sekutanın gəlişi Azərbaycan-ABŞ əlaqələrində yeni səhifə də ola bilər. Olacaqmı? İş ondadır ki, qarşılıqlı münasibətlər ikiistiqamətli anlayışdır. Yəni Vaşinqtonla yanaşı, rəsmi Bakının da iradəsi köhnə xoşagəlməz səhifəni qapatmaq üçün yetərli olacaqmı?
Azərbaycan iqtidarının beynəlxalq əlaqələr sahəsində iki təcrübəli “emissarının” (Səməd Seyidov və Asim Mollazadə) hazırda Vaşinqtonda olmasını, Azərbaycan lobbisinin barış yaratmaq yönündə hərəkətə keçməsini ciddiyə alsaq, ən azından bu, bir anons sayla bilər ki, insan haqları ilə bağlı aradakı ixtilaflara baxmayaraq hər halda, Bakı da ABŞ-la (Qərblə) körpüləri yandırmaq niyyətində görünmür.
Münasibətlərə əngəl olan “daşları” yığmaq zamanı yetişib.
Siyasət şöbəsi