Kreml “AzerRos” davasında Abbas Abbasovun tərəfini tutdu

2-02-2015, 09:57   
Kreml “AzerRos” davasında Abbas Abbasovun tərəfini tutdu
Söyün Sadıqov rəsmi Moskvanın bu seçiminə etiraz olaraq Rusiya Millətlər Assambleyasından istefa verdi; sabiq vitse-premyerə ittiham: “Daxili İşlər Nazirliyi əməkdaşlarının göndərilməsi Abbas Abbasovun sifarişidir...”
Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un Ağsaqqallar Şurasının sədrliyindən uzaqlaşdırılması ilə başlayan qalmaqal davam edir. Xatırladaq ki, yanvarın 17-də “AzerRos”un fəxri sədri Söyün Sadıqovun rəhbərliyi ilə keçirilən növbədənkənar qurultayda A.Abbasovun dəstəyi ilə sədr olmuş Asif Məhərrəmov rəhbərlikdən uzaqlaşdırılıb, Ağsaqqallar Şurası sədri postu isə ümumiyyətlə ləğv edilib.


Hələ bir müddət əvvəl “Yeni Müsavat” öz mənbələrinə istinadən yazmışdı ki, “AzerRos”un əsas strukturları A.Abbasovu dəstəkləyir və qurumun ofisi də, rəsmi saytı da onun nəzarətindədir. Xəbərdə bildirilirdi ki, Kreml məhz Abbas Abbasovun rəhbərliyində olduğu qurumun legitimliyini tanıyacaq. Çünki Abbas Abbasovun Kreml administrasiyasında dayaqları kifayət qədər güclüdür.

Yanvarın 30-da Moskvada Rusiya Millətlər Assambleyasının iclasında Abbas Abbasovla çəkişən “AzərRos”un fəxri prezidenti, Rusiya Millətlər Assambleyasının məsləhətçisi S.Sadıqov Assambleyadan getmək istədiyini bildirib. Bunun səbəbini açıqlayan S. Sadıqov qeyd edib ki, 17 yanvar tarixində keçirilmiş qurultaya Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları kobud müdaxilə edib. S.Sadıqov bildirib ki, Rusiya tərəfi “AzərRos”da baş verənlərlə bağlı sərt mövqe bildirməli, Azərbaycan cəmiyyətini dəstəkləməli idi. S.Sadıqov açıq söyləməsə də, aydındır ki, o, Kremlin A.Abbasova “stavka” etməsindən narazı qaldığı üçün bu addımı atıb.



“Zənnimcə, Assambleyadan getməyim hamını Rusiya ictimai həyatında tutduğu yer və apardığı rol barədə düşünməyə məcbur edəcək”, deyə S.Sadıqov bildirib. Həmçinin o qeyd edib ki, öz milləti-azərbaycanlıları və vətəni Rusiyanı sevir və heç kəsə imkan verməyəcək ki, onları ələ salsınlar.

İclasında çıxış edən Assambleyanın rəhbəri Svetlana Smirnova isə bildirib ki, S.Sadıqovun istefasını qəbul etmirlər və bütün iclas iştirakçıları bu fikirdədirlər.



Moderator. az saytının xəbərində deyilir ki, iclasda iştirak edən “AzərRos”un keçmiş prezidenti Asif Məhərrəmov S.Sadıqovun rəhbərliyi ilə keçirilmiş qurultayı qeyri-qanuni adlandırıb. Həmçinin o qeyd edib ki, “AzərRos”da baş verən parçalanma prosesinin arxasında S.Sadıqovun olduğu hamıya bəllidir. A.Məhərrəmovun çıxışı iclas iştirakçıları tərəfindən kəsilib və qeyd olunub ki, S. Sadıqovun olmadığı iclasda onu müzakirə etmək qeyri-etikdir.
Sayt “AzərRos”un fəal üzvləri ilə əlaqə saxlayaraq baş verənlərə münasibət bildirmələrini xahiş edib. Onlar deyiblər ki, S.Sadıqovun rəhbərliyi ilə keçirilən qurultayın iştirakçılarına qarşı Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının göndərilməsi Abbas Abbasovun sifarişidir. “Abbas Abbasovun şəxsi maraqlarını milli maraqlardan üstün tutduğu artıq sirr deyil. Allah Rusiya azərbaycanlılarını onun əməllərindən qorusun. Qurultaydan sonra tədbir iştirakçılarına qarşı Rusiya hüquq-mühafizə orqanlarına şər, böhtan xarakterli məktublar göndərilir, bir çoxları quldurlar vasitəsilə hədələnir”, deyə onlar bildiriblər.

Qeyd edək ki, “Yeni Müsavat” Abbas Abbasovla və “Milyarderlər ittifaqı” ilə bağlı yeni sensasion bilgilər əldə edib və onu sabahkı sayımızda oxuculara çatdıracaq.

Xəbər xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.