Həbsxana Azərbaycan jurnalistlərini çağırır

2-02-2015, 10:28   
Həbsxana Azərbaycan jurnalistlərini çağırır
Giorgi Gogia, (Human Rights Watch)

Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasında baş vermiş terror aktı ilə əlaqədar Avropanın insan haqlarının müdafiəsilə bağlı ali orqanı olan Avropa Şurası Parlament Assambleyası bugünlərdə qətnamə qəbul edərək, demokratiya baxımından media azadlığının vacibliyini bir daha vurğuladı. Qətnamənin əvvəlində qeyd olunur ki, media orqanlarına və jurnalistlərə qarşı istənilən hücum əslində, demokratik cəmiyyətə hücumdur. Sənəddə eyni zamanda, Avropa Şurasının üzvü olan dövlətlər mətbuat və ifadə azadlığının təmin olunması, jurnalistlərin həyatı, azadlığı və təhlükəsizliyinin qorunması üçün səyləri artırmağa çağırılır.

Taleyin ironiyasıdır ki, Strasburqda bu qətnamə qəbul olunan gün Avropa Şurasına üzv dövlətlərdən biri olan Azərbaycanda məhkəmə müxalifət qəzeti olan “Azadlıq”ın aparıcı əməkdaşlarından biri, eyni zamanda, Türkiyə kanalları vasitəsilə yayımlanan “Azərbaycan saatı” adlı proqramın aparıcısı Seymur Həziyevi saxta xuliqanlıq ittihamı ilə 5 il azadlıqdan məhrum etdi.

Ötən ilin avqustunda Həziyev yaşadığı evin yaxınlığında tanımadığı şəxs tərəfindən döyülüb. Həziyev dayanacaqda avtobus gözləyərkən həmin şəxs ona yaxınlaşaraq zərbə endirib. O da həmin vaxt əlində olan su butılkası ilə özünü müdafiə edib. Dərhal hadisə yerində polis peyda olub və jurnalist həbs edilib. Həziyevə qarşı “silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq” ittihamı irəli sürülüb və ilkin istintaq dövrü üçün barəsində həbs-qətimkan tədbiri seçilib, özü də istintaq təcridxanasına göndərilib.


Son illərdə Azərbaycan hökuməti dəfələrlə Həziyevi həbs edib, ona işgəncə verilib. Eyni zamanda, dəfələrlə xəbərdarlıq edilib ki, prezidenti tənqid etməyi dayandırsın.

Həziyevin barəsində məhkəmənin ittiham hökmü çıxarması təəccüblü deyil. Çünki Həziyev Azərbaycanda hökuməti tənqid etdiyinə, korrupsiya əməllərini ifşa edən araşdırmalarına görə hazırda həbsdə olan 11 nəfər müstəqil və ya müxalifyönlü jurnalist, blogger, sosial şəbəkə fəallarından biridir. Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti olan Xədicə Ismayıl da onların arasındadır. Ismayıl ötən ilin dekabrında keçmiş həmkarını intihar həddinə çatdırmaq kimi yalan ittihamla həbs edilib. Hökumət uzun müddət idi ki, Ismayılı təqib və təzyiq altında saxlayırdı. Müxtəlif bəhanələrlə o, dəfələrlə istintaqa cəlb olunaraq dindirilib, heç bir əsas göstərilmədən oktyabr ayında ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan başqa, hökumətyönlü mediada davamlı şəkildə ona qarşı qarayaxma kampaniyası aparılırdı.

Xədicə Ismayılın həbsindən bir neçə həftə sonra polis və prokurorluq əməkdaşları onun uzun illər işlədiyi “Azadlıq” radiosunun Bakı ofisində axtarış apardılar, əməkdaşları dindirdilər, radionun texniki avadanlıqlarını və materiallarını götürüb apardılar, ofisin qapısını isə möhürlədilər.

Ölkədəki tənqidi səsləri susdurmaqla məşğul olan Azərbaycan hökuməti Avropa Şurasına üzv qəbul edilərkən götürülmüş söz və media azadlığının qorunmasına dair öhdəliyi çoxdan pozur. Azərbaycanın beynəlxalq tərəfdaşları bu hökumətə açıq şəkildə bildirməlidir ki, belə davranış qəbuledilməzdir və saxta ittihamlarla həbs olunan jurnalistlər dərhal azadlığa buraxılmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.