ABŞ ötən ay Nigeriyada islamçı qiyamçı qrup Boko Haram tərəfindən qaçırılmış 200-dən çox məktəbli qızı tapmaq üçün mütəxəssislər göndərib.
Prezident Barack Obama deyib ki, mütəxəssislər qrupuna hərbi, hüquq və digər qurumların əməkdaşları daxildir.
Cənab Obama oğurlanma hadisəsinin beynəlxalq ictimaiyyəti Boko Harama qarşı tədbirlər görməyə cağıracağına ümid etdiyini bildirib.
Bir qədər əvvəl Nigeriyanın şimal-şərqində səkkiz qız oğurlanıb. Son oğurlanma hadisəsi isə bazar günü gecəsi baş verib. 12-15 yaş arası qızlar Warabe kəndindən oğurlanıb.
Bazar ertəsi Boko Haram lideri Abubakar Şekau 230 qızı "satmaq"la təhdid edib.
Hadisələr ətrafında narahatlıqlar böyüdükcə ABŞ Nigeriya hökümətinə yardım təklif edib.
"Biz Nigeriyaya yardım qrupu göndərmişik.. onlar qızların harada olmasını aydınlaşdırmağa çalışacaq", cənab Obama deyib.
Prezident Obama hadisəni "ürəkağrıdıcı" və "özbaşınalıq", Boko Haram qrupunu isə "ən pis regional.. terrorçu təşkilatlardan biri" adlandırıb.
"Qərbyönlü təhsil qadağandır" mənasını verən "Boko Haram" qrupu 2009-cu ildən Nigeriyanın şimalında İslamçı dövlət yaratmağa çalışır.
ABŞ rəsmiləri qızların ilk qrupunun qaçırıldığı zaman onların Çad və Kameruna aparıldığını iddia edib, lakin hər iki dövlət rəsmiləri məlumatı təkzib edib.