Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.
Bu dəfəki qonaq 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Milli Məclisə üzv seçilən Kamilə Əliyevadır. Yeni Azərbaycan Partiyasında (YAP) təmsil olunan K.Əliyeva parlamentin Elm və Təhsil Komitəsinin üzvü olmaqla yanaşı Bakı Dövlət Universitetinin (BDU) professorudur.
-Kamilə xanım, son seçkidən bəri 4 ildən çox bir zamanı geridə qoymuşuq. Bu müddətdə hansı işləri görmüsünüz?
-Millət vəkilliyinə namizəd olarkən öz platformamı elan etmişdim. Artıq 4 ildən artıq zaman geridə qalıb. Bu platformama uyğun fəaliyyət göstərmişəm. Qarşıma qoyduğum məqsədin demək olar ki, 80-90 faizinə çatmışam.
Bildiyimiz kimi, bölgələrdə əsas məsələlər - kommunal sahədə yaranan problemlər dövlət hesabına həll olunur. Rayonlar, kəndlər qaz, işıq, su ilə təmin olunur və bu proses sürətlə davam etdirilir. Cənab prezident hər il bölgələrə səfəri zamanı təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, yolların, qaz və su xətlərinin açılışında iştirak edir. Bütün lazımi işlər dövlət başçısının rəhbərliyi altında həyata keçirilir. Bizə qalan isə həll olunmayan bəzi məsələləri müvafiq qurumlar qarşısında qaldırmaqdır.
Geridə qalan zaman ərzində həllində çətinlik çəkdiyimiz məsələlər vətəndaşların fərdi problemləri - işsizlik, maddi vəziyyətin yaxşı olmaması, müalicəyə ehtiyacı olan insanların müraciətləridir. Bu müraciətlər bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Lakin bu cür fərdi şikayətlərlə də bağlı əlimdən gələni etməyə çalışmışam. Bunlar da seçicilərimizin problemidir, amma tam şəkildə həllinə nail ola bilmirik. Biz seçicilərimizin problemlərini, şikayətlərini müvafiq orqanlara çatdıra bilirik.
-Dediniz ki, əlinizdən gələni etmisiniz. Məsələn, nə etmisiniz?
-İş məsələsi ilə bağlı sahəmə uyğun olaraq vətəndaşa istiqamət verə, onu hansısa bir işə yönləndirə bilirəm. Xəstəliklə bağlı şikayətlərin həllində Heydər Əliyev Fonduna müraciətlər edilib. Bizim bölgədə əsasən ürək çatışmazlığı ilə bağlı şikayətlər çox olur. Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk ki, onun dəstəyi ilə, fondun hesabına bir neçə xəstənin müalicəsi, əməliyyatı həyata keçirilib.
-Payız-qış girəndən istər paytaxtda, istərsə də bölgələrdə qaz, işıq, su, yol problemləri ilə bağlı şikayətlər çoxalır. Onların həlli üçün dövlət proqramları həyata keçirilir. Hazırda deputatı olduğunuz bölgənin bu sahələrin hansından şikayəti var? Nədən narazıdırlar?
-Dövlət proqramı bütün regionlarda olduğu kimi Zaqatala və Balakəndə də həyata keçirilir. Bizim bölgələr demək olar ki, tam şəkildə işıq və qazla təmin olunub. Texniki problemləri, qəzaları nəzərə almasaq, qaz və işığın verilməsində fasilələr olmur. Amma kəndlərdə yolların vəziyyətinin yaxşı olmaması ilə bağlı şikayətlər var. Bizim bölgədə 2012-ci ildə güclü zəlzələ baş verib və bundan ciddi zərər görmüşük. Bu illərdə təbii fəlakətdən sonra baş verən uçqunlar, qəzalı vəziyyətə düşən evlərlə bağlı problemimiz olub. Bu, çox ciddi hadisə idi. Təbii fəlakət zamanı evləri uçmuş, zərər görmüş vətəndaşlara heç də bütün ölkələrdə dövlət tərəfindən kompensasiya ödənilmir. Hər kəs bu problemi şəxsi sığortası hesabına həll edir və etməlidir. Lakin bizdə ölkə başçısının göstərişi ilə bu məsələ dövlət hesabına həll olundu. Tamamilə uçan və zərər görən evlər yenidən tikildi və təmir edildi. Deputatlıq fəaliyyətim dövründə seçicilərimdən ən çox şikayət və müraciətlər bu məsələ ilə bağlı olurdu.
-Artıq zəlzələdən 3 ilə yaxın vaxt ötüb. Hələ də bu məsələ ilə bağlı müraciətlər olur?
-Zəlzələdən sonra yaranan problemlərin nəticəsi, dəymiş ziyan birdən-birə aradan qaldırılmadı. Bütün işlər müəyyən ardıcıllıqla yerinə yetirildi. Zəlzələdən sonra zaman-zaman baş verən yeni təkanlar işlərin gecikməsinə, az zərər görmüş evlərin yenidən zərər görməsinə gətirib çıxardı. Ancaq işlərin 90 faizi görülüb. Qalan evlərdə də bu işlər davam etdirilir.
-Seçki dairəniz iki rayonu əhatə edir. Bu, o deməkdir ki, siz iki icra başçısı ilə çalışırsınız. İcra hakimiyyətləri ilə əlaqələriniz necədir? İndiyədək problemlər yaşamısınızmı?
-İcra başçıları ilə sıx əlaqədəyəm. Əməkdaşlığımız yüksək səviyyədədir. Rayonlara gedəndə görüşürük. Bakıda olarkən isə telefon əlaqəsi saxlayırıq. Mənə əlillər, imkansız ailələr müraciət edərək evlərinin qəzalı vəziyyətdə olduğunu və ya hansısa xırda məsələdə problemlər yaşadıqlarını deyirlər. İcra başçıları ilə əlaqə saxlayıb bu məsələlərin həllinə nail oluram. Onlar həmin ailələri tikinti materialları ilə təmin edir, maddi yardım göstərirlər və s. Bu əməkdaşlıqdan çox razıyam. Vətəndaşların problemlərinin həlli üçün birgə çalışırıq. İndiyə qədər icra başçıları ilə heç bir konfliktim olmayıb.
-Seçicilərinizlə sonuncu dəfə nə zaman görüşmüsünüz?
-Bölgələrə plan üzrə səfər edirəm. İki aydan bir rayonlara gedirəm. Məsafə bir az uzaqdır. Lakin zəlzələ baş verən zaman elə vaxt olub ki, bir ay ərzində rayonlara bir neçə dəfə getmişəm. Günlərlə rayonda qaldığım vaxtlar olub. Hər gün vətəndaşlarla görüşmüşəm. Sonuncu dəfə də yeni il ərəfəsində seçicilərlə görüşüm olub. Növbəti səfərim isə bu ayın əvvəlinə nəzərdə tutulub.
Özüm görüşlərə getmədiyim vaxtlarda belə rayondakı köməkçim vasitəsilə şikayətləri öyrənirəm. Səlahiyyətim daxilində həll oluna biləcək problemləri elə buradan da həll edirəm.
-Yəqin ki, deputatlığa namizəd olarkən seçicilərinizə verdiyiniz vədlər olub. İndi seçicilərinizin qarşısında hesabatla çıxış edə bilərsinizmi?
-Millət vəkili seçilərkən seçicilərimə heç bir vəd verməmişdim. Ancaq onların qarşısına hesabatla çıxacağımı demişdim. Seçki ərəfəsində seçicilərlə görüşlər zamanı onların problemlərini dinləmişəm. Onlara hansısa işləri görəcəyimə dair vəd verməmişəm. Həll olunması lazım olan məsələləri müvafiq qurumlar qarşısında qaldırmışam. Onsuz da əsas işlər dövlət hesabına həyata keçirilir. Lakin bəzi kiçik məsələlər var ki, bunun həllini ölkə başçısından, dövlətdən gözləmək lazım deyil. Məsələn, bəzi işıq dirəklərinin dəyişdirilməsi, tibb məntəqələrinə telefon xətlərinin çəkilməsi, bəzi ərazilərdə artezian quyularının qazılması kimi problemlər olur. Bunların həlli üçün müvafiq qurumlara müraciət edirəm. İşim sadəcə olaraq müraciət etməklə də bitmir. Bu məsələlər öz həllini tapana qədər prosesi izləyirəm. Bunlar kiçik problemlər kimi görünsə də ümumilikdə vətəndaşların sosial rihafının yaxşılaşdırılması üçün vacibdir. Düzdür, biz bu işləri öz hesabımıza görmürük. Bunlar dövlət hesabına həll olunur. Biz dövlətlə vətəndaş arasında vasitəçiyik.
-“Seçicilərim məndən razıdır” sözünü ürəklə deyə bilərsinizmi?
-Deputat öz fəaliyyətindən danışa bilər. Lakin onun fəaliyyətinə əsas qiyməti seçiciləri verməlidir. Çünki onlar məni seçib. Mən onlar üçün çalışmışam. Əsas qiyməti onlar verə bilər.
-Məsələn, seçiciləriniz arasında “seçdiyiniz deputatın fəaliyyətindən razısınımı” deyə sorğu keçirsək, sizcə, nəticə necə olar?
-Seçicilərimlə görüşümdə onlardan razılıq hissini duyuram. Şəxsən mən geridə qalan illər ərzində gördüyüm işlərdən, fəaliyyətimdən razıyam. Seçicilərimin də razı olduğunu düşünürəm.
-Deputatların fəaliyyətinə əsasən vətəndaşlarla görüşlərinə, Milli Məclisdəki çıxışlarına, təkliflərinə, bir də beynəlxalq təşkilatlarda fəaliyyətinə görə qiymət verilir. Sizə daha çox hansına görə qiymət vermək olar?
-Bəzən mətbuatda deputatların fəaliyyətini tənqid edirlər. Hətta “lal deputatlar” adlı siyahı da hazırlayıblar. Məncə, bir deputatı tənqid etmək üçün onun fəaliyyəti tam şəkildə araşdırılmalıdır. Konkret faktlar göstərilməlidir. “Lal deputatlar”ın siyahısında olan deputatlardan bəziləri Azərbaycanı beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil edir. Ermənilərin də iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Lakin onların bu fəaliyyəti jurnalistlər tərəfindən qiymətləndirilmir. Araşdırma aparmadan belə siyahı hazırlayıblar. Millət vəkili olaraq qanun layihələrinin hazırlanması zamanı təkliflərlə çıxış edirəm, Yeni Azərbaycan Partiyasını təmsil etdiyim tədbirlədə məruzələrlə çıxış edirəm. Qanunvericiliklə bağlı bəzi təkliflərimi də yazılı şəkildə təqdim edirəm. Bir deputatın adı Milli Məclisin hər iclasında çıxış edənlər siyahısında yoxdursa, bu, o demək deyil ki, o, fəaliyyətsiz deputatdır. Hər bir deputat öz sahəsi üzrə çıxışlar edir, təkliflər verir.
Mən həm də parlamentin Elm və Təhsil Komitəsinin üzvüyəm. “Elm haqqında” qanun layihəsi üzərində işləyirik. Bu qanun layihəsi komitədə geniş müzakirə olunub. Milli Məclisin yaz sessiyasının plenar iclasında o layihəni müzakirə edəcəyik. Bu qanun layihəsi mükəmməldir. Biz komitə olaraq hər gün yeni qanun hazırlamırıq. Bu, o demək deyil ki, komitə və deputatlar fəaliyyətsizdir.
-Deputatlar parlamentdə nadir hallarda tənqidi fikirlər səsləndirir. Siz də çıxışlarınızda tənqidə çox üstünlük vermirsiniz. Bir çıxşınız rüşvət və korrupsiya ilə bağlı idi. Həmin çıxışınızda məmurun rüşvət və korrupsiyaya görə yalnız işdən azad edilməsinə etiraz edirdiniz...
-Bəli. Buna yenə də etiraz edirəm. Belə məmurlar sadəcə olaraq işdən azad edilməklə cəzalandırılmamalıdır. Onlar cinayət məsuliyyətinə cəlb olunub ən ağır şəkildə cəzalandırılmalıdır. Korrupsiya və rüşvət anlayışları bir az fərqlidir. Korrupsiya daha geniş anlayışdır və buna görə işdən azad edilən məmurun cəzası Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq sərt şəkildə verilməlidir. Rüşvət isə çox yerdə var. Müəllimlər arasında da rüşvət alanlar var. İndi təhsil naziri Mikayıl Cabbarov bu məsələyə ciddi nəzarət edir.
-Azərbaycanda müəllimlərin, elm adamlarının maaşı çox azdır. Alimlərin ev problemləri var. Bunlarla razısınızmı? Çox vaxt deyirlər ki, müəllimin maaşı azdır deyə rüşvət alır...
-Müəllimlər əvvəlcə aldıqları məvacibi yox, şagirdlərə verdikləri təhsili nəzərə almalıdır. Çünki bu məvacib onların verdiyi təhsillə müqayisə edilə bilməz. Bir neçə gün əvvəl cənab prezident tərəfindən müəllimlərin maaşı artırıldı. Müəllimlərin maaşı orta hesabla iki dəfədən artıq olacaq.
Müəllim və həkimlərin maaşının az olması ilə bağlı Milli Məclisdə deputatlar tərəfindən fikirlər səsləndirilib, məsələ gündəmə gətirilib. Bütün məsələlərin həllinə qısa zamanda nail olmaq olmur. Ölkə başçısı tərəfindən müəllimlərin maaşı artırıldı. “Elm haqqında” qanun layihəsi qüvvəyə minəndən sonra elmi dərəcəsi olanların da sosial rifahı yüksələcək, imkanları yaxşılaşacaq. Milli Elmlər Akademiyasının rəhbəri də dedi ki, alimlərin evlə təmin olunması nəzərdə tutulub və bu istiqamətdə işlər görülür. Əsas odur ki, bu proseslər gedir. Mövcud problemlərin də həllinə qısa zamanda nail olunacaq.
-Elmi işlə məşğul olmaq asandır, yoxsa deputat olmaq?
-Elmi işlə deputatlığı müqayisə etmək olmaz. Elmi iş ağır olsa da şəxsən mənim özümə aid olur. Bu işin çətinliyi var. Amma bacarmadığın zaman yarıda qoya bilərsən. Bununla sən yalnız özünə ziyan vurmuş olursan.
Amma millət vəkili olmağın məsuliyyəti daha çoxdur. Çünki millət vəkili 9 milyon yarım insanın içindən seçilən 125 nəfərdən biridir. Bunun məsuliyyəti daha böyükdür. Sən millət vəkili olaraq bu məsuliyyətin öhdəsindən gəlməli, sənə göstərilən etimadı doğrultmalısan. Əgər millət vəkili olaraq öhdənə götürdüklərini yerinə yetirmirsənsə, minlərlə insana zərər vermiş olursan.
-Deyirsiniz ki, deputat olmaq çox məsuliyyətlidir. Bəs niyə deputat oldunuz? Məqsədiniz nə idi?
-Orta məktəbi qızıl medalla bitirmişəm, pioner təşkilatının sədri olmuşam, ictimai fəaliyyətdə həmişə aktiv olmuşam. Məktəb komsomol təşkilatının katibi seçilmişəm. İctimai fəaliyyətlə məşğul olarkən də işlərimi çox ürəklə görmüşəm. Təhsillə bağlı uğurum da həmişə böyük olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) biologiya fakültəsinə daxil olmuşam. Universitetin tələbə həmkarlar komitəsinin üzvü olmuşam, sədr müavini vəzifəsinə qədər yüksəlmişəm. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Aktiv fəaliyyətim nəzərə alınaraq məni universitetdə saxladılar. Fəaliyyətimi universitetdə davam etdirdim. İndi BDU-nun professoruyam. Sonradan düşündüm ki, daha çox iş görə bilərəm. Və 2010-cu ildə millət vəkilliyinə namizədliyimi irəli sürdüm. Çünki özümü bu pillədə görürdüm.
-Növbəti parlament seçkilərində iştirak etmək fikriniz varmı?
-Parlament seçkilərinə hələ 10 aya yaxın vaxt qalıb. Amma bir an sonra nə olacağını bilmirik. 10 ay sonra nələrin baş verəcəyini indidən demək doğru olmaz. Əgər mənim təmsil olunduğum Yeni Azərbaycan Partiyası bu günədək olan fəaliyyətimə müsbət qiymət verərsə, məni dəstəkləyərsə, namizədliyimi irəli sürərsə və seçicilərim də məni yenidən millət vəkili olaraq görmək istəyərsə, mən də fəaliyyətimi davam etdirə bilərəm. Belə bir məqsədim var.