“Bir fahişənin gündəliyi...”

7-05-2014, 15:07   
“Bir fahişənin gündəliyi...”
"Ədəbi Azadlıq-2014" müsabiqəsinə göndərilmiş “Bir fahişənin gündəliyi...” adlı şeiri “Kitab evi”nin oxucularına təqdim edir:

Bir fahişənin gündəliyi...



Məni görüb düşüncələrinə qəm yedirtmə, ana

Qızın göründüyü qədər hüznlü deyil...

Hər kəs layiq olduğu həyatı yaşayır deyirlər...

Mən də yaşayışıma həyat qatmaq istədim.

Nələr yaşadımsa əvvəl-əvvəl saflığımdan, paklığımdan

Sonra... sonra isə paksızlığımdan yaşadım...

Şansızlığımdan yaşadım, ana...



Həyatıma girənlər

inamsız addımlarla

ürəyimə ayaq basdılar, ana...

Nə sevəcək bir ürək vardı yanlarında,

nə də sevgimi söykəyə biləcək bir çiyin...

çox balaca idi verdikləri ümüd...

mənə isə sən öyrətmişdin

azdan çox etməyi, yoxdan var etməyi.

O kiçicik işartılarla qocaman xəyallar qurdum, məsələn,

verdikləri bir azacıq sevgini çox böyütdüm gözümdə.

Yalnızlığımı vağzalı zümzüməsilə gəlinlik bilib əynimə biçdim...



Səbr etməyi öyrətmişdin, ana,

Var olduğumu hiss etdirəcək qədər

ancaq bezdirməyəcək qədər gözlətdim duyğularımı bir kənarda.

səssizcə, ümüdlə, səbrlə, səbrsiz...

mənə buraxdıqları ümüd qırıntıları ilə gələcək qurdum

dizlərimi qucaqlayaraq...

ürəyimi müxtəlif zamanda müxtəlif adlarla bəzəməli oldum...

tək bir istəyim vardı həmişə

mənə gəldiklərində, ürəkləri də baxışları da təmizlənmiş olsun

vücudum kimi, könlüm də əzizlənmiş olsun...



Nə istəyirdim axı...?

Bir ovuc tutumluq sevgi,

bir az sadaqət və...və

ala bildiyim qədər dürüstlük!

çox gözəl bir eşq çıxacaqdı ortaya.

- ortalıqda qaldım, ana... ortalıqda

Yanımda çoxları göründü

Sahib çıxan olmadı...

əlimi ehtirasla tutan oldu,

məhəbbətlə sıxan olmadı



Gözlədiyim ya heç gəlmədi,

Gəldisə də gözləmədiyim tərəfdən yaxınlaşdı.

Duyğularım korşaldıqca həya hissim incəlirdi,

ancaq onlara qarşı həyasız ola bilmədim...

vicdanları və ürəkləri dünəndə qalaraq gəldilər,

bu gün üçün yaşadılar, sabahlarını itirərək getdilər.

Qismətimin də harda itdiyini,

kiminlə getdiyini çox düşündüm, ANA !

yadıma düşmədi...

Ismətimin kiminlə getdiyini isə hər ötən gün daha tez-tez xatırlayıram...


Qeyd edək ki, şeirin müəllifi Elşad Səfixanovdur. Şeir münsiflərdən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.