Abbasov və İbrahimbəyov yenidən rusların “Bakı layihəsində”; Moskvanın elitar restoranlarının birində RATİ-nin fəal üzvləri Dağıstan prezidenti Ramazan Abdulatipov, Abbas Abbasov və Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov nədən danışıblar?...
Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqda məlumatlar yenidən ölkə mətbuatının gündəmini zəbt edib. Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətində (“AzerRos”) son yaşananlar, A.Abbasovun keçmiş silahdaşı Söyün Sadıqovla təşkilata nəzarət uğrunda açıq mübarizəsi və Kremlin bu savaşda sabiq baş nazir müavininin tərəfini tutması diqqəti yenidən bu personanın üzərinə yönəldib.
Bəzi məlumatlara görə, “AzerRos”da baş verən qarşıdurmada rəsmi Bakı da maraqlıdır və bu mübarizədə S.Sadıqovun tərəfindən “vuruşur”. İddialara görə, Azərbaycan hakimiyyəti 2012-ci ildə Kremlin xeyir-duası ilə yaradılan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (RATİ) 2015-ci il seçkiləri ərəfəsi tam zəiflətmək istəyir və bu səbəbdən əlverişli situasiyadan yararlanaraq savaşan tərəflərdən birini tutur.
Xatırladaq ki, A.Abbasovun təşkilatdan uzaqlaşdırıldığı 17 yanvar qurultayına Rusiyanın hüquq-mühafizə orqanları ciddi maneə törətmiş, Azərbaycanın Rusiyadakı səfirliyinin müavini isə S.Sadıqovun rəhbərlik etdiyi tədbirdə şəxsən iştirak edərək ona dəstək vermişdi.
***
Bəllidir ki, son prezident seçkiləri zamanı RATİ, xüsusən bu qurumun fəal üzvləri olan A.Abbasov və S.Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yaratmışdı. Amma Rusiya prezidenti Vladimir Putinin seçki ərəfəsi Bakıya səfərindən sonra “Milyarderlər ittifaqı” Azərbaycanın fəal siyasi səhnəsindən çəkildi, Kremlin projesi olduğu deyilən Milli Şuranın isə yalnız adı qaldı.
Bəs niyə hakimiyyət seçki ilində yenidən “Milyarderlər ittifaqı”nın fəallaşmasından ehtiyat edir və bu qurumu zəiflətmək üçün hətta nifrət etdiklərini gizlətməyən S.Sadıqovun tərəfini belə tutmağa razılıq verirlər?
“Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, bugünlərdə Moskvanın elitar restoranlarının birində Azərbaycan hakimiyyətini narahat edə biləcək bir ekip diqqəti cəlb edib. Məlumata görə, Dağıstan prezidenti Ramazan Abdulatipovun başda əyləşdiyi məclisdə Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da olub. Buradaca qeyd edək ki, seçkidən sonra R.İbrahimbəyovla A.Abbasovun münasibətləri soyumuşdu, hər halda, hər iki tərəfin mətbuata açıqlamalarında bu soyuqluq sezilirdi.
Məsələn, A.Abbasovun müsahibələrinin birində R.İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qəzəbli olmasına Bakıda Kino Evinin tikilməsinə razılıq verilməməsi ilə izahı qarşı tərəfi narazı salmışdı. Son olaraq A.Abbasovun “AzerRos”un Ağsaqqallar Şurasından uzaqlaşdırılması barədə xəbərlərə R.İbrahimbəyov etinasız olaraq münasibət bildirmək istəməmişdi.
İndi seçki ilində yenidən “Milyarderlər ittifaqı”nın yenidən təşkilatlanması (həmin məclisdə digər RATİ üzvlərinin iştirak etdiyi də deyilir) maraq doğurur.
Yeri gəlmişkən, 2013-cü ilin yanvarında Putinin Dağıstan prezidenti vəzifəsinə təyin etdiyi RATİ-nin Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipovun Azərbaycan hakimiyyəti ilə münasibətləri hələ də gərgindir. Dağıstan prezidenti olduğu iki il ərzində onun Azərbaycan rəhbərliyi ilə rəsmi təmasının olmaması da deyilənləri təsdiq edir.
***
2013-cü il seçki ərəfəsində A.Abbasovun rəhbərliyi ilə Azərbaycanın siyasi səhnəsinə çıxan “Milyarderlər ittifaqı” ölkədə az qala zəlzələ effekti yaratdı. Hətta bütün proseslərə skeptik yanaşmağa vərdiş edən, “onsuz da xeyri yoxdur, heç nə dəyişməyəcək” kimi pessimist əhval-ruhiyyədə olan Azərbaycan seçicisi də “Milyarderlər ittifaqı”na dəyişikliyin müjdəçisi kimi baxmağa başladı.
Müxalif siyasi düşərgə isə “Milyarderlər ittifaqı”nın üzvü olan R.İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradaraq nəzərlərini Moskvaya dikməyə məcbur oldu.
Sonrası məlum: İbrahimbəyov Bakıya, Milli Şura hakimiyyətə gələ bilmədi, Abbas Abbasov da, “milyonçuları” da kölgəyə çəkildi...
Azərbaycan siyasi səhnəsində hələ ki ciddi fəallıq gözə dəymir. Amma Moskvadakı restoran görüşü barədə xəbərin fonunda iki fakt diqqət çəkir. Birincisi, uzun müddətdir yalnız “kino çəkən”, “mən siyasətdə deyildim ki” deyən R.İbrahimbəyovun yenidən mediada fəallaşması və yanvarın 28-də Milli Şura üzvlərinə göndərdiyi müraciətdir. Həmin müraciətdə qeyri-adi fikirlər yoxdur. Amma müxalifətlə “barışığa” çağırılan müraciətdə hədəf yenə Azərbaycan hakimiyyətidir.
İkinci diqqət çəkən məqam isə R.İbrahimbəyovun fəxri sədrlik etdiyi qurumun mart ayında aksiyalara başlayacağı ilə bağlı anonsudur...
Mümkündür ki, sadaladıqlarımız yalnız Moskva görüşü ilə üstü-üstə düşən təsadüfdür. Amma o da mümkündür ki, Kreml kritik parlament seçkiləri ərəfəsi yenidən rəsmi Bakını pressinq altında saxlamağı hədəfləyib.
A.Abbasovun “AzerRos”da zədələnmiş reputasiyası Kreml üçün də arzuedilən deyil. Bu səbəbdən də Rusiyadakı nüfuzlu dostlarının ona və həm də R.İbrahimbəyova yeni şans verməsi də mümkündür.
Baş rolda yenə Abbas Abbasov olarsa...
Xəbər xidməti
/musavat.com/