Dövlət içərisində “dövlət” yaradan məmurlar...

3-02-2015, 10:18   
Dövlət içərisində “dövlət” yaradan məmurlar...

İcra başçıları yerlərdə özlərini “padşah” kimi aparırlar; bu, sonda xalq etirazlarına səbəb olurAzərbaycanda icra başçılarının özbaşınalıqları günbəgün artmaqdadır. Hər rayonun icra başçısı öz kiçik “padşahlığı”nı yaradaraq, həmin bölgəyə qanunlarını tətbiq edir. Bu isə sonda xalq etirazlarına səbəb olur.

Yuxarıda sadaladığımız amillərə sübut olaraq, 2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda baş verən xalq üsyanlarını misal göstərə bilərik. Hər iki etiraz aksiyası bilavasitə icra başçılarının qanunsuzluğu nəticəsində baş vermişdi. Nəticədə cəzalandırılan hadisələrin səbəbkarları yox, xalq oldu... Onlarla etirazçı həbs edildi, işgəncələrə məruz qaldı. Hazırda hər iki üsyanla bağlı həbsxanalarda məhbuslar var.

İcra hakimiyyəti başçılarının qanunsuzluğuna Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun əməllərini də əlavə edə bilərik. Hazırda həbsxanada uşaq dünyaya gətirən Lamiyənin məhbus həyatı yaşamasının da birbaşa baiskarı bu şəxsdir. Məhz onun Şəmkirdə tətbiq etdiyi qanunlar, insanlara verdiyi zülm oğlu Ruslanın harınlaşmasına və sonda öldürülməsinə, Vüqar və Lamiyənin gənclik həyatlarının məhv olmasına səbəb olmuşdu. Oğlunun öldürülməsindən sonra Aslan Aslanovun törətdiyi əməllər sözün əsl mənasında insanlığın sonu demək idi.

Oğlunu namussuzluğa görə qətlə yetirdiyi deyilən Lamiyə və hadisədə iştirakı iddia olunan nişanlısı Vüqarın ailəsinə verilən zülm, onların valideynlərinin həbsə atılması, Aslan Aslanovun mərhum oğlunu suçsuz çıxarmaq üçün məhkəmədəki əməlləri çoxlarımızın yadındadır. Vüqara ömürlük həbs verdirməsi, 10 il həbs cəzası verilən Lamiyənin işini uzatdırması, açıq şəkildə “mən həyatda yaşadığım sürəcdə onlar həbsxanada çürüyəcəklər” kimi sözləri bunlara sübutdur. Hətta deyilənlərə görə, oğlunun ölüm günü övladına toy etdiyi üçün sabiq icra başçısı Şəmkir ağsaqqalını həbsə atdırıb. Şəmkirin kəndlərindən birinə atası Yaqubun adını verməsi Aslan Aslanovun rayonu orta əsrlərə aparması demək idi. Bütün bunlar xırda bir məmurun kiçik əməlləri idi. A.Aslanov etdiyi cinayətlərə görə nəinki həbs edilmədi, hətta nazir müavini təyin olunmuşdu.

Göründüyü kimi, rayonlarda icra başçılarının zülmü ərşə dayanıb. Bölgələrin bəzi nazirlərin nəzarətinə verilməsi də, bu problemlərin baş verməsinə səbəb olan amillərdəndir.
Politoloq Natiq Miri hesab edir ki, rayonlarda “kiçik padşahlıqlar”ın yaradılması təhlükəli tendensiyadır: “Azərbaycanda idarəetmə sahəsində ciddi qüsurlar var. Zaman -zaman etika sisteminin formalaşması istiqamətində biz tövsiyələr vermişik. Ölkəmizdə bu sahədə islahatlar aparılmalıdır. Təəssüf ki, hələ də köhnə idarəetmə sistemi qalır. Nazirlərin arasında müxtəlif maraqlara xidmət edən güc mərkəzləri var. Onların adamları icra başçıları təyin olunurlar. Yerlərdə güc mərkəzlərinin maraqlarını ifadə edirlər”.



Natiq Miri qanunsuzluqların qarşısının alınması yollarından da danışdı: “İdarəetmədə yeni islahatlar aparıldığı, konkret sərhədlər müəyyənləşdirildiyi təqdirdə düşünürəm ki, heç bir özbaşınalıq ola bilməz. İcra başçıları bilsələr ki, etdiklərinə görə cəzalanacaqlar, onda onlar hüquq çərçivəsində davranmaq məcburiyyətində qalacaqlar. Amma bu gün cəzasızlıq sindromu var. Qanunlar əsasən, cəmiyyət və xalq üçün tətbiq edilir. Eyni qanunlar hakim dairələrdə olanlara şamil olunmur. Hər bir icra başçısı özünü ”kiçik prezident" kimi aparır. Bunun üçün nəzarət sistemi olmalıdır. Dəyərlərə hörmət edənlər bu vəzifəyə təyin olunmalıdırlar. İcra başçıları qubernatorluq sistemində qubernatorların maraqlarını ifadə edirlər. Əsas qüsurlardan biri də budur. Xalq bundan narazı olur. Bu sistemin tətbiqinə nə ehtiyac var? Təəssüf ki, bu sistem Azərbaycanda hökmrandır. Bunların qarşısını almaq üçün görülən tədbirlər heç bir təhlükə törətməz. Əgər islahatlar başlasa, hər şey asanlıqla yerinə yetiriləcək".

Cavanşir ABBASLI /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar