Vəfa Quluzadə «The New York Times»ın Qarabağdakı müharibə ilə bağlı xəbərdarlığını real sayır
«Rusiya Ukraynaya xüsusi təyinatlılar göndərdiyi kimi Qarabağda da eyni addımı ata bilər»
Rusiyanın yürütdüyü aqressiv xarici siyasət keçmiş postsovet məkanında əks-səda verməkdədir. Baş verənlər beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb.
“The New York Times” qəzetinin Moskva müxbiri David M.Herszenhorn Ağdamdan hazırladığı reportajda qeyd edir ki, Ukrayna münaqişəsinin kölgəsində qalmasına baxmayaraq, başqa bir münaqişə - Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi son aylarda ölümcül bir şiddətlə qızışıb. Müxbirin qənaətinə görə, hər iki tərəfdən onlarca əsgərin öldürüldüyü toqquşmalar Bakı və Yerevanı qorxulu bir tərzdə açıq müharibəyə sarı çəkir. Ekspert vurğulayır ki, Fransa, Rusiya və ABŞ-dan olan vasitəçilərin birgə bəyanatında hər iki tərəf münaqişənin sülh yolu ilə həllinə, gərginliyin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsinə çağırılır. “Amma bunun əksinə olaraq zorakılıq davam edib”,- yazır müxbir.
Ancaq bir məqamı da unutmaq olmaz ki, 2015-ci il Azərbaycan hakimiyyəti üçün önəmli il sayılır. Çünki məhz bu il Azərbaycan Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, 2015-ci il eyni zamanda parlament seçkiləri ilidir. Yəni hər iki hadisə, xüsusilə beynəlxalq tədbir ölkədə sabitliyin olmasını tələb edir.
Amma bununla yanaşı müharibənin ola biləcəyini söyləyən ekspertlərin də sayı az deyil.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Azərbaycan problemin sülh yolu ilə həll olunmasında maraqlıdır. Bu zaman ən azı dağıntılar olmayacaq. Çünki Qarabağdakı növbəti müharibə hər iki tərəfin bir-birinə raket zərbələri vurması ilə müşahidə olunacaq: “Rusiya Ermənistanın əsgəri müttəfiqi olaraq qalır. Hətta Rusiya belə bəyanatlar verir ki, Qarabağdakı növbəti müharibə zamanı Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsinin iştirakçılarını Ermənistanın müdafiəsinə cəlb edəcək. Tacik və özbəklər Ermənistann tərəfindən Azərbaycanla vuruşmayacaq. Amma Rusiya Ukraynaya xüsusi təyinatlılar göndərdiyi kimi Azərbaycana qarşı da bu addımı atacaq. Rusiyanın belə bir qərar qəbul etməsi istisna deyil. Çünki, ABŞ Rusiyaya qarşı sanksiyaları daha şiddətləndirmək fikrindədir. Bu isə o deməkdir ki, Rusiyanın xarici siyasətini dəyişənə qədər bu təzyiq davam edəcək. Azərbaycan Rusiya üçün təhlükəli faktora çevrilib. Bu təhlükə də ondan ibarətdir ki, Rusiya Avropaya nəql etdiyi neft və qaz layihələrini əlində saxlamaq istəyir. Lakin ABŞ və Avropa Rusiyanın asılılığından çıxmaq fikrindədirlər. Türkmənistanın enerji daşıyıcıları Xəzərin üzərindən Avropaya nəql edilə bilər. Ona görə Rusiya Azərbaycana təhlükə kimi yanaşır”.
Xəyal