Amerika Xarici Siyasət Şurasından rəsmi Bakıya ciddi mesajlar
E.Wayne Merry: «Azərbaycan hökuməti elə əməllərə əl atır ki, təkcə ABŞ hökumətini, Obamanı deyil, Konqresdəki mühüm adamları da qıcıqlandırır»
«ABŞ kimi böyük qüdrətlər üçün bu cür narazılıqlar üst-üstə toplanır, hansısa məqamda haqq-hesab çəkmək vaxtı yetişir»
Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə aparıcı tədqiqatçısı E.Wayne Merry “Amerikanın səsi” radiosuna müsahibəsində Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlər, ölkəmizdəki repressiyalar, həmçinin Dağlıq Qarabağda münaqişəsi, o cümlədən son günlərdə cəbhə xəttində artan gərginlikdən danışıb. Amerikalı tədqiqatçı bildirib ki, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalmaqdadır:
- Azərbaycanda vətəndaş cəmiyyətinə, ABŞ-ın maliyyələşdirdiyi təsisatlara qarşı basqılar, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi fonunda ABŞ-la Azərbaycan arasında gərginliklər artıb. Bəzi müşahidəçilər baş verənləri Azərbaycanın Rusiyayanın yanında yer alması ilə izah edirlər. Siz Azərbaycandakı daxili durumla geosiyasi mənzərə arasında bağlılıq görürsünüzmü?
- Bakıda siyasəti müəyyən edənlərin motivlərini kənardan səciyyələndirmək mənim üçün çətindir. Amma o həqiqətdir ki, son aylarda Azərbaycan hökuməti artan dinamika ilə Amerikanın heysiyyatına dəyər verməkdən imtina edir. Azərbaycan hökuməti elə əməllərə əl atır ki, bunlar təkcə ABŞ hökumətini, prezident Obamanı deyil, Konqresdəki mühüm adamları da qıcıqlandırır. Ola bilsin, bu, Bakıdakılara önəmli görünməsin, çünki onlara daim Azərbaycanın necə mühüm olduğu və s. deyilir. ABŞ kimi böyük qüdrətlər üçünsə bu cür narazılıqlar üst-üstə toplanır, hansısa məqamda haqq-hesab çəkmək vaxtı yetişir.
Azərbaycan ABŞ üçün Əfqanıstana gedən yolda şimal paylaşma şəbəkəsinin tranzit nöqtəsi kimi əhəmiyyətlidir.ÿAmma Amerikanın Əfqanıstandakı rolu azaldıqca, Azərbaycanın da əhəmiyyəti azalır. ABŞ-la Rusiya arasında artan gərginliklər fonunda Qara Dəniz, Qafqaz və Xəzər regionunda baş verənlərin əhəmiyyəti də arxa plana keçir. Zənnimcə, gün gələcək, Azərbaycan hökuməti ABŞ üçün əhəmiyyətinin düşündüyündən az olduğunu görəcək.
- Güman etmək olardı ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda Azərbaycan Qərblə daha sıx münasibətlərə can atar, ölkə daxilində basqıları azaldar. Amma bunu müşahidə etmirik. Sizcə Azərbaycan hökuməti Qərbdən, yaxud ABŞ-dan daha çox çəkinir, yoxsa son illərdə iki qonşusuna hərbi müdaxilə etmiş Rusiyadan?
- Iki düşüncəni paylaşmaq istəyirəm. Birincisi, son illərdə Azərbaycanda müxalifətə, söz azadlığına və başqa azadlıqlara basqılarla xarici siyasət arasında az qala, heç bir bağlılıq görməmişik. Rəsmi Bakı xariclə münasibətlərilə daxildəki əməlləri arasında əlaqə görmür. Ikincisi, Azərbaycan hökumətində belə bir təəssürat var ki, Ermənistan Moskvadan o qədər asılıdır ki, Bakının Qərblə kompromisə getməsinə, Vaşinqtonun rəğbətini qazanmaq üçün Yerevanla rəqabət aparmasına ehtiyac yoxdur. Bu baxımdan Azərbaycan hökuməti Qarabağ məsələsində əvvəlkindən daha sərbəst olduğuna inanır. Çünki Qərb Ermənistanın tamamilə Rusiya orbitində olduğu qənaətindədir.
- Prezident Obamanın hakimiyyət dönəminin bitməsinə cəmi iki il qalır. ABŞ-ın bu müddətdə post-sovet məkanı, konkret Azərbaycanla bağlı siyasətini necə görürsünüz?
- Əvvəla, post-sovet məkanında, ələlxüsus Qafqazda son 4 Amerika administrasiyasının yürütdüyü siyasətdə böyük davamlılıq var. Ata Buş, iki Klinton, iki oğul Buş, iki Obama dönəmlərində siyasətdə büsbütün davamlılıq müşahidə etmişik. Kimin prezident olmasından asılı olmayaraq, bu davamlılıq yəqin ki, Obama administrasiyasından sonra da qalacaq. Bu məsələnin Amerikanın daxili siyasətinə bağlı olması anlayışı səhvdir. Qafqazla məşğul olan adamların tərcümeyi-hallarına baxsanız, görərsiniz ki, onların daxili siyasətlə əlaqəsi yoxdur. Diplomatik korpusda, Pentaqonda xidmət edən adamlar firqəçilikdən uzaq olur. Ağ Evdə istər Respublikaçı, istərsə də Demokratın oturmasından asılı olmayaraq, bunlar eyni sifətlərdir. Hesab edirəm ki, Obama administrasiyasının son iki ilində başlıca amil Əfqanıstandakı hərbi mövcudluğun azaldılması olacaq. Bu isə o deməkdir ki, Azərbaycanın da rolu azalacaq.
Beynəlxalq enerji bazarları da kəskin dəyişib. ABŞ-ın iri neft hasilatçısına çevrilməsilə neftin qiyməti də düşüb. Bu da o deməkdir ki, regional enerji təchizatçılarının rolu da Amerika geosiyasi hesablaşmalarında elə də önəmli rol oynamayacaq. O şeylər ki 10-12 il əvvəl - 11 sentyabr hadisələrindən sonra Azərbaycanı Vaşinqton üçün mühüm etmişdi - təhlükəsizlik və enerji - indi hər iki məsələdə Amerikanın nəzərləri Qafqazdan və Azərbaycandan çevrilir.
- Son günlərdə Ermənistan və Azərbaycan qüvvələri arasındakı təmas xəttində zorakılıqlar vüsət alıb. Siz müharibənin alovlanmasından narahatsınızmı?
- Hazırda müharibə riskinin böyük oldunu düşünmürəm. Amma narahatedici bir neçə faktor var. Qarabağ müharibəsində atəşkəs əldə olunandan bəri - son 20 ildə müharibə baş verməyib. Amma zorakılıqlar mütəmadi və daha ölümcül hal alıb. Söhbət təkcə Qarabağdakı təmas xəttindən yox, həm də Ermənistan-Azərbaycan sərhədindən, Naxçıvanla sərhəddən gedir. Söhbət Ermənistanla Azərbaycan arasında mümkün münaqişədən gedir. Iki respublika arasında nəhəng silah yarışı gedir. Müharibə eskalasiya etsə, son dərəcə zorakı xarakter ala və nəzarətdən çıxa bilər. Nəhayət, geosiyasi situasiyadakı dəyişiklik də narahatlıq doğurur. Prezident Ilham Əliyev Rusiyanın Krımdakı hərəkətlərinə baxıb hesab edə bilər ki, o da Putin kimi hərbi əməliyyatlara start verə bilər. Bu, çox yanlış qərar olardı. Azərbaycanla Ermənistan arasında baş verə biləcək münaqişə çox təhlükəli qonşuluqda cərəyan edəcək. Siyasi liderlər çalışmalıdır ki, zorakılıqlar lokal və minimal səviyyədə qalsın. Çünki hadisələr siyasi liderlərin istəmədikləri bir şəkildə nəzarətdən çıxa bilər.
- Biz Azərbaycanın Qərb üçün mühümlüyü haqda eşidirik. Bəs, Qərb Azərbaycan üçün mühümdürmü?
- Təəssüf ki, azalan şəkildə. Bu da onun nəticəsidir ki, Azərbaycana son illərdə axan pullar iri miqyasda korrupsiya və korroziyaya yol açıb. Ikincisi, Ilham Əliyevdən əlavə siyasi elita getdikcə yalnız içəriyə doğru baxır və ətraf dünya haqda təsəvvürü itirib. Nəhayət, Azərbaycan özünü qlobal miqyasda olduqca mühüm oyunçu hesab edir. Halbuki, Qərbin və ABŞ-ın prioritetlərində o bu önəmi daşımır. ABŞ Azərbaycana izah etməlidir ki, 5-10 il əvvəllə müqayisədə Amerika prioritetlərində Azərbaycanın rolu elə də böyük deyil. Dəyişən enerji bazarı və Amerikanın Əfqanıstanda azalan hərbi mövcudluğu bu rolu azaldır. Tendensiya yəqin ki, davam edəcək və Azərbaycanın əhəmiyyəti azalacaq.
- Azərbaycana Qərb lazımdırmı?
- Əgər Azərbaycan neft gücünə işləyən avtoritarizm kursundan çıxmaq istəyirsə, bəli, ona Qərb lazımdır. Bu səbəbdən Qərb Sovet Ittifaqı dağıldıqdan sonra Azərbaycana əl uzatmışdı. Amma əgər... Azərbaycanın siyasi liderləri düşünürlərsə ki, onlar o qədər varlı və müstəqildirlər ki, Qərbin və Amerikanın maraqlarını nəzərə almağa ehtiyacları yoxdur, onda onlar öz yolları ilə gedə bilərlər. Amma Azərbaycan Iranla Rusiya arasında ilişib qalmış nisbətən kiçik ölkədir və elə zaman yetişə bilər ki, onun güclü dostlara ehtiyacı ola bilər. Onda məlum olacaq ki, belə bir dost yoxdur.