“Bizim Sevgililər Günü ilə bağlı təklifimizə müraciətlər həddindən artıq çoxdur. Konkret adlar çəkə bilmərəm. Çünki belə bir səlahiyyətim yoxdur. Ancaq həm ölkə daxilindən, həm xaricdən çoxsaylı zənglər var, maraqlanırlar”.
Bu sözlər Axar.az-a “Four Seasons Hotel Baku”dan bildirilib. Otelin əməkdaşı deyib ki, 14 fevral Sevgililər Günü ilə bağlı 100 min manatlıq istirahət paketi hazırlanıb. Onun sözlərinə görə, otelə çoxlu müraciətlər olsa da, rezerv edən hələ ki, yoxdur.
Paytaxtın Neftçilər prospektində yerləşən “Four Seasons Hotel Baku” 14 fevral Sevgililər Günü münasibəti ilə cütlüklərə ağlasığmaz istirahət paketi hazırlayıb. Bu təklifi hansı milyarderin qəbul edəcəyi isə maraq doğurur.
Otelin təklifləri sırasında sevgililəri “Limuzin” markalı maşınla yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq, ardınca qalanın zirvəsində şampan, kürü ziyafəti vermək daxildir.
Təkliflər paketi bununla yekunlaşmır. Valentin gecəsinə “Four Seasons Hotel Baku”nun “Kaspian” restoranında əsrarəngiz şam yeməyi də daxildir.
Otel 24 karatlı qızıl və süd vannasında masaj da təklif edir. Gecənin sonunda isə otelin ən lüks otaqlarından biri sevgiliniz üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir. Xəbərdə o da qeyd edilir ki, təqribən 100 min manata başa gələn Sevgililər Günü əcnəbilərə də şamildir.