Əmlak Məsələləri Dövlət Komitəsi 4 saylı bazarın bazasında yaradılan “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib.
Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 milyon 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır.
Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mülkiyyət” qəzetində yanvarın 31-də açıqlanıb.
Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 milyon manat olan səhmlərin 99,89 faizi investorun olacaq.
Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarın ikinci özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib.
2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb ("Turan").