“Beynəlxalq reytinq agentlikləri Ermənistanın Rusiyadan asılılığını və dayanıqlı iqtisadi modelinin olmadığını nəzərə alaraq ölkənin reytinq cədvəlini endirir. Və çox güman ki, bundan sonra digər agentliklər də Ermənistanın reytinqini aşağı salacaqlar”.
Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, “Fitç” (Fitch) Beynəlxalq Reytinq Agentliyinin Ermənistanın reytinqini aşağı salmasına aydınlıq gətirib:
“Ermənistan iqtisadiyyatının böyük bir hissəsi katostrofik dərəcədə Rusiyadan asılı vəziyyətdədir. Hətta bəzi Rusiya vilayətləri var ki, aldıqları dotasiyanın həcminə görə Ermənistandan sonrakı yerlərdə gəlir. Təbii ki, Rusiya iqtisadiyyatında baş verən problemlər, rublun ucuzlaşması, borcların artması Ermənistana da ciddi dərəcədə təsir göstərir. Çünki Ermənistanda ÜDM-in 60 faizə yaxını birbaşa Rusiya ilə bağlıdır. Bundan əlavə Rusiyada yaşayan erməni əsilli vətəndaşlar öz ailələrinə ildə 2 milyarda yaxın vəsait göndərirdilər. Bu vəsaitin həcmi Rusiyada baş verən problemlərlə əlaqədar azalıb və bu da özlüyündə Ermənistanın daxili bazarında problemlər yaradır. Beynəlxalq reytinq agentlikləri Ermənistanın bu asılılığını və dayanıqlı iqtisadi modelinin olmadığını nəzərə alaraq, ölkənin reytinq cədvəlini endirir. Və çox güman ki, bundan sonra Ermənistanın reytinqini digər agentliklər də aşağı salacaqlar”.
Natiq Cəfərli Ermənistanın yaxın 2 ildə çox ciddi şəkildə sosial problemlərlə üz-üzə qalacağını bildirib:
“Ermənistanın reytinqinin aşağı salınması ölkə iqtisadiyyatında çox ciddi tənəzzüllə müşayiət olunacaq. Bu tənəzzülün əsas səbəblərindən biri də ölkəyə kapital qoyuluşlarının azalmasıdır. Böhrandan öncəki illərdə Rusiya Ermənistana 1 milyard kapital qoyuluşları həyata keçirirdi. Və yaxud Ermənistanın mülkiyyətində olan iqtisadiyyat sahələrini Rusiya şirkətləri özəlləşdirirdi. Bu da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərirdi. İndi bu tendensiya dayanıb və hətta Ermənistanda aktivlərin həddindən artıq ziyanlı olduğunu nəzərə alaraq, Rusiya şirkətləri bəzi aktivlərdən imtina etməyi düşünürlər. Yaxın vaxtlarda Ermənistanın iqtisadiyyatında ciddi problemlərin şahidi olacağıq. İl ərzində Rusiya rubluna bağlılığı olan dramda çox ciddi enmələr və devalvasiya müşahidə ediləcək. Bunun nəticəsində isə Ermənistanda inflyasiya yüksələcək və qiymətlərin yüksəlməsi sosial gərginliyini kəskin şəkildə artımı ilə müşayiət olunacaq. Ermənistan iqtisadiyyatında baş verən proseslər mütləq özünü siyasi arenada da göstərəcək”.
Qeyd edək ki, “Fitç” (Fitch) Beynəlxalq Reytinq Agentliyi Ermənistanın reytinqini “BB-”-dən “B+”-ə endirib.