Ötən ayın hadisəsi olan məhkum Lamiyə Quliyeva işi fevralda da müzakirə olunmaqdadır. Yanvar ayının adamı sayılacaq məhbus ananın işi Milli Məclis səviyyəsində də qaldırıldı. Ancaq müzakirələr səngimək bilmir. Ali Məhkəmənin çıxardığı hökm isə Lamiyə işini daha da diqqət mərkəzinə çıxarıb.
Axar.az-a gələn xəbərlərə görə, Lamiyənin azadlığa buraxılması üçün adının çəkilməsini istəməyən bir neçə millət vəkili hərəkətə keçib. Dustağın övladının olduğu nəzərə alınaraq məhkəmə qərarı ilə azad olunması xahiş ediləcək. Əslində, Ali Məhkəmənin son hökmü də bu istiqamətdə yumşaldıcı bir addımdır.
***
Vurğulayaq ki, “Azvision.az” Lamiyənin bəraət aldığı barədə bu gün xəbər yayıb.
Lamiyənin vəkili Fəxrəddin Mehdiyev isə “Musavat.com”a deyib ki, müvəkkili haqda həmin bəraət hökmünü Ali Məhkəmənin hakimi Hafiz Nəsibov verib. Xəbərdə deyilir:
“Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.
Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib”.
Bu xəbər müəyyən anlaşılmazlıqlar yaradıb. Belə ki, guya L.Quliyeva bəraət hökmü ilə azadlığa qovuşması kimi qəbul edilib. Əslində isə bəraət hökmü L.Quliyevanın növbəti dəfə cəza müddətinin artırılmasının qarşısını alıb. Hər bir halda bu hökmdən sonra cəzasının azaldılması da istisna edilmir.
***
Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov isə deyib ki, Lamiyə uşağın məhkum atasının adını onlara söyləyib: “Biz həmin məhkumla da görüşməyi planlaşdırırıq. Artıq yaxın vaxtlarda uşağın atası kimi Lamiyənin bizə dediyi şəxslə də görüşümüz keçiriləcək. Bəlkə həmin məhkum uşağın atası olmayacağını deyəcək?! Ona görə də DNT analizi keçirilməlidir”.
Qeyd edək ki, Lamiyə Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. 2003-cü ildə 16 yaşında həbs edilən L.Quliyevanın cəza müddəti 2013-cü ildə başa çatmalı olsa da, sonradan onun cəzaçəkmə müəssisəsində nəzarətçiyə qarşı kobudluq etməsi səbəbindən cəzası daha 5 il 6 ay artırılıb.