Fransada ər öz arvadını evi süpürməyə məcbur etsə həyatı qaralır...

3-02-2015, 23:14   
Fransada ər öz arvadını evi süpürməyə məcbur etsə həyatı qaralır...
Strasburqun tarixi, memarlığı haqqında ötən yazıda müəyyən təsəvvür yaratmağa çalışmışdıq. Bu dəfə sizə Fransanın bu sərhəd şəhərinin günlük həyatından söz açmaq istəyirik.

Strasburqun təxminən 273 min əhalisi var. Əhali özünü fransız yox, elzaslı adlandırır. Rəsmi dil fransızca olsa da yerli əhali fransızca və almancanın qarışığından yaranan ləhcədə danışır. Əgər küçədə yerlilərdən kiməsə sual vermək məcburiyyətiniz yaransa, əmin olun, siz ancaq fransızca cavab ala biləcəksiz. İngiliscə bilən gənc nəsil belə sualınızı bir şəkildə - hətta əl-qolla, kağız üzərində təsvirlə olsa belə fransızca cavablandıracaq. Bu şəhərdə yalnız əcnəbi tələbələr ingiliscə komplekssiz danışır.

Bu balaca Avropa şəhərini gəzməyin ən rahat yolu şəhər nəqliyyatının əsas ağırlığını daşıyan tramvaydır. Bir neçə xətt üzrə hərəkət edən tramvaylarla Strasburqun istənilən nöqtəsinə getmək mümkündür. İnterval 7-8 dəqiqəni keçmir. Strasburq ictimai nəqliyyatının hərəkətini göstərən elektron lövhələrin “nəqliyyatın intellektual idarəedilməsi” adlı quruma bağlı olub-olmadığını bilmirəm, ancaq onlar çox dəqiq işləyir.

Strasburqda bilet qiymətləri, ümumiyyətlə biletdən istifadə fərqlidir. Bilet almağın ən asan yolu kredit kartları ilədir, çünki elektron “biletsatanların” tələb etdiyi xırda əskinaslar hər zaman cibdə olmaya bilər. Bu sistem tamamilə elektornlaşdırılıb. Kredit kartı ilə istənilən sayda bilet almaq mümkündür. Tək biletin qiyməti 1,8 avrodur. Say çoxaldıqca qiymətlər enir. Elektron qutudan çıxan bileti başqa bir elektron qutuya yaxınlaşdırmaq lazımdır. Bu qutu biletin üzərinə tarixi və dəqiq saatı yazır. Həmin biletlə 1 saat boyu istənilən sayda nəqliyyata minmək mümkündür. Zamanı düzgün hesablamaq şərtdir. Çünki tramvayda, ya avtobusda nəqliyyat müfəttişlərinə zamanı bir saatı keçmiş biletlərlə yaxalananlar 40 avro cərimə ödəməlidirlər.

Strasburqda təbii, avtobuslar da işləyir. Avtobuslar, nə avtobuslar... Çiçək kimi təmiz əsl fransız avtobusları. Çox müasirləri də var, ortababları da.

Tramvay, avtobus öz yerində, strasburqluların ən sevimli nəqliyyat vasitəsi velosipeddir. Həm də yalnız gənclərin, tələbələrin deyil, uşaqlıların, yaşlıların da. Velosiped qənaət, sağlam həyat tərzi, ən önəmlisi də ekologiya açısından önəmlidir. Şəhərin bir çox yerində velosiped dayanacaqları var. Ancaq strasburqlular kirayə velosiped sayının azlığından şikayətçidir. Tələbələr deyir, səhər saatlarında velosiped tapmaq üçün dayanacaqlara lap erkəndən getmək lazımdır. Velosipedlə bağlı ən maraqlı görüntü isə azyaşlı uşaqları olan velosipedçilərə aiddir. Onlar velosipedinin arxasına “kareta” qoşub körpələrini beləcə daşıyırlar.

Uşaq demişkən, Avropanın bir çox şəhərləri kimi Strasburqda da uşaqlar azdır. Statistikaya görə, Fransa əhalisi son 50 ildə yaşlanıb. Hökumət bu məsələdən qayğılı kimi görünmür. Prezident Fransua Ollandın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi “hər ailədən 3 uşaq istəyirəm” çağırışlarını eşidən olmayıb. Avropa iqtidarları şərq hökmdarları kimi ailələrin iç işlərinə qarışmaq haqları olduğunu düşünmürlər. Avropada demoqrafik prosesi canlandırmağın yolu kimi vətəndaşlara müxtəlif güzəştlər təklifini görürlər. Xüsusən qadınlara. Bu güzəştlərə görə Fransanı “qadın cənnəti” adlandıranlar da var. İşləyən analar kimi, işləməyən anaların da sosial müavinətlər alır. Güzəştlər uşaqların sayına görə dəyişir. Anaların həftəlik iş saatı daha az, məzuniyyəti daha uzun, pensiya yaşı daha azdır. Hələ qadın övladını tək böyüdürsə, dövlət ona daha ciddi dəstək verir. Ancaq hökumətin cəhdlərinə baxmayaraq avropalılar üzərlərinə uşaq məsuliyyəti almaq istəmirlər. Evlilik institutu isə buralarda deyəsən, daha erkəndən dağılıb. Qarşılıqlı öhdəlikləri nəzərdə tutmayan vətəndaş nigahında yaşamağı insanlar daha rahat sayır. Ayrılmaq zamanı çatdımı, arkadaşca hərə öz yoluna... Fransada övladları olsa da nikaha girməyi israrla qəbul etməyən cütlüklər də çoxdur.

Fransa qadınların sosial haqlarına görə qadın cənnəti adlandırılsa da Avropanın ən çox zorakılıq görən qadınları da bu ölkədə yaşayır. Faizlərin “arvaddöyən” fransız kişilərə görə yüksək olduğunu düşünməyin. Fransanın adını zorakılıq siyahılarının ilk pillələrinə qaldıranlar miqrantlardır. Fransanın qadın haqları ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarının hesablamalarına görə, hər 5 miqrant qadından 4-ü ailəsindən zorakılıq görür. Fransada zorakılıq dedikdə yalnız fiziki güc tətbiqi nəzərdə tutulmur. Qadını ev işlərinə məcbur etmək belə zorakılıq sayılır. Yəni evini süpürmək istəməyən qadın aidiyyatlı orqanlara “ərim məni ev süpürməyə məcbur edir” diləkcəsi yazsa, kişinin günü qara olar.

Heç maraqlanmadıq, görəsən, Avropada kişilərin haqları necə qorunur?

Məsələn, qadın ərindən brilyant, kürk... yox, olmadı... məsələn, velosiped, maşın, gödəkcə, ya səyahət istəsə, kişi zorlanmış sayılırmı? Bu məsələni dəqiqləşdirmək qalsın sıradakı səfərlərə...

Strasburqda Paris qədər olmasa da xeyli miqrant var. Xüsisən Əlcəzairdən, Türkiyədən, Mərakeşdən, Liviyadan, Suriyadan. Türklər əsasən qida sektorunda çalışır. Hansı küçədən kabab qoxusu gəlsə, bilin orda bir türk restoranı var. Ərəb dünyasından elə ailələr var artıq Fransada üçüncü nəsli böyüyür. Heç şübhəsiz, onların içərisində yüksək təhsilli, Fransa dövlətinin önəmli vəzifələrində çalışan insanlar da var. Ancaq çoxluq xidmət sektorunda çalışan aşağı təhsilli insanlardır. Onları ölkələrindən qaçaq salan işsizlik, səfalət olub. Ancaq elə ailələr var, onlar Avropada da özlərini tapa bilməyiblər. Düzən və sərt qanunlar içərisində onlar rahat deyillər – yapıları fərqlidir. Özlərini həddən artıq sıxılmış hiss edən miqrantların topluma sürətli inteqrasiyasını normal təhsil imkanlarının məhdudluğu da əngəlləyir. Keçinmək üçün ailələr övladlarını təhsildən ayırıb xidmət sektorunda işləməyə göndərirlər.
Mirzə Fətəli Axundovun Hatəmxan ağasının Firəngistan və Qarabağ camaatını fərqləndirən sözləri yəqin yadınızdadır – “biz hər zada inanırıq, onlar heç zada inanmırlar”. Avropaya miqrant axınını gücləndiyi son iki əsr göstərir ki, hər zada inananlarla heç zada inanmayanların bir cəmiyyətdə yaşaması o qədər də asan deyil. Fransa hər nə qədər liberal dəyərləri qoruyan ölkə sayılsa da müsəlmanlar bütün hallarda ikinci plandadırlar. İslam dininə etiqad edənlərin durumu “Çarli Hebdo” olayından sonra daha da çətinləşib.
23 ildir Fransada, Strasburqda yaşayan türk Aslan Çetiner deyir ki, çalışdığı qurumda Paris terrorundan sonra onu əməlli-başlı sıxışdırırlar. Aslan Çetinerlə tanışlığımız da qəribə oldu. Səfər yoldaşlarımızdan biri ilə gedəcəyimiz səmti qarışdırmış, şəhərin tamam başqa bir məhəlləsinə gedib çıxmışdıq. Saat 6 olmasına baxmayaraq ins-cinc gözə dəymirdi, sanki ruhlar şəhərində idik. Yol kənarındakı profilaktoriyanın işığını yanıq görüb sevindik. Yaxınlaşıb ingilisin ana dilində gedəcəyimiz yeri soruşduq, ancaq qaraqaş-qaragöz işçilərdən heç biri bizi anlamadı. Onların fransızcasını da biz başa düşmədik. Sonda yol yoldaşıma dedim ki, bəlkə başa salaq bizə taksi çağırsınlar. Elə bunu demişdim, işçilərdən ikisi heyrətlə soruşdu - “abla, türkmüsün?” Ah, canım türkcəm, Strasburqda da keçərlisən... Biz də sevinmişdik, ürəkləri dolu olan qardaşlarımız da. Aslan bizi öz maşını ilə gedəcəyimiz yerə gətirdi. Türksayağı - təmənnasız-filansız. Yolboyu da Fransaya gəliş hekayəsini, Fransadakı yaşayışını, Pasris terrorundan sonrakı durumu anlatdı.

Əslən Əskişəhərdən olan Aslan əsgərlikdən sonra Fransaya köçüb. Strasburq restoranlarından birində ofisiantlığa başlayıb. Maşınlara marağı onu uzun illərdir çalışdığı avtomobil təmiri sektoruna gətirib. Xanımı fransızdı:“Biz evlənəndə onun 1 yaş 2 aylıq oğlu vardı. Bizim də iki oğlumuz oldu. Xanımım müsəlmanlığı qəbul edib. Oğlunu da oğlum kimi böyütdüm. O da müsəlmandır, mənimlə bir yerdə işləyir. Qardaşım qızı ilə nişanlanıb, yayda Əskişəhərdə toy edəcəyik. O biri oğlanlarımdan biri aşbazlıq, biri mühəndislik oxuyur. Həm də xırda işlərdə çalışırlar. Fransada həyat bahalıdır. Normal yaşamaq üçün hamı işləməlidir. Xanımımın bəzi psixoloji problemləri var, ildə iki dəfə müallicə almalıdır. Uçaq fobiyası olduğu üçün toya da gedə bilməyəcək”. Aslan elə təəssüflənir... Ürəyimdə fikirləşirəm, görəsən neçə avropalı kişi bu durumda olan türk, müsəlman qadına sahib çıxmağa özündə cəsarət tapar?
Aslan deyir, Paris terrorundan sonra işlədiyi müəssisənin rəhbərliyinin ona və digər müsəlman işçilərə münasibəti kəskin pisləşib: “Münasibətlərimiz normal idi. İndi hər addımda basqı hiss edirik. Salamımızı da ağızucu alırlar. Yanımızda müsəlmanların ünvanına təhqirlər deyirlər... Bu bizi çox ağrıdır. Təbii, biz də bütün sivil insanlar kimi terrora qarşıyıq. Bir fransız, ingilis, alman, ispan terror haqqında nə düşünürsə, bizim də düşüncəmizdəki odur. Günahsız insanların ölümünə yönələn hər olay pislənməli, mümkünsə qarşısı alınmalıdır. Bu cür qanlı olayların pis tərəfi odur ki, toplumu parçalayır, ədavət yaradır. Biz bu terrora qədər heç bir ayrı-seçkilik hiss eləmirdik. Ancaq indi... çətindir. Dinib-danışmağa da imkan yoxdur. Ərəb dünyasında illərdir savaş gedir, illərdir onların silahısını xristian dünyası verir, hər gün minlərlə günahsız insan ölür, ancaq biz bunları dilə gətirsək, gərək burdan çıxaq gedək”.
Aslanı dinlədikcə sanki Strasburqun, Fransanın üzdən çox bər-bəzəkli görünən siması əriməyə başlamışdı. Gerçək həyatın şərtləri yalnız təmiz küçələr, yaraşıqlı evlər, insanların rifahı üçün yazılan qanunlar deyil. Gerçəklikləri daha çox eyni toplumda yaşayan insanların qarşılıqlı münasibətləri şərtləndirir. Ölkələri gözəl göstərən, dəyərli edən məhz bu münasibətlərdir. Kaş ki insan münasibətləri heç pozulmasın, “Çarli” deyəndə yada dini dəyərlərə sataşan Hebdo yox, pozitivlik və barış təlqin edən Çaplin düşsün.
//musavat.com/
Aygün Muradxanlı, Strasburq-Bakı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar