Bir qayda olaraq, bizi həqiqi məbud olan Rəbbimizdən uzaqlaşdıran və ya ona göstərəcəyimiz sevgi və hörmətdə , ona şərik olan hər şey bir növ bütdür.
Halbuki, Allaha olan hörmət və ehtiramımızın əks olunması olaraq qəlbimizdə yer alan sevgi və hörmətlər, Allaha aparan yolların yol nişanları hökmündədir. Peyğəmbər(s) sevgisi,Əhli-Beyt sevgisi , din sevgisi, Quran sevgisi, Allahın saleh və məsum qullarının sevgisi və bunların hörməti, Vətən və torpaq, ata və ana ,uşaq və övlad sevgisi onlardandır.
Bunlar tamam ayrı məsələlərdir və büt anlamına gəlməzlər .
Dünyanı Allahın Rəbbani bir məktubu bilərək oxumaq və sevmək və ya axirətin bir tarlası olaraq görüb burada axirətə hazırlıq görmək , Allahın sevgisinə zidd deyil, əksinə Onun sevgisini möhkəmləndirən bir sevgi çeşməsi və Allahın sevgisinin bir aynasıdır.
İnsan, sonu ölümlü olan bu həyata bir sıra duyğularla gözlərini açır. Həqiqətən, onda anadangəlmə mövcud olan bu duyğular dünya həyatına canlılıq, hərəkət, rəng və məna qazandırır. Ancaq nəzarətdən kənarda qoyulduqda bu duyğular din, əxlaq və elmlə idarə edilməzsə , yəni qanuni bir sərhəddə tutulmazsa ,bu zaman çox zərərli nəticələr doğura bilər. Ən azından maddiyyatı hədəf seçməsinə, onu bir növ ilahiləşdirməyə səbəb ola bilər. Eləcədə adamın bütün istək və enerjisini, düşüncə və bacarığını bu istiqamətə çevirib yönləndirə bilər.
Ağıl, din ilə birləşib duyğu və düşüncələrimizi yaxşıya, doğruya, gözələ, bir sözlə qanuni xətdə saxlamağa yönəldərsə , məxluqla Xaliq arasında qulluq və Rəbbin maraq və əlaqəsini təmin edərsə, insan duyğularının əsiri və ya süni peyki olmaqdan xilas olar. Beləliklə də həqiqi həyat üçün dünya nemətlərinin bir vasitə olduğunu, əsl məqsədin İlahi razılıq əsasında bu vasitələri bilərək yerində istifadə etmək vasitəsilə Allaha tərtəmiz qovuşmaq olduğunu anlayar.
Bu baxımdan,Furqan surəsinin "(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!) “ 43-cü ayəsində bu haqda çox dərslər var.
Məkkə bütpərəstlərin milli-mentalitet quruluşunu əhatəli şəkildə tənqid edən bu ayə, ümumbəşəri planda son dərəcə mənalı, aydınlaşdırıcı dərslərə şamildir. Bu Quran ayəsi bəşəriyyətin ümumi bir zəifliyinə işarə edir. Belə ki, tarixin hər dövründə, hətta bu gün də bəşəriyyətin əsas problemi, fiziki arzularını, maddi maraqlarını, məqam və vəzifə ehtiraslarını ağıl və irfanın işığından, düzgün əqidə və sağlam düşüncədən, haqq və ədalət meyarlarına görə hökm və qərar verib həyatlarını bu ölçülərlə təşkil etməkdən daha əhəmiyyətli görməsidir.
Bu ayə, bütün dəyişməz ölçüləri, məlum olan meyyarları, bilinən ölçüləri aşan bir kimsənin azmış ruhi vəziyyətini, çox dərin bir nümunə olaraq nümayiş etdirir. Bu ruh halında olan biri, tamamilə arzusuna boyun əyir, ehtirasların əsiri olur, öz nəfsinə (ağasına ) ibadət edir. Bir “ ilah “ halına gətirib ibadət etdiyi, boyun əydiyi azğın ehtirası ilə toqquşursa, bu zaman o,heç bir ölçüyə sığmır, heç bir sərhəd tanımır və heç bir məntiqi qaydaya əməl etmir.
İslam isə insanları bütlərin köləliyindən, nəfsin əsarətindən, batil inancların hökmünün altından xilas edib , Allaha qul olmasını , Onun dərgahında boyun əyməsini istəyir .
Hz.Peyğəmbər (s) –in zamanında( Cahiliyyə dövrü) Məkkə şəhərində 360 büt var idi.İnsan oğlu bu müqəddəs ərazidə az qala ilin hər günü üçün bir başqa büt düzəltmişdi.Yəni 360 bütün hər biri ilin bir gününün ilahı sayılırdı.O zamanın bütləri daşdan ,taxtadan və qayalardan düzəldilirdi.Hətta bəzən şəkərdən və qurudulmuş xəmirdən cahil ərəblər kiçik bütlər düzəldər ,aclıq və qıtlıq zamanında çarəsiz qalıb bu bütləri yeyərdilər.İnancları da buna bağlı idi : “ Bizim bütlər bizi aclıqdan qurtardılar və xilas etdilər “.Bu inanc Orta Əsr ərəb cahiliyyə həyatının özəyini təşkil etmişdir.
Türk şairi Tevfik Fikrət “ Qədim tarixə bir əlavə” adlı şeirində buna gözəl bir dillə işarə etmişdir :
Bəşərin böylə zəlalətləri var
Bütünu kəndi yapar ,kəndi tapar
Müasir dövrün bütləri daha sivil və müasir şəkillərdə təzahür etmişdir.Günümüzün insanlarından kimi sevdiyi və evləndiyi qadını özü üçün bir bütə çeirmiş və ona elə “qulluq “ və “bəndəçilik “ göstərir ki, hətta onun iradəsindən kənara çıxmayaraq ,doğma bacı və qardaşları ,valideynləri ilə danışmağı belə özünə qadağan edir.Onlar dünyadan gedəndə belə bu zavallı, “bütünün “ ( qadının ) qorxusundan doğmalarını son mənzilə yola salmağa getməyə belə cəsarət etmir. Kimisi yığdığı mal-dövləti, pulu və sərvəti öz bütü sayır və onun quluna çevrilmiş,kimisi də oturduğu kürsünü öz gözündə ən böyük “ilah “ kimi görməkdədir.Bəziləri öz istedadlarının və savadlarının quluna çevrilmişlər. Bunanla yanaşı ,əgər simvolik və müasir bütləri siralamağa başlasaq ,onları sayıb bitirmək mümkün deyil.
Bütün bunları bir yerdə ümumiləşdirsək ,o zaman bu nəticəyə gələ bilərik ki, günümüzün insanı əsasən üç dünyəvi “bütün “ quluna çevrilmişdir : Məqam (vəzifə) ,pul və qadın !
Bəzən dini mühitdə də bəzi inaclılar , toplaşdıqları dini icmalarının ruhanilərini ,hətta o ruhanilərin özlərinin xəbəri olmadığı halda, onları bütləşdirməkdən çəkinmirlər.Onlar haqqında ağla gəlməz söhbətlər və şayələr yayırlar.Fanatik baxışların və çılğın emosiyaların qurbanına çevrilən bəzi sıravi dindarlar , hörmət etdikləri və çox sevdikləri tanınmış ruhanilərin səhvləri olsa belə ,bəzən hər vasitə ilə onları müdafiə edir və onların xətasız olmalarını irəli sürürlər.Bu ən təhlükəli rəftardır və çox vaxt cəmiyyətin və digər sosial təbəqələrin gözündən bu incə və həssas məqam yayınmır.Əlbəttə ,biz hər hansı bir ruhaninin etdiyi səhvinə görə, onu cəmiyyətdə müzakirə etməyin və bunu ictimayi şəkildə həyata keçirməyin tərəfdarı deyilik.Ancaq bəzən bu ictimayi müzakirələrə ,təəssüflər olsun ki, bəzi dindarların özü yol açır və bu müzakirələr çox zaman sosial şəbəkələrdə ədəb qaydalarınını hüdudlarından kənara çıxır.
Büt bu gün insanı Allahdan ayıran hər şeydir!
Hz. Peyğəmbər (s.ə.v.v) buyurublar: “Sənin ən böyük düşmənin, iki böyrün arasında yerləşən nəfsindir.”
Bu hədisdən və yuxarıda qeyd etdiyimiz Quran ayəsindən məlum olur ki, ən qorxulu “büt” insanın qara nəfsidir.Nəfs adlı büt insanı bütün bütlərə ,mala , sərvətə , məqama ,eyş-işrətə,imansızlıq və rəzalətə boyun əyməyə vadar edə bilər.Bu ,o halda baş veriri ki, insan öz nəfsini özünə ram edə bilmir.
Əgər mən öz nəfsimin heyvani istəklərini hələ də öz ruhuma məğlub edə bilməmişəmsə və bu halda olduğum şəraitdə iddia edirəm ki, “Mən bütlərə yox deyib ,bir Allahı qəbul edirəm “,onda bu səmimiyyətdən və ixlaslı olmaqdan uzaq olur .Əgər nəfsim mənimlə Rəbbimin arasına bir əcayib büt kimi girmişsə,demək mən Allahı və onun dinin hələ düzgün tanımamışam.
İslam dininin bəşəriyyətə aşıladığı əsas qayə insanların batinində qərar tutan ,onların iradələrinə hakim kəsilən “Nəfs” adlı bütün və bü mənfi qüvvənin ətrafında birləşən başqa bütlərin insanın öz əli ilə yox edilməsidir.
Bu mövzunun yekununda ,söhbətimizi ulu Şəhriyarın nəfsə üsyan sayıla biləcək gözəl misraları ilə bitirmək istəyirik :
Mən aza qaneyəm ,
Çoxla işim yox.
Nəfsimin gözünə
Batırmışam ox.
Araz Şiyəkəranlı