Kim deyir ki, siyasətçi romantik ola və ya poeziyanı sevə bilməz, o yanılır. Çünki peşəkar siyasətçi də insandır. O, bütün siyasi oyunlar və gedişlərlə yanaşı, həm də yazılmamış insanlıq qanunlarını da bilməlidir. Əks halda, o cəmiyyətin uğuru olmayacaq.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu nadir foto uzaq 1992-ci ilin noyabrında çəkilib. Məkan Türkiyə, İstanbul şəhəri...
Azərbaycan Respublikasının o vaxtkı prezidenti Əbülfəz Elçibəy Türkiyədə rəsmi səfərdə ikən həmin axşam Türkiyə prezidenti Turqut Özal İstanbulda “Dolmabağça” sarayında onun şərəfinə ziyafət verir.
600 nəfərin qatıldığı böyük ziyafətdə musiqiçilər də iştirak edir. Sol təmayüllü olduğu söylənilən müğənni Ləman San Elçibəydən hansı musiqini dinləmək istədiyini soruşduqda o, “Çırpınırdı Qara dəniz” şərqisinin adını çəkir.
Müğənni həmin mahnının sözlərini unutduğunu söyləyir (solçular bu mahnını bilsələr də, oxumağı sevmirlər). Belədə ziyafət iştirakçılarının, xüsusilə mərhum Turqut Özalın təkidi ilə Elçibəy musiqiçilərə xatırlatmaq üçün çox gözəl səslə həmin şərqini oxumağa başlayır.
Bu zaman məclisdəki bütün adamlar, o sıradan prezident Turqut Özal da ona qoşulub və hamı xorla oxumağa başlayır.
Şəkildə Turqut Özalın həyat yoldaşı Səmra Özalı, müğənni Ləman Sanı və mərhum prezident Əbülfəz Elçibəyi görürsünüz.
Fotoşəkil barədə tarixçi alim, mərhum Elçibəyin silahdaşı olmuş Ədalət Tahirzadə məlumat verib.
A.Qorxmaz