Vaşinqton separatçı Dağlıq Qarabağ rejimini birbaşa maliyyələşdirir
Separatçı Dağlıq Qarabağ rejiminə ABŞ birbaşa maliyyə dəstəyi göstərir.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Azərbaycanın beynəlxalq münasibətləri bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qurduğunu deyən N.Məmmədov bildirib ki, bu baxımdan Qərb ölkələri və ABŞ istisna təşkil etmir.
"Azərbaycanın mövqeyində ikilik mövcud deyil. Biz davamlı dialoqun, qarşılıqlı faydalı əməkdaşlığın və ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamasının tərəfdarıyıq. Azərbaycan ayrı-ayrı ölkələrin mövqeyini və aydın ifadə edilən ikili standartlar siyasətini həmişə başa düşmür. Azərbaycan çox vaxt bəzi Qərb siyasətçilərinin əsassız tənqidinin obyektinə çevrilir. Onlar Azərbaycanın müstəqil mövqeyi ilə heç cür barışa bilmirlər. Bu ölkələrdə erməni diasporunun maraqlarına xidmət edən digər tənqidçilər isə Azərbaycanı qaralamağa və silahlı təcavüzə, Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktına haqq qazandırmağa çalışırlar. Bununla yanaşı, milyondan çox qaçqın və məcburi köçkünün tapdalanmış hüququ diqqətdən kənarda qalır. Separatçı Dağlıq Qarabağ rejiminə ABŞ tərəfindən birbaşa maliyyə yardımı göstərilir, halbuki qitənin digər regionlarındakı analoji vəziyyətlərdə ABŞ sankiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir", deyə Novruz Məmmədov bildirib.