Ətin ucuzlaşması “kasıbın qazanı”nı qaynadacaqmı?

4-02-2015, 16:25   
Ətin ucuzlaşması “kasıbın qazanı”nı qaynadacaqmı?
Ölkədə mal və qoyun ətinin qiymətlərində baş verən ucuzlaşma digər ərzaq məhsullarina da təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, şərtlər bunu diqtə etsə də, mövcud şərait əksini göstərə bilər.

Bir neçə gündür ki, ölkədə mal və qoyun ətinin qiymətində ucuzlaşma baş verib. İri və xırda buynuzlu heyvanların və ətin qiyməti ucuzlaşıb. Ekspertlər bunun bir neçə səbəbini göstərməklə yanaşı, tezliklə bahalaşmanın ola biləcəyini də istisna etmirlər.

Ekspert Samir Əliyev bu məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində, hazırda ölkədə ucuzlaşma üçün zəmin var: “Nəinki ərzaq, hətta digər məhsulların da ucuzlaşması üçün iqtisadi zəmin var. Söhbət ondan gedir ki, biz kifayət qədər xarici ölkədən Azərbaycana məhsullar gətiririk. Ölkəyə qeyri-ərzaq, ərzaq, ət və ət məhsulları gətirilir. Keçən il ölkəyə ət idxalı 7-8 faiz artıb. Həmçinin süd, kərə yağı, meyvə tərəvəz, şəkər gətirilir. Yeyinti məhsulları, kifayət qədər idxal məhsulları xaricdən gətirilir ki, bunların da qiyməti son 4-5 ayla müqayisədə bu gün ucuzlaşmalıdır”.

Ekspert qeyd edir ki, iki səbəbə görə ölkədə ucuzlaşma baş verməlidir: “Dünyada neftin ucuzlaşmasına görə dünya üzrə kənd təsərrüfatı məhsulları ucuzlaşır. Xammal, əmtəə bazarlarında ucuzlaşma müşahidə edirik. Həm taxıl, həm də un məmulatları, kənd təsərrüfatı məhsulları bütün dünyada ucuzlaşır. Bu, imkan verir ki, Azərbaycana da bu məhsullar ucuz şəkildə daxil olsun. Ucuzlaşmanı şərtləndirən ikinci səbəb bəzi xarici ölkələrin valyutasının dəyərdən düşməsidir. Rusiya, İran, və Türkiyə kimi dövlətlərdən, Orta Asiya ölkələrindən, Gürcüstandan gələn məhsullar ucuzlaşmalıdır. Bu ölkələrin hamısının valyutası manata münasibətdə dəyərdən düşüb. Bu, o deməkdir ki, gətirilən mallar, ərzaq məhsulları Azərbaycana əvvəlki dövrlə, məsələn, son bir illə müqayisədə ucuz başa gəlməlidir. Amma çox təəssüf ki, biz bunu müşahidə etmirik. Rusiya valyutası iki dəfəyə qədər ucuzlaşıb. Bu, o deməkdir ki, oradan gətirilən mallar xeyli dərəcədə ucuzlaşmalıdır. Amma biz bunu da müşahidə etmirik. Bunun da səbəbləri var. Bu, bir tərəfdən, gömrüklə bağlı olan məsələdir ki, orada qeyri-rəsmi ödənişlər var. Hər məhsulu gömrük buraxmır. İkinci səbəbə gəldikdəsə, idxal edən monopolist şirkətlər var ki, digər şirkətləri bazara buraxmırlar. Onlar qiymətləri diqtə etdiklərinə görə də, dünyadakı ucuzlaşma bizə təsir göstərmir”.

Ekspert Qadir İbrahimli isə qeyd edir ki, hazırkı şərtlər həmin qiymət ucuzlaşmasını istisna edir: “Mən hətta ətin ucuzlaşmasını da uzun müddət davam edəcək proses hesab etmirəm. Buna müvəqqəti bir hal kimi baxıram, çox güman ki, bir müddətdən ətin qiymətində yenidən bahalaşma ilə bağlı meyllər olacaq. Məsələ ondadır ki, ölkənin gömrük sistemində elə bir situasiya yaradılıb ki, ucuzlaşma tendensiyalarının qarşısı bəri başdan alınır. Əgər Rusiyada avtomobil ucuzlaşıbsa, azərbaycanlılar da gedib, ucuz avtomobil alıb, ölkəyə gətirmək istəyirlərsə, onlardan gömrükdə qeyri-rəsmi ödənişlər tələb edirlər. Bu halda da ucuzlaşma təbii ki, aradan qalxır. Bu baxımdan, idxal monopoliyası nə qədər sərt olacaqsa, ucuzlaşma tendensiyaları çox nadir hallarda baş verəcək. Bu, o hallarda baş verəcək ki, artıq qiymətlərə inzibati yolla təsirlər daxil olur. Məsələn, bir müddət əvvəl yumurtanın qiyməti bahalaşanda dövlət başçısı özü müdaxilə etdi və qiymət artımını dayandıra bildi. Fikrimcə, yaxın vaxtlarda ölkədə bahalaşma ola bilər. Bu, tamamilə realdır”.

Röya RƏFİYEVA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar