Salyan sakinləri Bakı-Astara yolunu bağladı

4-02-2015, 18:08   

Bakı-Astara yolunun Salyan ərazisində əhali yolu bağlayıb.

Bu barədə “Azadlıq”a KXCP Salyan rayon təşkilatının sədri Ədalət Yusubov məlumat verib.

Məlumata görə, 500-dən artıq adam bir saata yaxındır Salyanın Plastmas adlanan ərazisində yolu bağlayıb. Buna səbəb rayonda aparılan qanunsuz söküntü işləridir.

Ə.Yusubovun bildirdiyinə görə, 2 aydır rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun tapşırığına əsasən icra hakimiyətinin şəhər nümayəndəsi Kamil Əzizov 4 min sakinin yaşadığı Əlövsət Quliyev küçəsində qanunsuz tikililərin söküntüsü adı altında sənədli və sənədsiz bütün tikililəri sökməklə məşğuldur. Əraziyə ağır texnika gətirilib, MİS əməkdaşları söküntü işinə cəlb edilib. Söküntüyə etiraz edən insanlar isə təhqir edilir. Bununla bağlı dəfələrlə icra hakimiyəti başçısına müraciət edilsə də, tədbir görülməyib.

Bütün bundan bezən insanlar yolu bağlamaq qərarına gəlib. Hazırda rayon icra hakimiyətinin tikinti şöbəsinin müdiri, həmçinin polis rəisinin müavini ərazidədir.

Ə.Yusubovun sözlərinə görə, aksiya təşkilatçılarına və fəallıq göstərən şəxslərə qarşı təxribat olacağı istisna edilmir.

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar