“Aslan Aslanov Lamiyənin uşağını öldürtdürə bilər” - şok iddia

5-02-2015, 10:16   
“Aslan Aslanov Lamiyənin uşağını öldürtdürə bilər” - şok iddia

“Lamiyənin işi” ilə bağlı növbəti bomba partladı; Ombudsman Aparatı türmədə doğulan uşağın atası ilə bağlı təkzib yaydı; adı gizli saxlanan məhkum kişinin bu məsələni boynuna götürməyə məcbur edilməsi təsdiqləndi; A.Aslanovun oğlunun Ədliyyə Nazirliyinin İstintaq İdarəsində müstəntiq işləməsi qisasçılıq versiyasını gücləndirir
Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Lamiyə Sahib qızı Quliyevanın dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.

ANS press-in məlumatına görə, qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib.

Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə ombudsmana yazılı izahat verib.

Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınıb, müvafiq analizlər götürülüb və yaxın günlərdə nəticəsi açıqlanacaq.

Bəs Lamiyə Quliyevanı qiyabi tanıyan məhkumu DNT qan analizi verməyə kim məcbur edib?
Bu sualın cavabı hələlik yoxdur. Olacağı haqda fikir yürütmək də çətindir. Amma görünən odur ki, vəziyyətdən çıxış yolu axtaranlar məhkumlarla “uşağın atası mənəm” demələri üçün iş aparıblar. Nəticədə də belə bir ifadə ortaya çıxıb və DNT analizi verilib. Sonradan məhkumun verdiyi açıqlamadan imtina etməsini şərtləndirən səbəb və amili araşdırmaq istintaqın vəzifəsidir.

Ombudsmanlıqdan verilən açıqlamadan bəlli olan məsələlərdən biri də L.Quliyevanın ana olması məsələsinin Ədliyyə Nazirliyində araşdırılmasıdır.

Belədirsə, deməli, məsələ nazirliyin istintaq idarəsində araşdırılır. Və həmin idarənin aparıcı müstəntiqlərindən biri də Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin eks müavini Aslan Aslanovun oğlu Turqay Aslanovdur. Bu məqam aparılan araşdırmaların nəticəsini indidən şübhə altına alır.

Turqay Aslan oğlu Aslanovu aparılan istintaqdan uzaqlaşdırmaq üçün öldürülən qardaşının qisasını alacağı haqda xüsusi bəyanatla çıxış etməsinə ehtiyac varmı?

T.Aslanovun L.Quliyevanın ana olmasına yaradılan şəraitin araşdırılmasında iştirakı nə dərəcədə doğrudur?

Həmin araşdırmalara onun təsir etmək imkanları varmı?



Ədliyyə Nazirliyi Ombudsman Aparatını təkzib edir

Bu və digər suallarla Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirlik rəsmisi “Yeni Müsavat”a açıqlamasında təmsil etdiyi qurumda belə bir araşdırmanın aparılmadığını dedi. Bildirdi ki, məsələ prokurorluq orqanlarında araşdırılır.

7-8 nəfərdən DNT analizi alınıb

“Yeni Müsavat”a daxil olan məlumata görə, L.Quliyevanın dünyaya gətirdiyi övladın atasının müəyyən edilməsi üçün 7-8 nəfərdən qan analizləri götürülüb. Bu şəxslər sırasında L.Quliyevanın saxlandığı müəssisənin keçmiş rəisi və müavinləri ilə yanaşı, hazırda müəssisəyə rəhbərlik edən rəis və müavinləri də var. Analizlər Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində tibbi müayinə olunur. Belə məlumat var ki, artıq müvafiq rəylərin hazırlanması prosesi gedir.

Vəkil: “Bu, qisasçılıqdır”

L.Quliyevanın həbsinə qədər nişanlısı olmuş Vuqar Əliyevdən DNT analizinin götürülüb-götürülmədiyini öyrənmək üçün vəkili Adəm Məmmədovla əlaqə saxladıq. Vəkil müvəkkili ilə görüşmədiyini söylədi:



- Vüqar Əliyevlə görüş üçün Penitensiar Xidmətə müraciət etmişəm. Lakin müraciətimə cavab verilməyib. Bildiyim odur ki, Vüqardan belə bir analiz götürülməyib. Çünki Vüqar Əliyev Lamiyə Quliyeva ilə heç cür görüşə bilməzdi. Onun saxlanıldığı Qobustan Qapalı Həbsxanası Qaradağ rayonunda, Lamiyə Quliyevanın saxlandığı müəssisə isə Xətai rayonunda yerləşir. Hər iki şəxs məhkumdur və onların arasında nikah olmayıb və müvafiq olaraq nikah şəhadətnaməsi də yoxdur. Yəni Vüqar Əliyev istəsəydi belə, Lamiyə Quliyeva ilə görüşə bilməzdi. Buna qanun icazə vermir. Bu gün bəlli olan odur ki, Lamiyə Quliyeva heç kimlə rəsmi nikaha girməyib. Bu halda onun ana olması da araşdırılmalı məsələdir.

- Ombudsmanlıq xəbər yayıb uşağın ehtimal olunan məhkum atası barəsində yayılan xəbərləri təkzib edir. Sizcə, məhkum uşağın atası olmasını niyə boynuna götürüb?

- Bu məsələni Lamiyə Quliyevanın saxlandığı müəssisənin rəhbərliyi ortaya atıb. İstəyirlər ki, işi öz üzərlərindən uzaqlaşdırsınlar. Lakin həmin məhkum özü bunu təkzib edir və deyir ki, belə bir şey ola bilməz. Həmin dustağın vəziyyəti, şəraiti, maddi imkanları onun saxlandığı müəssisədən çıxıb digər dustaqla görüşünə imkan vermir.

- Bu məsələdə maddi imkan nəyə lazım ola bilər?

- Məhkumun imkanı o baxımdan lazımdır ki, burada maddi vəsait rol oynayıb. Bu, qisasçılıqdır.



- Belə çıxır ki, uşağın dünyaya gətirilməsi əvvəlcədən hazırlanan məkrli planın tərkib hissəsi olub?

- Bəli. Sifarişi mən ona görə irəli çəkirəm ki, Lamiyə Quliyeva onun həbsinə yol açan cinayət baş verən anda yetkinlik yaşına çatmayıb. Onun 15 yaşı olub. Amma məhkəmə Lamiyəyə maksimum cəza verib. 2013-cü ildə azad edilməli olduğu halda 2012-ci ildə Lamiyə Quliyevaya qondarma cinayət işi başlayıblar. Təəssüf ki, həmin cinayət işi üzrə Lamiyə Quliyevanın həbs müddəti 5 il 6 ay artırılıb. Lakin bununla da ürəkləri soyumayıb. Lamiyə Quliyeva 2013-cü ildə yenidən şərlənib. Heç şübhə yoxdur ki, bu işin arxasında da Lamiyə Quliyevaya 10 il cəza verdirən şəxs dayanıb. Lamiyə Quliyevaya qarşı edilən qanunsuz hərəkətlərin, zorakılıqların araşdırılmasına ciddi ehtiyac var. İndiyə kimi onun üzləşdiyi proseslər deməyə əsas verir ki, bu iş sifarişlə aparılıb və sifarişin icrası bu gün də davam edir. Təsəvvür edin ki, Vüqar Əliyevin özü ilə bərabər 2 xalasını da 2003-cü ildə həbs edib 2 ay həbsdə saxlayıblar. Guya cinayəti bilib gizlədiblər. Yəni iş əvvəlcədən ssenari üzrə aparılıb.

- Ortada Aslan Aslanovun oğlunun qətlindən ötən 12 il ərzində L.Quliyeva və V.Əliyevdən intiqam almaqda davam etməsinə dəlalət edən məlumatlar var. Uşağın anadan olmasına yaradılan şərait onun sonradan qətlə yetirilməsinə hesablanmayıb ki? Yəni bu qisasçılığın sona çatdırılması üçün atılan addım ola bilər?

- Bir qadın məhkumun həbsdə ikən uşaq dünyaya gətirməsinə şərait yaradılması, uşağın o şəraitdə saxlanılması özü qisasdır. Lamiyə Quliyevaya, Vüqar Əliyevə qarşı baş verənlər, Quliyevanın qondarma ittihamla həbsdə saxlanması sübut edir ki, onlara qarşı olan şəxs intiqam hissi ilə yaşayır. Ondan hər şey gözləmək olar. Təsəvvür edin ki, Vüqar Əliyevin atası Turan İbrahimovun verilişinə gedərək onlara qarşı baş verənlərdən danışıb. Lakin həmin verilişin efirə getməməsi üçün ən müxtəlif yollara əl atılıb. Hətta Lamiyə Quliyeva cəzaçəkmə yerindən rəisin telefonu ilə Vüqarın atasına zəng edərək verilişin efirə getməsinin qarşısını almasını təkidlə ondan tələb edib. Aydındır ki, Lamiyə bunu öz xoşu ilə etməyib. Onu buna məcbur ediblər. Nəticədə veriliş efirə getməyib.

- Məsələnin ictimailəşməsindən 20 gün ötür. Bu vaxta qədər prokurorluğun bu məsələ ilə bağlı araşdırmalara başlaması haqda məlumat yoxdur. Sizin prokurorluğa müraciət etmək fikriniz var?

- Bəli. Aslan Aslanovun, onun V.Əliyevə qarşı qanunsuzluqlarda iştirak etmiş yaxınlarının və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət hazırlamışam. Həmin müraciəti Baş Prokurorluğa göndərəcəm. Bu adamlar Vüqar Əliyevə, Lamiyə Quliyevaya, onların valideynlərinə, yaxınlarına qarşı qanunsuzluqlarda iştirak ediblər. Aslan Aslanov özündən asılı olan şəxsləri çirkin niyyətlərində istifadə edib. Quliyevanın və Əliyevin həbsdə qaldığı hər gün yeni bir ədalətsizlikdir.

E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar