“ABŞ-Rusiya müharibəsi başlasa, bəşəriyyət məhv olacaq”
“Amerika başa düşür ki, Rusiya dünyanın ikinci nüvə ölkəsidir. Bu baxımdan heç zaman onunla açıq müharibə etməz. Bu müharibə başlayarsa, bəşəriyyət məhv olacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Rasim Ağayev ABŞ-Rusiya münasibətlərindən danışarkən belə deyib.
Onun sözlərinə görə, hazırki situasiyada ABŞ daha güclü görünür: “Putinin “Avrasiya İttifaqı” yaradacağı ilə bağlı başlatdığı kampaniya Qərbdə, xüsusən ABŞ-da böyük qıcıq doğurdu. Onlar dünyada yeni bir iqtisadi ittifaqın yaradılmasını həzm edə bilmədilər. Hazırda “Avrasiya İttifaqı” yalnız kağız üzərindədir. Amma ABŞ və Qərb Rusiyaya təzyiqləri dayandırmır. İqtisadi, informasiya, yeraltı müharibələr yolu ilə Rusiyanı çökdürməyə çalışır. Vaxtilə Sovet İttifaqının təcrübəsində bundan istifadə etdilər. O nəhənglikdə imperiyanı çökdürdülər. İndi Rusiya, İraq, Liviya və digər dövlətləri çökdürmək çətin olmayacaq. Amma bu müharibə yolu ilə olmayacaq. Çünki Rusiya ilə müharibə nəinki ABŞ-ın özünü, bütün bəşəriyyəti məhvə aparar. Hesab edirəm ki, bu münasibətlər fonunda dünyanı növbəti iqtisadi fəlakət dalğası bürüyəcək və bundan hamı, o cmlədən biz də əziyyət çəkəcəyik”.