Bir gün əvvəl - fevralın 4-də Yunanıstanın yeni hökumətində enerji və təbii ehtiyatlar naziri portfelini daşıyan keçmiş qatı kommunist Panayiotis Lafazanis Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “Socar Energy Greece”in baş icraçı direktoru Anar Məmmədovla görüşüb.
Virtualaz.org saytı xəbər vermişdi ki, bu görüşdə nazir Yunanıstanın solçulardan ibarət yeni hökumətinin Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsini ancaq bir şərtlə dəstəkləyəcəyini bildirib: Yunanıstan bu kəmərdən maksimum fayda götürsün.
Bu isə o deməkdir ki, son seçilərdə populist şüarlarla qalib gələn “SYRİZA” partiyasının formalaşdırdığı yunan hökuməti TAP kəmərinə dair 2013-cü ildə imzalanmış dövlətlərarası müqavilələrə yenidən baxacağı ilə hədələyir. Müqavilənin şərtlərinin dəyişdirilərək Yunanıstana çatacaq tranzit gəlirlərinə və bu ölkənin kəmər vasitəsilə alacağı qazın qiymətlərinə yenidən baxılmasına nail olmaq istəyir.
TAP Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan, başlanğıcını Xəzərdəki “Şahdəniz” yatağından götürən və Avropa üçün Rusiya qazından asılılığı azaltmaq üçün yeganə alternativ mənbə olan “Cənub qaz dəhlizi”nin bir hissəsidir.
Panayiotis Lafazanis
Bundan əvvəl Lafazanis Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisinin 400 milyon avroya SOCAR-a satılmasına dair bağlanmış müqaviləyə yenidən baxa biləcəklərini açıqlamışdı.
Nazir deyib ki, məsələyə dair Avropa Antiinhisar Komissiyasının rəyini gözləyirlər və sonrakı addımlarını bu rəyin əsasında atacaqlar.
Qeyd etmək lazımdır ki, Yunanıstanda hakimiyyətə gələn solçu-anarxistlər təkcə Azərbaycanla bağlanmış və Avropa üçün strateji əhəmiyyət kəsb edən enerji layihələrinə yenidən baxmaqla hədələmirlər. Yeni hökumət Yunanıstanı defoltdan xilas etmək üçün bundan əvvəl Avropa İttifaqının (Aİ) israrları ilə qəbul edilən 50 milyard avroluq özəlləşdirmə proqramından da imtina etdiklərini açıqlayıb. Bura Yunanıstanın dövlət enerji şirkətlərinin özəlləşdirilməsi də daxil idi.
Həmçinin solçuların hökuməti Yunanıstanın ölkənin ümumi daxili məhsulundan üç dəfə çox olan nəhəng xarici borclarının (bu borcların çoxunu Aİ ölkələri ayırıb) bir hissəsini ödəməkdən imtina edəcəkləri ilə hədələyir.
Yeni baş nazir Aleksis Tsipras xəbərdarlıq edib ki, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və Avropa Mərkəzi Bankından ibarət üçlük Yunanıstana ayrılmış yüz milyardlarla avro kreditin plan üzrə geri qaytarılacağına ümid etməsin. Baş nazir hədələyib ki, əgər “üçlük” Yunanıstanın borclarının bir hissəsini silməsə və yeni kredit tranşı açmasa, onlar pulu Rusiyadan götürmək haqda düşünəcəklər.
Məsələ burasındadır ki, “SYRİZA” partiyası seçkiləri məhz Rusiya ilə yaxınlaşmaq hədələri və donor “üçlük” qarşısında öhdəlikləri pozacağına dair populist şüarlarla udub. Yunanıstanda kommunist mənşəli solçuların hakimiyyətə gəlməsi Qərblə indiki qarşıdurma vəziyyətində Rusiya üçün göydəndüşmədir. Və onları qələbə münasibətilə ilk təbrik edənlərdən biri də prezident Putin olub.
Yunanıstanda solçuların seçkiləri udmasının Rusiya üçün müsbət nəticələri özünü çox gözlətməyib. Bu günlərdə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketini yenidən qüvvədə saxlamaq barədə qərar çıxarsa da məhz Yunanıstanın qoyduğu veto sayəsində yeni sanksiyaları həmin paketə daxil etmək mümkün olmadı.
Qərb analitiklərinin qənaətinə görə, Yunanıstan Avropa İttifaqı sıralarında Rusiyaya münasibətdə parçalanma yaradacaq və bu da Putinin işinə yarayacaq. Bundan əvvəl Brüssel Rusiyaya qarşı sanksiyalara mane olmağa çalışan bəzi Şərqi Avropa ölkələrini sərt ultimatumlarla yerində oturda bilirdi. Yunanıstan isə əsl başağrısı ola bilər.
Bəs Yunanıstanın yeni hökumətinin Rusiyaya simpatiyası ilə onun Azərbaycan qazına dair razılaşmalara yenidən baxacaqlarına dair şantajları arasında əlaqə varmı?
Belə görünür ki, var və söhbət Avropanı alternativ qaz təchizatı mənbəyinə çıxışını əngəlləməyə hesablanmış sistemli addımlardan gedir.
Ötən il dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ankaraya səfəri zamanı regionun enerji xəritəsini tamamilə dəyişdirən qərarını - “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığını və Rusiyadan Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni tutumda yeni qaz kəmərinin - “Türk axını”nın çəkiləcəyini elan etdi.
Artıq “Türk axını” layihəsinin marşrutu razılaşdırılıb və “Qazprom” Türkiyə tərəfi ilə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlamağa hazırlaşır. “Qazprom” elan edib ki, kəmər 3-4 ilə hazır olacaq və “Cənub axını” kəmərindən qaz almaq barədə müqavilə bağlamış Avropa ölkələri ləngimədən bu müddət ərzində Yunanıstan-Türkiyə sərhədinə qədər yeni kəmər infrastrukturu yaratmalıdır. Əks halda kəmərlə nəql olunacaq 63 milyard kubmetr qaz başqa bazarlara gedəcək.
Brüssel Rusiyanın bu hədələrinə hələlik ciddi yanaşmır. Hesab edir ki, Rusiyanın indiki iqtisadi vəziyyəti və dünya bazarlarında neftin ucuzlaşması qısa müddətdə belə böyük layihəni həyata keçirməyə imkan vermir. Lakin Rusiya enerji rəsmiləri tamamilə ciddi olduqlarını nümayiş etdirirlər.
Beləliklə, “Türk axını” göstərilən müddətdə reallaşsa, Rusiya qazı Azərbaycan qazından daha tez Türkiyənin Yunanıstan sərhədinə çıxacaq.
O zaman haqlı olaraq belə sual yaranır ki, Azərbaycan qazı eyni marşrut üzrə həmin məntəqəyə nəql olunacaq Rusiya qazı qarşısında rəqabətə davam gətirəcəkmi.
Əvvəlcə Türkiyənin hökumət rəsmiləri bildirdilər ki, “Türk axını” TANAP-a rəqib deyil, daha sonra öz şərhlərinə düzəliş verdilər və TANAP-la “Türk axını” arasında “sağlam rəqabətin başladığını” dedilər.
İndi isə Yunanıstanın yeni hökuməti TAP kəmərinə dair kommersiya şərtlərinə yenidən baxılmasını istəyir. Üstəlik DESFA-nın səhmlərinin satışından imtina edə biləcəyinə işarə vuraraq Azərbaycanın Yunanıstan bazarında qaz nəqli və satışındakı mövqelərini zəiflətməyə hazır görünür.
Bütün bunlar təsadüfdürmü? Belə görünür ki, təsadüf deyil və böyük enerji oyununda kimlərsə kartları qarışdırmaqdadır.
Əgər Yunanıstanın yeni hökuməti TAP kəmərinə dair hökumətlərarası razılaşmalara yenidən baxmaqda israr etsə, bu layihənin reallaşması istər-istəməz ləngiyəcək. Hətta ümumiyyətlə baş tutmayacaq.
O zaman Avropa İttifaqı buna necə reaksiya verəcək? Axı yunan anarxistlərinin bu populist tələbləri ilk növbədə Brüsseli şantaj etməyə hesablanıb?
Brüssel yunan anarxistlərinin Rusiyanın maraqları ilə uzlaşdırılmış bu enerji şantajlarına hələlik reaksiya verməyib. Azərbaycan da təmkinli davranır və Yunanıstanın yeni hökumətinin şərtlərinə Bakıdan rəsmən hər hansı şərh verilməyib./musavat.com/