Rusiya prezidenti Vladimir Putinin sağalmaz mərəzə, ağır onkoloji xəstəliyə düçar olduğu haqda söz-söhbətlər çoxdan dünya KİV-lərində dolaşır. Musavat.com mignews-a istinadən bildirir ki, bu günlərdə “USA Today” ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinadən bu xüsusda maraqlı məlumat əldə edib. Məlumat Rusiya liderinin şəxsiyyətinin unikal təhqiqatı barədədir.
Məlumata görə, təhqiqat 20-c əsrin ikinci yarısında işlənib hazırlanmış insanın hərəkətlərinin analizi metodikası əsasında aparılıb. “Hələ uzaq 2000-ci ildə başlanan araşdırmalara görə, Putində böyük ehtimalla, “Asperger sindromu” adlanan psixi xəstəlik var. Mütəxəssislər bunu autistik spektrə aid edirlər”, - deyə məxfi materialda qeyd edilir.
Təhqiqatın rəhbərlərindən olan Brend Konnorsa məxsus sənədlərinin birində bu xüsusda deyilir: “Vladimir Putində olan psixopatologiya hələ o, ana bətnində olarkən aldığı travma nəticəsində yaranıb. Travma nəticəsində onun mərkəzi və periferik sinir sistemləri, habelə bədənin sağ tərəfinin (baş, döş qəfəsi, əllər və ayaqlar) motorikası, həmçinin baxış, eşitmə, səs, mikromimika və ümumi emosional reaksiya qabiliyyəti zədələnib. Əlbəttə ki, daha dəqiq diaqnoz üçün beynin tomoqrafiyasını həyata keçirmək lazımdır”.
Lakin artıq əldə olan praktik nəticələr əsasında alimlər bu qənaətə gəliblər ki, Putinlə uğurlu qarşılıqlı münasibət qurmaq üçün onunla görüşü sakit şəraitdə keçirmək lazımdır, çünki “onun davranışı və mimikası çoxsaylı insanların fonunda özünümüdafiə mövqeyi tutan adama uyğun gəlir”.
Musavat.com